Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5185/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 (on altı min) ABŞ dolları məbləğində əsas pulun ekvivalenti kimi 27200 (iyirmi yeddi min iki yüz) manat, ödənişin gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsini əsas götürməklə 1360 (bir min üç yüz altmış) manat faiz, ödənilmiş dövlət rüsumunun əvəzi olan 180 (yüz səksən) manat və hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “pul” tələbinə dair iddiasının iddia müddəti tətbiq olunaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. 1995-ci ildən etibarən Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Cavabdeh onun əmisi oğludur. 2014-cü ildə Rəşad ona zəng edib Bakı şəhərində reklam işləri ilə məşğul olduğunu, ona təcili pul lazım olduğunu bildirmiş, ondan borca pul istəmiş və tezliklə qaytaracağını bildirmişdir. O, bu məqsədlə 2014-cü ilin dekabr ayından başlayaraq bank (“Zolotaya Korona”) vasitəsilə cavabdehə hissə-hissə 16000 ABŞ dolları məbləğində pul göndərmişdir.Lakin bundan sonra cavabdeh onun pullarını özünə qaytarmaq istəməmiş, müxtəlif bəhanələr gətirməklə pullarını qaytarmaqdan yayınmış, telefon zənglərinə də cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət qərarına gəlmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh ona bildirirdi ki, hətta evini və yoldaşının torpağını satmalı da olsa pulu qaytaracaqdır. Cavabdeh əgər ona pul göndəribsə, göndərmə ilə bağlı sənədlər yüz il arxivdə saxlanılır, gətirsin sübut etsin. Suala cavab olaraq bildirir ki, pulu 6 aya qaytarmalı idi. Pulları 2014-cü ildən, 2015-ci ilə qədər göndərmişdir. Cavabdeh pulları 2015-ci ilin axırı qaytarmalı idi. Cavabdeh ona heç nə qaytarmamışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddiaçı ilə aralarında iş qurmuşlar və şərik olmuşlar. İddiaçının bildirdikləri böhtan və şərdir. Qurduqları işdən iddiaçı mənfəət və xeyir də götürmüşdür. Rusiyadan Azərbaycana qayıtdıqdan sonra isə 1 həftədən sonra ona bildirmişdir ki, getmək istəyir, nə varsa satsın, onun pulllarını qaytarsın. İddiaçı ona təkid etdiyi üçün o da satmış, nə pul var idisə vermişdir. O, iddiaçıya Rusiyaya pullar da göndərmişdir, lakin banklara müraciət etsə də artıq həmin sənədlər qalmamışdır. O, pulu qaytarandan sonra iddiaçı onu 2016-cı ildə məhkəməyə vermişdir. Sonra iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmədən sonra da 6 il ərzində iddiaçı Rusiyada olub. İddiaçıya pul verilib ki, iddiaçı 6 il ərzində ondan heç nə tələb etməmişdir, danışmamışlar və heç bir münasibətləri də olmamışdır. İndi də gəlib onun üstünə böhtan və şər atır. O heç vaxt iddiaçıya deməmişdir ki, nəyi isə sataraq, ona qaytaracaq. İddiaçı ilə onun heç bir müqaviləsi olmamışdır. Suala cavab olaraq bildirir ki, o, 2016-cı ilə qədər iddiaçının pulunu vermişdir. İddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli bəyanata əsasən İddiaçı tərəfindən Cavabdeh “Zolotaya Korona” pul köçürmə xidməti vasitəsilə ********* köçürmə nömrəsi ilə 3300 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli bəyanata əsasən İddiaçı tərəfindən Cavabdeh “Zolotaya Korona” pul köçürmə xidməti vasitəsilə ********* köçürmə nömrəsi ilə cəmi 5000 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli bəyanata əsasən İddiaçı tərəfindən Cavabdeh “Zolotaya Korona” pul köçürmə xidməti vasitəsilə ********* köçürmə nömrəsi ilə cəmi 3000 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli bəyanata əsasən İddiaçı tərəfindən Cavabdeh “Zolotaya Korona” pul köçürmə xidməti vasitəsilə ********* köçürmə nömrəsi ilə cəmi 4700 ABŞ dolları məbləğində pul göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, cavabdehin qardaşı, iddiaçının isə əmisi oğludur. O nə qardaşının, nə də əmisioğlunun tərəfində deyil. Agah olduğu məsələləri məhkəmə zalında bölüşmək istəyir. Polad Rəşaddan xahiş etmişdir ki, Bakıda iş qursunlar. Qardaşı da qohum olduğu üçün təkliflə razı olmuşdur. Göndərdiyi pul ilə obyekt açmış, avadanlıq almışdır. Alınan malların qəbzləri və fakturası da var idi. Rəşad işi qurdu. O özü də gedib baxmışdır. Polad isə Moskvadan gəlməmişdir. Moskvadan gələndən sonra özü də gedib dükana baxmış, bəyənmiş, xoşuna gəlmişdir. Sonra Poladın fikri dəyişmişdir. Axşam tərəfi idi, maşında oturanda Polad qardaşına bildirmişdir ki, Bakıda qalmaq istəmir. Obyektə nə xərc çəkibsə satsın və onun pulunu qaytarsın, o, Moskvaya qayıdır. Qardaşı da əsəbiləşmiş, işi saxlamış, nə alınmışdırsa hamısını qaytarmış, satmış və pulunu Polada vermişdir. Pulun qaytarıldığını ona qardaşı demişdir. Sonradan qardaşı ona dedimişdir ki, Polad onu məhkəməyə vermişdir. Onlar da məhkəməyə gəlmişdir, gözləsələr də Polad gəlməmişdir və iş baxılmamış qalmışdır. Sonra xəbər tutmuşlar ki, Polad Moskvaya qayıtmışdır. 2016cı ildən Moskvaya gedən gündən isə heç bir əlaqə saxlamamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçının bildirdiyinə əsasən tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Cavabdeh borcunu 2015-ci ilin sonu qaytarmalı idi. İddiaçı tərəfindən cavabdehə 16000 ABŞ dolları məbləğində pulun göndərilməsi qəbzlərlə öz təsdiqini tapır. Cavabdeh isə pulun qaytarılmasını mötəbər sübutlarla təsdiq edə bilmir. Cavabdeh tərəfdən məhkəmə iclasında iştirak edən şahid cavabdehin qardaşı olmaqla pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasının bilavasitə şahidi olmadığını qeyd etmişdir. Cavabdeh hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə vermişdir. Borcun qaytarılması müddəti iddiaçının bildirdiyinə görə 2015-ci ilin sonuna razılaşdırılmışdır. Həmin dövrdən 6 ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti keçdiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli dəyişikliyə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı 16000 (on altı min) ABŞ dolları məbləğində əsas pulun ekvivalenti kimi 27200 (iyirmi yeddi min iki yüz) manat, ödənişin gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsini əsas götürməklə 1360 (bir min üç yüz altmış) manat faiz, ödənilmiş dövlət rüsumunun əvəzi olan 180 (yüz səksən) manat və hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 16000 (on altı min) ABŞ dolları məbləğində əsas pulun ekvivalenti kimi 27200 (iyirmi yeddi min iki yüz) manat, ödənişin gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsini əsas götürməklə 1360 (bir min üç yüz altmış) manat faiz, ödənilmiş dövlət rüsumunun əvəzi olan 180 (yüz səksən) manat və hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-5185/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5185/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver