Məhkəmə qərarları › İş №2(004)-5181/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5181/2020

23.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5181/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X4, Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “xxxx” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, rəyin etibarsız hesab edilməsi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxxxx 2020-ci il tarixli 686/076/Ç nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək, “xxxx” MMC-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli rəyin etibarsız hesab edilməsi, Cavabdeh-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 686/076/Ç saylı "Əmək müqaviləsinə xitam verilməsinə dair" əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, həmçinin mənəvi zərərə görə 100 000 manatın, şəxsiyyətini ləkələyərək onu iş kollektivində heç bir əsas olmadan dələduz adlandığına görə bu barədə yazılı təkzibin verilməsi, ödənilmiş 30 manat məhkəmə və 12 manat etibarnaməyə görə dövlət rüsumlarının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsinə dair" Əmrinə əsasən onunla şirkət arasında xx xxxx 2013cü il tarixində bağlanmış 686/4 saylı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Aşağıdakılara əsasən həmin əmri qanunsuz hesab edir. Belə ki, iddiaçı 22 ildir ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışır, xx.xx.2006-cı il tarixli əmrlə isə menecer müavini vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə tam maddi məsul işçi olaraq hər hansı bir nöqsana yol verməmiş və otel rəhbərliyi tərəfindən cəzalandırılmamışdır. 2016-cı ilin aprel ayında Cavabdeh şirkətinə yeni təyin olunmuş Valter Qaq işlədiyi şöbədə iddiaçı və mencer vəzifəsində çalışan Bəhram Makinski ilə şəxsi qərəzlilik aparmağa başlamışdır. Belə ki, Valter onların işdən çıxmaqlarını tələb etmiş və bizi 2017-ci ildə ixtisara salmağa cəhd göstərmişdir. Buna səbəb onların yerinə öz adamlarını təyin etmək istəməsi olmuşdur. X16 buna nail ola bilməmiş, onun anasının dializ xəstəsi olduğundan onu ixtisara sala bilməmişdir. Lakin o, öz yaxın adamlarına göstəriş verərək onların işlədiyi şöbəni daimi nəzarətdə saxlamaq barədə göstəriş vermişdir. Həmin vaxtdan onların şöbəsi nəzarət altındadır və Vergilər Nazirliyi, daxili və xarici audit tərəfindən dəfələrlə yoxlamalar aparılmış lakin heç bir nöqsan aşkar edilməmişdir. Buna baxmayaraq 2020-ci ilin iyun ayın 16-da şirkətin rəhbəri Valter onları kadrlar şöbəsinə dəvət etmiş, orada ona ixtisar sənədlərini göstərərək həmin sənədləri imzalamalarını tələb etmişdir. Bu zaman iddiaçı və X15 etiraz edərək şöbəni ixtisara salmamasını və şöbənin şirkətə xeyir verdiyini demişlər. Lakin Valter qərarını şirkətin rəhbəri olaraq artıq qəbul etdiyini və onlara ixtisara salacağını bildirmişdir. Bu barədə onlara bildiriş xəbərdarlıq da verilmiş və onlar həmin gündən etibarən oteldən Valterin qanunsuz qərarına əsasən uzaqlaşdırılmışlar. Valterin bu qanunsuz qərarından onlar nümayəndəliyin İsveçrə dövlətində yerləşən baş ofisinə şikayət etmişlər. Baş ofisdən alınmış cavabda onlara bunun müqabilində kompensasiya ödəyəcəklərini söz vermişlər. Bundan sonra Valter Qaq onları ümumiyyətlə otelə buraxmamış, oteldə istifadə etdikləri mobil nömrələri, ofisin açarlarını onlardan məcburi almış və bir daha onlardan otelə gəlməməklərini tələb etmişdir. Onlar bu barədə şikayət edəcəklərini bildirmişlər. İddiaçının şirkətdə işlədiyi müddətdə hər hansı bir maliyyə uyğunsuzluğu olmamışdır. Buna baxmayaraq, Valter Qaq onlara kompensasiya verməməsi üçün onlar barəsində polisə həqiqətə uyğun olmayan qərəzli və əsassız şikayət vermişdir. Yasamal RPİ-nin xx.xx.2020-ci il tarixli qərarına əsasən Valter Qaqın verdiyi şikayət əsassız olduğundan rədd edilmişdir. Bundan sonra o iddiaçını xx xxxxxx 2020-ci il tarixli 686/076/Ç saylı "Əmək müqaviləsinə xitam verilməsinə dair” əmrinə əsasən işdən qanunsuz azad etmişdir. Bunu edərkən isə iddiaçının izahatı belə alınmamışdır. Əmrdən iddiaçının hansı əsasla işdən azad olunmağı məlum olmamışdır. Cavabdeh iddiaçının maliyyə yeyintisində günahlandırsa da bu ağ yalandır. İddiaçı tərəfindən vəzifə təlimatının heç bir pozuntusuna yol verilməmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Agent arasında xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Agent müştərini şöbəyə yönəldir, orada müştəri ilə kirayə müqaviləsi imzalanır. Maliyyə şöbəsində həmin müqavilə yoxlandıqdan sonra Agentə müştəri kirayə haqqından otelə ödədiyi puldan komission xərcləri ödənilir. Bundan sonra Agent həmin pulu öz hesabından çıxarır və bununla da müqaviləyə əsasən qazanc əldə edir. Agentin hər hansı bir qanunsuz işi olmayıb və bunun da bizə heç aidiyyatı yoxdur. Valter Qaqın bu cür qərəzli şikayət etməsinə səbəb onun kompensasiya verməmək və onların adına ləkə gətirmək niyyətinin olmasıdır. Cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi kimi onun ailəsində də söz söhbətlər yaranmış və sonda ailəsı dağılmış onlar ayırmışlar. Övladlarından ikisi onlardan biri məktəb yaşına çatmayan olmaqla iddiaçının himayəsində qalmışdır və hazırda iddiaçı uşaqlara təkbaşına baxmaq məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 izahat verərək bildirir ki, iddiaçının izahatını təsdiq edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddianı qəbul etmir və qeyd edir ki, iddiaçı ilə cavabdeh şirkət arasında xidmət müqaviləsi bağlanıb. Müştərilər əgər agent vasitəsilə otelə gəlsələr otel onlara müştəri cəlb etdiyinə görə faiz ödəyirdi. Ancaq müştəri özü gələndə faiz ödənilmirdi. Ancaq iddiaçı və daha 2 nəfər bir olub birbaşa otelə gələn müştərini agent vasitəsilə gələn kimi qeyd edərək öz hesablarına pul köçürmüşlər. Audit rəyinə əsasən iddiaçı və digər 2 nəfər cavabdehə 53 min manat ziyan vurub. Prokurorluqda dindirilmiş müştərilərin dediyinə görə onlar agent tanımır, özləri otelə gəlmişlər. Bəzi xarici müştərilərlə isə email vasitəsilə məlumat əldə edilmişdir. Əlavə olaraq bildirir ki, cinayət işinin başıanmasının rədd edilməsi haqqında qərardan apelyasiya şikayəti verib. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili X5 izahat verərək bildirir ki, 3 il ərzində 3 dəfə auidit keçirilmişdir. Onların əvvəlki audit rəyinə baxmağa səlahiyyəti yoxdur. Həmin rəylərdə bu şəxslərin pozuntularının aşkar olunmağı barədə məlumatı yoxdur. Maliyyə müdiri Aleksey Popovun izahat verməməsi və ölkədə olmaması problem deyil, çünki bu işlər elektron imza ilə olur. Onlara verilən məlumatların həqiqəti əks etdirməsi üçün elektron imzanın olması lazımdır. Müştərilər telefonla özləri əlaqə saxlaya bilərlər. xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətin audit yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Yoxlama təqdim edilmiş sənədlərə əsasən aparılmış, yoxlama nəticəsində sifarişçinin icarə obyektlərindən əldə edilən vəsaitlər, onların müqavilə üzrə xidmətlər üçün (X3 münasibətdə) yönəldilməsi ilə bağlı maliyyə göstəriciləri müəyyən edilmiş və qiymət verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubuna əsasən o, ştat vahidinin ixtisarı ilə bağlı imzalanmış 686/4 saylı, xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xəbər müddəti nəzərə alınaraq xx.xx.2020-ci il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli, 686/076/Ç saylı işdən azad edilmə haqqında əmrin təsdiq olunmuş surətinə əsasən İddiaçı və şirkət arasında xx xxxx 2013-cü il tarxdə bağlanmış 686/4 saylı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən son haqq-hesab müvafiq qaydada ödənilməklə xitam verilmişdir. Yasamal rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və X6 barəsinə cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarında olan Yasamal rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən X6 izahatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə onunla Cavabdeh şirkəti arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Xarici vətəndaşlara xidmət göstərən agentlər adətən birbiri ilə əlaqə saxlayaraq müştərilər üçün mənzil və ofis axtarırlar. Şirkət və ya hansısa təşkilatın nümayəndəsi onun adından hər hansı otelə gedirsə həmin şirkət və təşkilatdan gələcək bütün müştərilərinin gəlirlərindən ona faiz verilir. O, qeyd edilən müştərilərin demək olar ki, əksəriyyətini görməsə də hansısa başqa agentlər, şəxsi tanışları və ya həmin şirkətlərin nümayəndəsi vasitəsilə onunla əlaqə saxlanılmış və həmin müştəriləri “Hayat Regency” otelinə yönəltmişdir. Həmin danışıqlar şifahi qaydada aparıldığı üçün müştərini otelə göndərdiyi zaman hər hansı rəsmi qeydiyyat aparılmır. Xidmət göstərməsi müqabilində “Hayat Regency” otelindən əldə etdiyi qazancdan B.Makinskiyə və İddiaçı hər hansı məbləğdə pul vəsaiti verməmiş, ümumiyyətlə bununla bağlı onlar arasında heç bir söhbət olmamışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli müstəqil audit rəyinə əsasən audit yoxlamasına təqdim edilmiş müqavilələr və həmçinin Elmar Mustafayevlə bağlı xidmət müqaviləsinin, həmçinin bunlarla əlaqəli sənədlərin araşdırılmasına qeyd olunan müqavilələrin icraçı Elmar Mustafayevin xidməti ilə əlaqəsi (icarəyə götürənin tapılıb, təqdim edilməsi) müəyyən edilmir. Əksinə icarəçi olan müqavilə tərəfi rəsmi email yazışmalarından, yuxarıda qeyd olunan 9 (doqquz) ilkin müqavilə üzrə icarəyə götürənin Elmar Mustafayevlə və digər bir üçüncü şəxs vasitəsi ilə icarə müqaviləsinin bağlandığı halın mövcudluğu imtina edilmiş, icarənin birbaşa icarə verənin özünə gəlməklə, vasitəçisiz bağlandığını təsdiqləmişlər. Bunlarla da nəticə etibarı ilə qeyd olunan müqavilələr əsasında xidmət haqqı qismində tələb olunmuş və ödənilmiş 53.844,00 manat məbləğ, sifarişçi Cavabdeh Şirkəti ilə X6 arasında mövcud olmuş xidmət müqaviləsindən kənar (yəni faktiki xidmət mövcud olmadan) ödənilmişdir. Qeyd olunan 53.844,00 manat məbləğ və onun köçürülməsi ilə bağlı bank xidmət və faiz məbləğləri ilə birgə Cavabdeh Şirkəti ziyan etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaziyeva Xalidə Rövşən qızı ifadəsində bildirir ki, o, İtoçi Oil Azərbaycanın baş mühasibidir. Sentyabr ayında prokurorluqda verdiyi izahatları təsdiqləmək üçün buradadır. X10 Company-nin və onların direktoru qol çəkib. İşlədiyi vaxtdan əvvəlki dövrə aid məlumatları yoxdur. İtoçi kompany baku hotellə 1998-ci ildən əməkdaşlıq edir. Agentlə otel arasında münasibət barədə məlumatı haqqında heçnə deyə bilmir. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı Cavabdeh”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində İqamətkahlara xidmət şöbəsində menecer assistenti vəzifəsində çalışmışdır. Onunla əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Onunla əmək müqaviləsinə xitam verilərkən “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli müstəqil audit rəyi əsas götürülmüşdür. İddiaçının tələbi audit rəyinin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair" əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, həmçinin mənəvi zərərə görə 100 000 manatın, şəxsiyyətini ləkələyərək onu iş kollektivində heç bir əsas olmadan dələduz adlandığına görə bu barədə yazılı təkzibin verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmr aşağıda qeyd edilənlərə görə ləğv edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı ştat vahidinin ixtisarı əsası ilə onunla əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə onunla əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi isə audit rəyinə əsasən onun tərəfindən işəgötürənə maddi ziyan vurulması olmuşdur. Lakin qeyd edilə audit rəyinə nəzər saldıqda müəyyən olunur ki, audit rəyində Elmar Mustafayevlə bağlı xidmət müqaviləsinin, həmçinin bunlarla əlaqəli sənədlərin araşdırılmasına qeyd olunan müqavilələrin icraçı Elmar Mustafayevin xidməti ilə əlaqəsinin (icarəyə götürənin tapılıb, təqdim edilməsi) müəyyən edilmədiyi, 53.844,00 manat məbləğ, Sifarişçi Cavabdeh Şirkəti ilə X6 arasında mövcud olmuş xidmət müqaviləsindən kənar ödənildiyi qeyd edilmişdir. Yasamal rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, X6 izahatında bildirmişdir ki, danışıqlar şifahi qaydada aparıldığı üçün müştərini otelə göndərdiyi zaman hər hansı rəsmi qeydiyyat aparılmamışdır, lakin onun tərəfindən xidmət göstərilmiş, xidmət göstərməsi müqabilində “Hayat Regency” otelindən qazanc əldə etmiş və bu qazancdan İddiaçı hər hansı məbləğdə pul vəsaiti verməmişdir. İş materiallarında olan rəsmi sənədlərlə də müəyyən olunur ki, xidmət göstərilməsi müqabilində pul X2 hesab kartına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən işəgötürənə maddi ziyan vurulması iş materialları ilə sübut olunmur. AR Əmək Məcələsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçı, həmçinin audit rəyini etibarsız hesab edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən audit rəyi təqdim edilmiş sənədlər əsasında verilmiş rəydir. Məhkəmə hesab edir ki, audit rəyinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bundan əlavə, işəgötürən tərəfindən iddiaçının dələduz adlandırılması, şərəf və ləyaqətinin ləkələnməsi iş materialları ilə sübut olunmur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli qərarında Plenum qeyd etmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi yuxarıda göstərilən qərara əsasən, şərəf və ləyaqətə toxunan məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması, şəxsin şərəf və ləyaqətini, nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilmir və belə məlumatlar yalnız kütləvi informasiya vasitələrində yayıldıqda mülki məsuliyyət yarada bilər. İddiaçı etibarnaməyə görə ödənilmiş 12 manat məbləğində pul tələb etsə də iş materiallarına bununla bağlı heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxxxx 2020-ci il tarixli 686/076/Ç nömrəli əmr ləğv edilməli, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxxxx 2020-ci il tarixli 686/076/Ç nömrəli əmr ləğv edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar