Məhkəmə qərarları › İş №2(004)-5230/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5230/2023

10.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5230/2023 10.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı oglunun Cavabdeh qarşı (Binəqədi rayon Bələdiyyəsinin qəsəbə nümayəndəliyi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə hüquqların təmn olunması və edilən müdaxilənin qanunsuz hesab olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oglu Cavabdeh qarşı (Binəqədi rayon Bələdiyyəsinin qəsəbə nümayəndəliyi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə hüquqların təmn olunması və edilən müdaxilənin qanunsuz hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 noyabr 2007-ci il tarixli, 2207 saylı sərəncamla onun mülkiyyətinə ayrılmış torpaq sahəsinə cavadehlər tərəfindən istifadə və sahiblik hüquqlarını pozan hərəkətlərinin əsassız və qeyri-qanuni hesab olunması və onun hüquqlarının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, ümumi ərazi aidiyyəti qaydalarından fərqli olaraq, qanunvericilik bir sıra iddia tələblərinə məhz tikintinin, qurğunun, torpaq sahəsinin, bir sözlə daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmasını imperativ qaydada müəyyən etmişdir. Həmin iddia tələbləri isə MPM-nin 39.1-ci maddəsində sadalanmışdır. Qanunverici, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması və daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında tələblərə məhz daşınmaz əmlakın yerləşdiyi yer üzrə baxılması qaydasını müəyyən etmişdir. Hazırki halda iddiaçının tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlıdır. Mübahisə predimeti olan daşınmaz əmlak (torpaq sahəsi) isə Binəqədi rayonu ərazisində yerləşir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Bakı şəhəri Yasamal rayon Məhkəməsində deyil, müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Odur ki, iddia ərizəsi ərizə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə verildiyindən, İddiaçı oglunun Cavabdeh qarşı (Binəqədi rayon Bələdiyyəsinin qəsəbə nümayəndəliyi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə hüquqların təmn olunması və edilən müdaxilənin qanunsuz hesab olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, iddia ərizəsi imzalanmadan məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oglunun Cavabdeh qarşı (Binəqədi rayon Bələdiyyəsinin qəsəbə nümayəndəliyi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə hüquqların təmn olunması və edilən müdaxilənin qanunsuz hesab olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xudayev Kərim

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar