Məhkəmə qərarları › İş №2(004)-522/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-522/2024

22.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-522/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X3 Kompleksi” MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 Kompleksi” MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “X3 Kompleksi” MMC-nin X2 və X1 Aqrotexniki təminat və nəqliyyat bölməsində traktorçu vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 2023-cü ilin sentyabr və oktyabr ayları üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 2014-cü ildən etibarən “X3 Kompleksi” MMC-nin X2 və X1-Aqrotexniki təminat və nəqliyyat bölməsində traktorçu peşəsində çalışmışdır. Hər zaman öz işinə vicdanla yanaşmış və üzərinə düşən öhdəlikləri layiqincə icra etmişdir. Bu səbəbdən müəssisədə çalışdığı illər ərzində intizam məsuliyyətinə cəlb edilməmişdir. Lakin “X3 Kompleksi” MMC-nin direktor müavini İlqar Rzayev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli K-1-10-2023 nümrəli “Əmək müqaviləsinin ləğv olunması haqqında” əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrdə qeyd edilir ki, guya o, xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində “Landini” markalı ** AB *** dövlət qeydiyyat nişanlı traktorun GPS trekerinə müdaxilə edərək qazanc məqsədilə şum işləri aparan zaman “Azərpambıq ASK”-nin Təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmış və törətdiyi əməli etiraf etmişdir. Bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə əsasən işəgötürən, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bəhanəsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən onu azad etmişdir. Qeyd olunanlar tamamilə yalan və uydurmadır. Əgər o, əmək müqaviləsinin tələblərinə zidd olaraq kənar ərazlərdə şum işləri aparıbsa bunu təstiq edən sübutlar - foto-video görüntülər niyə yoxdur? Əmrin verilməsinə əsas “Təhlükəsizlik şöbəsinin müvafiq aktı və Sabirabad PİTM filialının təhriri-məruzəsi” qeyd olunmuşdur. Demək ki, bir işçinin əmək fəaliyyətinə son qoymaq üçün saxta bir akt və məruzə kifayət edirmişdir. Ona 2023-cü ilin mart ayından avqust ayına kimi olan müddətdə 2 ədəd su nasosu təhkim edilmişdir. Pambığın suvarılması üçün hər gün iki dəfə su nasoslarına yanacaq aparırdı. xx.xx.2023-cü il tarixdə saat 20:40-da su nasoslarına yanacaq aparan zaman yolda onu saxlatmışlar. “X3 Kompleksi” MMC-nin təhlükəsizlik əməkdaşları ondan haraya getdiyini və GPS niyə işləmədiyini soruşmuşlar. O, traktoru söndürdüyü üçün GPS göstərməmişdir. Orada akt yazmışlar və o, imza etmişdir. O, aktı oxumadan imzalamışdır. Sonra su nasoslarına yanacaq aparmışdır. O, GPS-i söndürməmişdir. Çünki, plombları qırmadan GPS ayırmaq mümkün deyildir. İki gün sonra ondan izahat almışlar. Ona bildirmişlər ki, aktda yazıldığı formada izahat yazsın və ona kömək edəcəklər. Bu səbəbdən o, xx.xx.2023-cü il tarixdə yazdığı izahatında göstərmişdir ki, güya GPS-in massasını ayırmış və öz kotanını qoşaraq özünə məxsus olan 70 son torpaq sahəsini şumlamışdır. Bildirir ki, onun Sabirabad rayonunda torpaq sahəsi yoxdur. O, xx.xx.2023-cü il tarixli aktı imzalasa da, aktı oxumamışdır. O, su nasoslarını aktla təhvil vermişdir, lakin traktoru təhvil verməkdən imtina etmişdir. Hesab edir ki, işdən çıxarılması əsassız olmuşdur. Odur ki, Hazırda iddiaçı tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddaçının izahatı, iş materiallarında olan rəsmi sənədlərlə və işin həqiqi halları ilə müəyyən edildi ki, “X3 Kompleksi” MMC-nin X2 və Tədarükü Məntəqəsi filialı ilə İddiaçı arasında bağlanmış 0166/2021 nömrəli 23 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “X3 Kompleksi” MMC-nin X2 və X1 aqrotexniki təminat və nəqliyyat bölməsində traktorçu vəzifəsinə işə qəbul edilmişdir. “X3 Kompleksi” MMC-nin Təhlükəsizlik şöbəsinin böyük mütəxəssisi Nahid Həsənli, Sabirabad Pİ və TM-nin təhlükəsizlik işçi qrup rəhbəri Fərid Xəlilov və traktorçu İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sabirabad Pİ və TM-nin traktorçusu İddiaçı idarə etdiyi “Landini” markalı **- AB-*** dövlət nömrə nişanlı traktorla Sabirabad rayonu Zalqarağac kəndində təyinatdan kənar filial ilə müqaviləsi olmayan özünə aid olduğunu iddia etdiyi torpaq sahəsində şum işi görərkən Nahid Həsənli və Fərid Xəlilov tərəfindən saxlanılıb, əvvəlcədən bilərək deaktiv etdiyi “GPS” qurğusu aktiv edilmiş və su nasosuna nəzarət edilməsi üçün aidiyyatı sahəyə göndərilmişdir. İddiaçı etdiyi işin qanunsuz olduğunu etiraf edərək peşmanlığını bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli aktı imzalamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli izahatında göstərir ki, GPS saz vəziyyətdə qəbul etmiş, GPS-in massasını özü açmışdır. Şəxsi kotanını qoşub özünə məxsus 70 sot torpaq sahəsini şümlamışdır. Sabirabad PİTM-nin baş mexaniki Ənvər Şahbazov, Sabirabad PİTM-nin dispetçeri Məhəmməd Məhəmmədovun, Sabirabad PİTM-nin GPS operatoru Sahib Təhməzov, Sabirabad PİTM-nin çlingəri Pənah Kərimov , Sabirabad PİTM-nin tarktorçusu İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixdə saat 08:56-da tərtib edilmiş aktdan müəyyən edilir ki, “X3 Kompleksi” MMC Sabirabad PİTM-nin balansında olan İddiaçı təhkim edilmiş xx.xx.2023-cü il tarixində traktorda massa pravadasını ayırmaqla GPS treykerinə müdaxilə etmişdir. Qeyd etmək lazımdır ki, GPS göstəricisi xx.xx.2023-cü il saat 18:18-də itmiş xx.xx.2023-cü il saat 21:57-də yenidən göstərmiş və yenidən itmişdir. xx.xx.2023-cü il saat 05:55-də yenidən göstərmişdir. “X3 Kompleksi” MMC-nin direktor müavinin xx.xx.2023-cü il tarixli K-1-10-2023 nömrəl əmrindən müəyyən edilir ki, “X3 Kompleksi” MMC-nin X2 və X1 aqrotexniki təminat və nəqliyyat bölməsində mövsümi traktorçu vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi, əmək vəziflərini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir. İddiaçı ona təhkim olunmuş traktoru icazəsi olmadan öz şəxsi məqsədləri üçün istifadə etməklə, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol vermiş, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İddiaçı tərəfindən nəinki əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəllənin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etmişdir. Cavabdehin əmri qanuna uyğun verildiyindən, iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X3 Kompleksi” MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar