Məhkəmə qərarları › İş №2(004)-525/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-525/2025

27.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-525/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Maraqlı şəxs) tərəfindən verilmiş "doğum faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki iş (açar sözlər: doğum faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Maraqlı şəxs) tərəfindən verilmiş "doğum faktının müəyyən edilməsi" barədə ərizəyə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Maraqlı şəxs) doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Hətləmova Mələyin doğum tarixinin xx.xx.2023-cü il, doğum yerinin Bakı şəhəri, ata və ananın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda 1 nömrəli Körpələr Evində məskunlaşmış X6 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı məlum olmuşdur ki, özünü uşağın anası kimi təqdim edən Hətləmova Nəzrin hər ay müəyyən məbləğdə maddi dəstək göstərilməsi şərti ilə uşağı qayğısına qalması üçün X4 təhvil vermişdir. S.Tağıyevanın bildirdiyinə əsasən uşaq ona təhvil verildiyi zaman 13 günlük olmuş, N.Hətləmova uşağa aid heç bir sənəd təqdim etməmiş, yalnız onun xx.xx.2023-cü il təvəllüd olduğunu bildirmişdir. N.Hətləmova iyul ayına kimi uşağın ehtiyaclarının qarşılanması üçün maddi dəstək göstərsə də, iyul ayından etibarən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Nəticədə, S.Tağıyeva xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək uşağın həmin tarixdə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti olaraq “Azərbaycan Uşaqları” İctimai Birliyinin – Uşaq Sığınacağına yerləşdiyilmiş, Nazirliyin tabeliyində Sosial Xidmət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17- 3/3-3-22/2024 nömrəli Qərarı əsasında 1 nömrəli Körpələr Evinə yerdəyişməsi həyata keçirilmişdir. Sözügedən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-ü il tarixli 3-17/2-8141/2024 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuşdur. Maraqlı şəxs Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-17- 4044/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onun övladlığa verilə bilən statusu almasının mümkün olmadığını nəzərə alaraq, həmçinin aşağıda qeyd edilən müddəaları rəhbər tutaraq bildiririk ki, sözügedən uşağın doğum faktının müəyyən olunması zərurəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Valideyn himayəsindən məhrum olmuş uşağın müəssisəyə yerləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli 3-17-3/3-3-22/2024 nömrəli qərara əsasən valideyn himayəsindən məhrum olmuş Hətləmova Mələk ünvan 2 ünvanında yerləşən 1 nömrəli Körpələr Evinə yerləşdirilmişdir.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/2-8141/2024 nömrəli məktubuna əsasən müəyyən edilir ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2022-ci il tarixli 1599 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilən səlahiyyətlərdən irəli gələrək müəssisələrdə olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda 1 saylı Körpələr Evində məskunlaşmış Əlinin, 1 saylı Körpələr Evində məskunlaşmış Rəhimov Hüseyn, Tuncay Tural oğlu, Hətləmova Mələk, X2 və X1, 2 saylı Uşaq Evində məskunlaşmış X8, Saşa və Məhəmmədin, Həssas ailə qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində məskunlaşmış Şahinin, “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X3 məskunlaşmış Günəş Asim qızı, Tunar Tural oğlu və Dəniz Nemət qızının doğum haqqında şəhadətnamələrinin olmadığı müəyyən edilmişdir.

9. Bakı şəhəri Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-17-4044/24 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə üçün, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müracit etdiyi həkimin verdiyi № 103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Doğum haqqında tibbi şəhadətnamələr təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınması imkanları xaricindədir, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

10. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

15. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

17. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

20. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

21. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

22. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

23. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir.

24. Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə əsasən, doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

25. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarın 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

26. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Mələk Hətləmova anası tərəfindən körpələr evinə təhvil verilmiş, həmin vaxt uşağın heç bir sənədi olmamış, uşağın anası kimi özünü təqdim edən Nəzin Hətləmova uşağın xx.xx.20233-cü il tarixdə anadan olmasını bildirmişdir. Uşağın anası və atası haqqında heç bir məlumat məlum deyil.

27. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Hətləmova Mələyin xx.xx.2023-cü il tarixdə doğulması faktı müəyyən müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Hətləmova Mələyin doğum tarixi xx.xx.2023-cü il, doğulduğu yer – “Bakı şəhəri”, ata qrafası – “naməlum”, ana qrafasında – “naməlum” məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir.

V. Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Hətləmova Mələyin xx.xx.2023-cü il tarixdə doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Hətləmova Mələyin doğum tarixi xx.xx.2023cü il, doğulduğu yer – “Bakı şəhəri”, ata qrafası – “naməlum”, ana qrafasında – “naməlum” göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Hətləmova Mələyin adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar