Məhkəmə qərarları › İş №2(004)-5250/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5250/2021

30.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5250/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.08.2021-ci il tarixdə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 30.08.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 4, 3 saylı evə istifadə hüququnun dərhal itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, dalan 4, ev 3 mənzili 07.04.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehdən Cavabdeh1 almışdır. Həmin ünvandakı mənzil xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsində qeyd edildiyi kimi, 07.05.2021-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhtəsinə götürmüş, lakin mənzildə yaşamasalar da, formal olaraq orada qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilədə qeyd edilən 07.05.2021-ci il tarixdən mənzildən istifadə etmək hüququnu itirmişlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, iddianı etiraf edir və təmin olunmasına etiraz etmir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrin səbəbi barəsində məhkəməyə məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.04.2021 il tarixli, AN-İ № ******* №-li alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmışdr. Satıcı həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh1 07.05.2021-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 07.04.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən bir otaqlı mənzilin satılmasına etiraz etmədiyini bildirmiş və müqavilədə göstərilən tarixdə həmin evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri Yasamal rayonu Ə.Quliyev küçəsi, dalan 4, 3 saylı ev paylı mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 27.04.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisə predmeti olan ev paylı mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə evə həmin hissədə payın əvvəlki mülkiyyətçisi və ev iddiaçıya satılarkən orada qeydiyyatda olmuş şəxslərdir. İddiaçı mənzili 07.04.2021-ci ildə Cavabdeh1 alğı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdehlər həmin evdə qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır. Hazırda iddiaçı cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının dərhal itirilmiş hesab edilməsini xahiş edir. Məhkəmə mənzilə mülkiyyət hüququnun iddiaçıya məxsus olmasını və cavabdehlərin həmin mənzilə olan qeydiyyatının isə formal xarakter daşıdığını nəzərə alaraq qeyd edir ki, iddia tələbi cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 4, 3 saylı evə istifadə hüququ itirilmiş hesab edilməli, idda tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tdutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 4, 3 saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 4, 3 saylı evə qeydiyyatının ləğvi üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar