Məhkəmə qərarları › İş №2(004)-5233/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5233/2023

07.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5233/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrum edilmə” tələbi barədə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, X3 ailə qurmadığına və övladı olmadığına görə tək yaşamaması üçün iddiaçılardan İddiaçı1 qardaşı, İddiaçı2 oğlu xx.xx.1972-ci ildə Cavabdeh L.Məmmədova ilə birlikdə yaşamaları üçün İddiaçı2 L.Məmmədovanın yanına göndərmişdir. Cavabdeh L.Məmmədovaya heç bir qayğı göstərməmiş, hətta evləndikdən sonra faktiki olaraq başqa ünvanlarda yaşamış, ondan yalnız pul tələb etmişdir. Daha sonra X3 tənha və xəstə olduğu üçün onun təkidli xahişi ilə qayğısına qalmaq üçün o, yəni İddiaçı1 L.Məmmədovaya məxsus Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 160 saylı evin 2 saylı mənzilinə köçməklə, xx.xx.2012-ci il tarixədək, yəni L.Məmmədovanın vəfat etdiyi günədək onunla birgə yaşamaqla, ona qulluq etmişdir. İddiaçı1 L.Məmmədovaya maddi və mənəvi dəstək olmuş, zəruri ehtiyaclarını təmin etmişdir. L.Məmmədova ona göstərilən qayğını qiymətləndirərək, mülkiyyətində olan mənzili dəfələrlə ona vəsiyyət etdiyini qohumlar və qonşular arasında bildirmişdir. Bu barədə onun videoyazısı da vardır. Qardaşı, yəni Cavabdeh L.Məmmədovun yas mərasimində iştirak etmək istəməmiş, yasız bütün xərclərini atası, yəni İddiaçı2, o və əmiləri tərəfindən qarşılanmışdır. Mərhum bibisindən onun adına vəsiyyətnamə tərtib olunması barədə atası İddiaçı2 soruşduqda, o, Cavabdeh ehtiyyatlandığını və buna görə də vəsiyyətnamə verməkdən qorxduğunu bildirmişdir. L.Məmmədova oğlu Cavabdeh tərəfindən hədələndiyini bildirmişdir. Cavabdeh heç L.Məmmədovanın yas mərasiminin keçirilməsini də təşkil etməmiş, bunu onlar və əmiləri etmişdir. Qardaşı onlara qarşı düşmən mövqeyi tutur, heç bir şəkildə onlarla əlaqəyə girmir və danışığa gəlmir. Bibisi L.Məmmədova vəfat etdiyi gündən hazırkı vaxtadək mübahisə predmeti olan mənzil onun istifadəsində və faktiki sahibliyində olmuşdur. O, həmin mənzil üzərində mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Qardaşı Cavabdeh doğum haqqında şəhadətnaməsində naməlum şəkildə dəyişikliklər etmiş, bu dəyişikliyin Oktyabr rayonu İK-nin xx.xx.1972-ci il tarixli 30/5 saylı qərarı əsasında aparıldığı məlum olmuşdur. Bu qərar əsasında qardaşı öz doğma bibiləri X2 övladlığına verilmişdir. Lakin bu qərarın verilməsinə əsas olan hər hansı bir sənəd müəyyən edilməmiş, nə də valideynlərinin buna dair nəinki razılığı, hətta bir valideyn kimi məlumatları olmamışdır. Bundan başqa qardaşı Cavabdeh onun rayonda atasının yanında olmasından istifadə edərək, Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsi 160 saylı evin 2 saylı mənzilinə xəbərsiz olaraq yerləşmiş, evə dair adına əsassız və qanunsuz çıxarış almışdır. Hazırda maraqlı şəxs onların evə daxil olmalarına maneçilik törədir və onda olan məlumata əsasən, evi özgəninkiləşirmək niyyətindədir. Belə olduğu halda, onların hüquqları pozulmuş olur. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Seriya MH, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsində istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 160 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 33.8 kv.metr, yaşayış sahəsi 28.8 kv.metr olan 2 otaqlı, 2 nömrəli mənzil xx.xx.2006-cı il tarixdə, ********* qeydiyyat, **********74-05101-093001 reyestr nömrə ilə tam mülkiyyət hüququ üzrə X2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.1972-ci il tarixli, 44 saylı övladlığa götürmə aktının qeydinin surətindən görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş Cavabdeh X2 övladlığına verilmişdir. Əsas: Oktyabr rayonu ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarı. İş materiallarında olan Quba rayon Alekseyevna kənd sovetliyinin verdiyi xx.xx.1972-ci il tarixli, İ-ЖГ № 395380 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə Quba rayonunda doğulmuşdur. Anası qrafasında “X3” kimi qeydiyyat aparılmışdır. İş materiallarında olan Oktyabr rayonu XDS verdiyi xx.xx.1989-cu il tarixli, 27/8 saylı yaşayış yerindən arayışın surətindən görünür ki, X2 ailə üzvü- qardaşı Eldar.Q və oğlu Oktay.A ibarət olmaqla, M.F.Axundov küçəsi 160 saylı evin, 2 otaqlı, 26.8 kv.metr sahəsində yaşayırlar. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 572 №-li akt qeydi ilə qeydə alınmış ölüm haqqında şəhadətnaməyə əsasən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-3898/2012 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı1 Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsində istifadədə olan 0,0265 ha torpaq sahəsində yerləşən 160 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 33.8 kv.metr ümumi, 28.8 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzil üzərində mirasın qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013cü il tarixli, 2(103)-160/2013 saylı qərardadının surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-2271/2013 saylı qərarının surətindən görünür ki, ərizəçi İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(103)-160/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(102)-1050/2014 saylı qərarının surətindən görünür ki, ərizəçi İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-921/14 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-202/2014 saylı qərardadına əsasən, İddiaçı2 xx.xx.1972-ci il tarixli, İ-ЖГ №395380 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi hissəsində iddia tələbi mümkün sayılmamış, həmin qərarla İddiaçı2 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh qarşı Cavabdeh övladlığa verilməsi barədə keçmiş Oktyabr rayonu ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının etibarsızlığı barədə iddia tələbi rədd edilmişdir. Həmin qərardan daha sonra görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-921/14 saylı qərardadına əsasən, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı2 Cavabdeh övladlığa verilməsi barədə keçmiş Oktyabr rayonu ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının etibarsızlığı barədə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-470/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı övladlığa verilmə haqqında qərarın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016cı il tarixli, 2(103)-2690/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-4109/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-2690/2016 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8970/2017 saylı qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilmiş, mərhum X2 mülkiyyətində olmuş və miras qalmış ünvan 1 ünvanında yerləşən evin qardaşı X5 tərəfindən qəbul olunması faktının müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(103)-4157/2018 saylı qərardadının surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-8970/2017 saylı qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018ci il tarixli, 2(103)-12836/2018 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5252/2018 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı hissəsində-yəni, “X4 tərəfindən X1 miras qalmış, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 160 saylı evin 2 saylı mənzilinin faktiki olaraq miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi” hissəsində, eləcə də, “qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi” hissəsində ləğv olunmuş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, qətnamə ilkin iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən daha sonra görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5252/2018 saylı qətnaməsinə əsasən, ilkin iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu ilkin iddiaçıya aid edilmiş, qarşılıqlı iddia isə təmin edilərək, Cavabdeh tərəfindən X1 miras qalmış, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 160 saylı evin 2 saylı mənzilinin faktiki olaraq miras əmlak kimi qəbul edilməsinin müəyyən edilməsi, 10 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Sorğu edilərək alınmış və iş materiallarında olan, Bakı şəhəri 5 saylı Notariat Ofisində 2V-203 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.20212-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi-Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi ev 160 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh miras əmlakdan tam hissədə pay almaq hüququ verilmişdir. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X2 adına verilmiş **********74-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.8 kv.metr olan mənzildən ibarətdir. İş materiallarında olan 093001 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil Cavabdeh məxsusdur. xx.xx.2022-ci il tarixdə, ********** nömrəsi ilə qeydə alınmış, tam pay müəyyən edilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi 33.80 kv.metr müəyyən edilmişdir. Məhkəmə, ilk öncə iddia tələbi üzrə İddiaçı1 hazırkı iddia tələbini irəli sürmək hüququnun olub-olmamasını araşdıraraq hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, iddiaçılardan İddiaçı1 miras qoyan X2 nə birinci, nə də ikinci növbəli vərəsəsi sayılmadığından, onun miras əmlak üzərində hər hansı şəxsin vərəsəlik hüququndan məhrum edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə bu hissədə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi İddiaçı1 münasibətdə rədd edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə əsasən miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu Məcəllənin 1142-ci maddəsinə əsasən, əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göstərilən Məcəllənin 1203.3-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Qeyd edilən qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından göründüyü kimi, miras qoyanın uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi paydan məhrum edilə bilmələri üçün onların miras qoyana qarşı Mülki Məcəllənin 1137 və ya 1138-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi mütləq müəyyən edilməlidir. Digər hallarda onların məcburi paydan məhrum edilməsi yol verilməzdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilmişdir ki, cavabdehi ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar aşkar olunmamışdır. Belə ki, İddiaçı2 övladı olan Cavabdeh miras qoyan anası L.Məmmədovaya qarşı nə cinayət əməli törətmiş, nə də bu və ya digər şəkildə əxlaqsız hərəkətlər törətmişdir. İddiaçı iddia ərizəsində cavabdehin miras qoyan L.Məmməovanın qayğısına qalmamasını, onunla maraqlanmamasını, ona qulluq etməməsini, L.Məmmədovanın dəfn mərasiminə gəlməməsini, L.Məmmədovanın İddiaçı1 vəsiyyətnamə verməməsi üçün hədələməsini əsas gətirərək onun ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum edilməsini xahiş etmişdir. Lakin, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iş üzrə cavabdeh o halda vərəsəlik hüququndan məhrum edilə bilər ki, o, miras qoyana qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun. Bu hal cavabdehin əxlaqsız hərəkətləri kimi qiymətləndirilə bilməz. Beləliklə də, cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz. Həmçinin, məhkəmə iclası zamanı təqdim edilmiş videodiskə keçirilmiş baxışdan görünür ki, miras qoyan L.Məmmədova sağlığında özünə məxsus mənzili İddiaçı1 verəcəyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, videodiskdə miras qoyan L.Məmmədova özünə məxsus mənzili İddiaçı1 verəcəyini bildirsə də, bu hal onun son iradəsinin olması anlamına gəlmir. Belə ki, videodiskin nə vaxt qeydə alındığı məlum deyildir. Bununla da, Lətifə Məmmədovanın sözügedən əmlakla bağlı son iradəsi müəyyən edilmir. Belə ki, Lətifə Məmmədova bununla bağlı hər hansı yazılı vəziyyətnamə qoymamış, notariat ofisinə müraciət etməmişdir. Bu səbəbdən də, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar mötəbər hesab edilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, tərəflər arasında miras qoyan L.Məmmədovanın öldüyü 2012-ci il tarixdən hazırkı vaxtadək miras əmlakla bağlı məhkəmə çəkişmələri vardır və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Tərəflər biri-birilərinə qarşı qərəzli mövqedə olduqlarından, iddiaçılar miras əmlakın onlar tərəfindən əldə olunması üçün hazırkı iddia tələbini irəli sürmüşlər. Cavabdeh miras qoyanın övladlığına verilməklə onun birinci növbəli vərəsəsi hesab olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlak olan mənzili öz adına rəsmiləşdirmişdir. Bununla da, cavabdehin ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum edilməsi üçün əsaslar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “vərəsəlik hüququndan məhrum edilmə” tələbi barədə iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum etmə” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar