Məhkəmə qərarları › İş №2(004)-520/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-520/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-520/2022 30.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10.02.2021-ci il tarixli podrat müqaviləsinə əsasən müqavilə üzrə razılaşdırılmış təmir işlərinin görülməsinə dair 04 noyabr 2021-ci il tarixli akta əsasən 2468 manatın, 08.11.2021-ci il tarixədək 800 manat cərimənin, əlavə olaraq 08.11.2021-ci il tarixdən 05.03.2022-ci il tarixədək 2468 manat borcun ödənilməməsinə görə 4 ay üçün hər ay 10% olmaqla (987,20 manat) cərimənin, ümumilikdə 1787,20 manat cərimənin, qüsurların aradan qaldırılmamasına görə 100 manat ödəniş, həmçinin məhkəmə üçün çəkilmiş xərclərin (iddia ərizəsinin hazırlanmasına görə) 40,4 manat və dövlət rüsumunun ödənilməsinə görə 55,4 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10.02.2021-ci il tarixli podrat müqaviləsinə əsasən cavabdeh Bakı şəhəi Xətai rayonu, Gəncə prospekti, 60C, M12, m3 ünvanda yerləşən 65 kv.m ölçüdə olan mənzili 13 000 manat dəyərində 3 ay müddətində əsaslı təmir etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təmir işlərinin dəyəri və əlavə olaraq cavabdehin kifayət qədər vəsaiti olmadığından və təmir işlərinin tez başa çatması üçün əlavə olaraq 2468 manat ödənilməsinə baxmayaraq, təmir işləri halhazıradək tamamlanmamış və bəzi qüsurlar aradan qaldırılmamışdır. Cavabdeh tərəfindən təmir işləri vaxtında bitirilmədiyinə görə iddiaçı 3 ay müddətində kirayədə qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən tərtib olunmuş akta əsasən cavabdeh iddiaçı tərəfindən ödənilən xərclərin, yəni 2468 manatın, bundan əlavə iddiaçıya vaxtında borcunu ödəmədiyi üçün 800 manat məbləğində cərimənin, hər ay ödənilməyən borcun 10 faizi məbləğində cərimənin və mənzildə qalmış cavabdeh tərəfindən aradan qaldırılmamış qüsurlara görə 100 manat məbləğinin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçı tərəfindən iddia ərizəsinin tərtib olunması üçün 40 manat xidmət haqqı və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1. -ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1. -ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1. -ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 764.2. -ci maddəsinə əsasən sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 10.02.2021-ci il tarixli, 189/2021 saylı podrat müqaviləsinin 4.2-ci bəndinə əsasən: Göstərilən Xidmət(lər)də qüsur, nöqsan və ya çatışmazlıqlar aşkar olunarsa, bu barədə müvafiq akt tərtib edilməklə “Sifarişçi” “podratçı”dan onların aradan qaldırılmasını və ya xidmət(lər)in yenidən göstərilməsini tələb edə bilər. Qüsur, nöqsan və ya çatışmazlıqların aradan qaldırılması və ya Xidmət(lər)in yenidən göstərilməsi üçün Tərəflərin qarşılıqlı razılığı ilə müddət təyin edilir. Bu müddət qurtardıqdan sonra həmin qüsur, nöqsan və ya çatışmazlıqlar tamamilə aradan qaldırılmazsa, “Sifarişçi” bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İşdə olan 10.02.2021-ci il tarixli, 189/2021 saylı podrat müqaviləsi üzrə razılaşdırılmış təmir işlərinin görülməsinə görə dair 04.11.2021-ci il tarixli akta əsasən: Biz aşağıda imza edənlər: Tərəflər arasında bağlanmış podrat müqaviləsini əsas götürüb, '‘Sifarişçi” -fiziki şəxs, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (AZE № 0*******) bu Aktı tərtib edirik ondan ötrü ki, '‘Sifarişçi” yə məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M12, m3 ünvanında yerləşən 65 kv. metrlik mənzildə təmir işlərinin gedişatında ''Sifarişçi" nin öz hesabına materiallar və aksessuarlar alması ilə əlaqədar olaraq ‘‘Sifarişçi” tərəfindən ödənilən xərclərin - 2468 manat “Podratçı” tərəfindən 7 gün müddət ərzində ödənilməsi öhdəliyə götürülür, bundan əlavə olaraq "Podratçı” vaxtında borcunu ödəmədiyi üçün “Sifarişçi”yə 500 AZN (beş yüz manat) məbləğində cərimə şəklində 7 gün müddət ərzində ödəməlidir. Ümumi məbləğ 2968 manat “Podratçı” tərəfindən “Sifarişçi”yə 08.11.2021-ci il tarixinə qədər ödənilməlidir. “Podratçı” vaxtında ödəmədiyi təqdirdə “Sifarişçi”yə əlavə olaraq əvvəlki ayın (Oktyabr) cəriməsini 300 manat və hər ay qalmış məbləğin 10%-ni cərimə şəklində 'Podratçı”dan ödənilməsini tələb etmək hüququna malikdir. “Podratçı” isə bu tələbi yerinə yetirməyə borcludur. 10 Fevral 2021-ci il tarixli Podrat Müqaviləsi № 189 / 2021- 4.2. bəndinə əsasən aşağıda qeyd olunan qüsur, nöqsan və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra və ödəniş tam şəkildə ödənildikdən sonra mənzilin təmir işlərinin yekunlaşdırılması sayılır. - Hamamda bəzi qüsurlar aradan qaldırılmayıb. (Arkanın arxa hissəsi və elektrik yuvaları zədəli olaraq qalıb, ventilyatorun quraşdırılması, hamamda suyun qarşısının alınması üçün mərmərlərin yerləşdirilməsi, tavanın kənarlarının düzəldilməsi tamamlanmayıb). Qeyd olunan qüsurlar “Podratçı” tərəfindən 10 gün ərzində aradan qaldırılmalıdır. Bu qüsurlar "Podratçı” tərəfindən aradan qaldırılmadığı zaman “Podratçı” “Sifarişçi"yə 100 manat ödəniş etməlidir…” Beləliklə məhkəmə hesab edir ki, tədqiq edilmiş sübutlarla iddia tələblərini əsaslandırdığı hallar, yəni cavabdehin podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, təmir işlərinin müəyyən nöqsanlarla görülməsi, nöqsanların aradan qaldırılmaması, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə 2468 manat məbləğinin ödənilməsi, həmin məbləğin vaxtında ödənilməməsinə görə cavabdehin cərimə ödəməyi öhdəsinə götürməsi təsdiq edildiyindən iddia əsaslıdır və təmin edilməildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri, yəni iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş xidmət haqqı, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya öədinilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh MMC-dən 2468 manat əsas borc, 1787,20 manat cərimə, qüsurların aradan qaldırılmamasına görə 100 manat, iddia ərizəsinin hazırlanmasına görə 40 manat xidmət haqqı, 0,4 manat bank xidmət haqqı, 55,4 manat dövlət rüsumu, cəmi 4451 (dörd min dörd yüz əlli bir)manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar