Məhkəmə qərarları › İş №2(004)-5204/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-5204/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5204/2023 23.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödədiyi 1360 (min üç yüz altmış) manat, əlavə olaraq ödədiyi 1000 (min) ABŞ dolları ekvivalentinin və 52 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3112 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh MMC-dən 1360 (min üç yüz altmış) manat, əlavə olaraq ödədiyi 1000 (min) ABŞ dolları və 52 manat dövlət rüsumu məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, o, ABŞ -nın “Green Card” layihəsində iştirak edərək qalib olmuşdur. Bu səbəbdən sənədlərin hazırlanması, viza dəstəyi üçün səfirliyə təqdim edilməsi və sair kimi proseslərin həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə xidmət haqqı olaraq 1360 manat cavabdeə ödəniş etmişdir. Daha sonra bank hesabında pul olmalıdır bəhanəsi ilə ondan daha 1000 ABŞ dolları məbləğində ödəniş alınmışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən, sifarişçidən asılı olmayan səbəbdən səfirlik sifarişçini görüş üçün dəvət etmədiyi təqdirdə sifarişçi tərəfindən ödənilmiş məbləğ tam şəkildə icraçı tərəfindən sifarişçiyə geri qaytarılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı səfirlik tərəfindən görüş üçün bir dəvət almamışdır. Bu barədə cavabdehə dəfərlərlə müraciət etsə də, müxtəlif bəhanələrlə onu susdurmağa çalışmışlar. Müqavilənin müddətini xx.xx.2023-cü il tarixədək olduğunu bildirərək gözləməyi tələb etmişlər. Bu gün artıq həmin müddət də bitmiş, lakin hələ heç bir nəticə olmamışdır. Nə səfirlik onu görüşə çağırır, nə də ki cavabdeh onun ödədiyi xidmət haqqını qaytarmır.Cavabdehə ümumilikdə 3060 manat ödəniş etmişdir. İddianin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə əsasən “Greencard” xidmətinin göstərilməsini Cavabdeh MMC-yə həvalə edir. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmətin dəyəri 1360 manat təşkil edir və müqavilə 5.1-ci bəndinə əsasən 01 oktyabr 2023-cü il tarixinədək qüvvədədir. Müqavilənin 4.4-cü bəndinə əsasən sifarişçinin səfirlik görüşü çün sıra çatmaması və dolayısı ilə səfirlik görüşünün təyin olunmaması halında icraçı ödənilmiş məbləği tam formada geri qaytaracaqdır. İş materialarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ƏXZ/1 868699 nömrəli qəbzə əsasən 680 manat, xx.xx.2022-cİ il tarixli, ƏXZ/2 388217 nömrəli qəbzə əsasən 680 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 1000 ABŞ dolları İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında sadə yazılı qaydada bağlanmış xidmət müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı 1360 manat və 1000 ABŞ dolları ödəniş etmiş, lakin cavabdeh razılaşdırılmış qaydada müəyyən edilmiş müddət ərzində iddiaçıya xidmət göstərməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 1360 manat və 1000 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 52 (əlli iki) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1360 (min üç yüz altmış) manat və 1000 (min) ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 52 (əlli iki) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar