Məhkəmə qərarları › İş №2(004)-5249/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5249/2021

06.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5249/2021 06.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və digərlərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və digərlərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, cavabdehlər iddiaçının ərizəsi əsasında onun mülkiyyətində olan evinə qeydiyyata alınmışlar və faktiki həmin evdə yaşamırlır. Bu halda iddiaçı Yasamal rayon Polis İdarəsinə müraciət etməklə cavabdehlərin onun mülkiyyətindən qeydiyyatdan çıxarılmalarını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarının 2-ci bəndinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Odur ki, iddiaçı sözügedən inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən onun müraciətinin həllindən imtina edildikdə, həmin inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Hesab edirəm ki, iddia ərizəsində göstərilən məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, cavabdehlərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün Yasamal rayon Polis İdarəsinə müraciət etməlidir. Yasamal rayon Polis İdarəsi tərəfindən cavabdehlərin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmalarından imtina edildikdə, iddiaçı həmin orqana qarşı cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 2(004)-5249/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Mən, Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı, İddiaçı cavaödehlər Cavabdeh1, X1 və digərlərinə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 06 avqust 2021-ci il tarixdə saat 10:30-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 10:50-də başa çatdı. Protokol 06 avqust 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar