Məhkəmə qərarları › İş №2(004)-5259/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5259/2021

27.09.2021 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5259/2021 27.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdeh X1, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi, X2, Cavabdeh1 və Cavabdeh2 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi cəlb olunmaqla “hərəkətlərin qanunsuz hesab edilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi, X2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və pul” tələbinə dair iddia ərzəsi ilə 04.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh5 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Yeni Yasamal 1 yaşayış kompleksində yerləşən 14 saylı evin 166 nömrəli mənzilindən çıxarılması, mənzilin ona təhvil verilməsi və əmlakından bugünə qədər qanunsuz istifadəyə görə, aylıq 1000 (bir min) manat olmaqla, ümumilikdə 15000 (on beş min) manat əldən çıxmış faydanın, habelə göstərilən məcburi köçkünlərin gələcəkdə faktiki olaraq həmin yaşayış sahəsindən çıxarılacağı günə qədər əldən çıxmış faydanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5259/2021, 27.09.2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yeni Yasamal 1 yaşayış kompleksində yerləşən 14 saylı evin 166 nömrəli mənzilindən çıxarılması” tələbinə Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə və İddiaçı Cavabdeh4 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, mənzildən çıxarılma və pul” tələbinə Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh1 13.09.2021-ci il tarixdə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi, X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsinini xahiş etmişdir. Əvvəlki məhkəm iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil izahat verərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2-542/1999 nömrəli, 18 mart 1999-cu il tarixli qətnaməsi ilə məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Yeni Yasamal 1 yaşayış kompleksində yerləşən 14 saylı evin iddiaçıya məxsus olan 166 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Bununla belə, artıq 20 ildir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin bu günədək icra olunmaması, icra zamanı istifadə edilən ölkədaxili hüquqi müdafiə mexanizmlərinin heç bir nəticə verməməsi və buna səbəb kimi mülkiyyət hüquqlarını kobud surətdə pozan şəxslərin məcburi köçkün statusuna malik olmasının göstərilməsi iddiaçını çıxılmaz vəziyyətə salmış və məsələnin beynəlxalq hüquqi müdafiə mexanizmlərindən istifadə etmək ilə həlli üçün 21 oktyabr 2017-ci il tarixli ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsində olan iş ilə bağlı dövlətlə məsələnin dostcasına həlli barədə razılığa gəlinmişdir. Bu razılaşma AİHM-nin 19 mart 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş və 9 aprel 2020-ci ildə iş üzrə tərəflərə yazılı şəkildə bildirilmişdir. Qərara əsasən, Azərbaycan hökuməti bildiriş aldıqdan 3 ay müddətində dövlətdaxili məhkəmə qərarının - yəni, Yasamal Rayon Məhkəməsinin 18 mart 1999-cu il tarixli, 2-542/1999 nömrəli qətnaməsinin icra edilməsini və milli məhkəmə qərarının icrası ilə bağlı bütün xərcləri qarşılamağı öhdəsinə götürsə də, qətnamənin icrası ilə bağlı bu günədək heç bir addım atılmamışdır. Dövlət orqanlarının, xüsusilə də göstərilən məhkəmə qətnaməsinin icrası üzrə birbaşa məsuliyyət daşıyan Yasamal rayon İcra şöbəsinin hərəkətsizliyi nəticəsində pozulmuş olan hüquqları haqqında iddiaçı müxtəlif qurumlara dəfələrlə şikayət ərizəsi ilə müraciət etsə də, bir nəticə əldə olunmamışdır. Bununla da, nəinki mənzilinin ona təhvil verilməsi üçün tədbirlər görülməmiş, əksinə həm milli, həm də beynəlxalq məhkəmə qərarlarının tələblərini heçə sayaraq, həmin şəxslərin iddiaçının mənzilində qanunsuz yaşamağa və yaşayış sahəsindən qanunsuz istifadə etməyə davam etmələrinə əlverişli şərait yaradılmışdır. iddiaçı bugünədək mənzilindən istifadə edə və ya maddi ehtiyaclarını ödəmək üçün ondan hər hansı şəkildə faydalana bilməmişdir. Mülkiyyətindən qanunsuz istifadəyə görə əldən çıxmış faydanı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə bağlı tərəflərə bildiriş göndərildiyi gündən - yəni, 9 aprel 2020-ci ildən bu günə qədər, iddiaçıya məxsus yaşayış sahəsinin yerləşdiyi ərazidə mövcud icarə qiymətləri nəzərə alınmaqla, aylıq 1000 manat olmaqla, ümumilikdə 15000 (on beş min) manat məbləğində qiymətləndirir, həmçinin, həmin şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılacağı günə qədər olan gələcək maddi zərəri də əldən çıxmış fayda hesab edirlər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 izahat verərək bildirir ki, iddia tələbi əsassızdır. Cənab Prezident onları nə vaxt Şuşada evlə təmin etsə, onlar həmin vaxt açarı iddiaçıya təhvil verərək, həmin mənzildən çıxacaqlar. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, qətnaməni ona görə icra etmir ki, ulu öndərin məcburi köçkünlər evlə təmin olunmamış olduqları yerdən çıxarıla bilməməsi barədə qərarı var. Onlar iddiaçının evinə gəldikdə heç pəncərəsi də yox idi. Həmin evi təmir etdirmişlər. Evin təmirinə 40 min manat pul xərcləmişdir. Digər cavabdeh olan Cavabdeh4 isə 1999-cu ildə vəfat etmişdir. O, şəhid ailəsi və müharibə veteranıdır. Onun evi Şuşada yerləşir. Nə vaxt ona Şuşada ev verəcək, həmin vaxt da o, iddiaçının evini boşaldacaq. 400 manat təqaüd alır, oğlu işləmir, pensiyanın hesabına dolanırlar. Cavabdeh2 isə onun həyat yoldaşıdır. İddianın təmin edilməməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev izahat verərək bildirmişdir ki, hazırda icra işi icraatda deyil. İcra işi icrası mümkün olmayan iş kimi 2007-ci ildə geri qaytarılmışdır. Hazırki işlə bağlı digər tələbdən məlumatı yoxdur. İddiaçı, cavabdehlər Yasamal rayon İcra Şöbəsi və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki iş materialarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-542/1999 saylı, 18.03.1999-cu il tarixli qətnaməsinə əsasən X3, X4, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 166 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon İcra şöbəsinin məhkəmə icraçısı Rafət Qurbanovun 23.11.2007-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-542/1999 saylı, 18.03.1999-cu il tarixli qətnaməsinin icrasını təmin etmək mümkün olmadığından icra sənədi məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun qərarında 2004-cü il tarixli sərəncama əsasən göstərilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 01.07.2004-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Atakişiyev/Azərbaycan” işi ilə bağlı 24.01.2020-ci il tarixli, 81093/17 nömrəli bəyannaməsinə əsasən Azərbaycan höküməti Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında duran qeyd olunan işin dostcasına həll olunmasını təmin etmək və hər hansı mənəvi ziyanı ödəmək üçün İddiaçı 3600 avro və hər hansı xərc və xərcləri qarşılamaq üçün 200 avro, üstəlik bu məbləğlər üçün ərizəçiyə verilə biləcək vergini ödəməyi öhdəsinə götürmüşdür. Hökümət bu halda daxili qərarların icrasını eyni üç ay ərzində təmin etməyi və ölkədaxili icra icraatı ilə bağlı bütün xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan Bakı şəhəri, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin 166 saylı mənzil iddiaçının mülkiyyətindədir. Məcburi köçkün olan cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan həmin evdə məskunlaşmışlar. 18.03.1999-cu il tarixli qətnaməyə əsasən cavabdehlərin həmin mənzildən çıxarılması qət edilsə də, icra sənədinin icrası mümkün olmayaraq məhkəməyə geri qaytarılmışdır. Hazırda iddiaçı Yasamal rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərin onun mülkiyyətində olan mənzildən qanunsuz istifadəsi nəticəsində əldən çıxmış faydanın cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iş materialları ilə sübut olunur ki, icra məmuru tərəfindən icra sənədi Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 01.07.2004-cü il tarixli sərəncamına əsasən icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Əlavə olaraq izah olunur ki, icra sənədinin qaytarılması üçün əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsi mümkündür. Məhkəmə o cümlədən qeyd edir ki, cavabdehlər tərəfindən məhkəmə qətnaməsinin qərəzli olaraq icra edilməməsi və bununla da iddiaçıya təqsirli olaraq zərər vurması sübut olunmur. Yəni cavabdehlər məcburi köçkün olduqlarından və müvəqqəti yaşamaq üçün yaşayış sahəsi ilə təmin olunmadıqlarından onlar iddiaçıya məxsus mənzildən çıxa bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi, X2, Cavabdeh1 və Cavabdeh2 qarşı Yasamal rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmlakından bu günə qədər qanunsuz istifadəyə görə aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə 15000 (on beş min) manat, həmçinin məcburi köçkünlərin həmin yaşayış sahəsindən çıxarılacağı günə qədər hesablanmış əldən çıxmış faydanın X2, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Yasamal rayon İcra Şöbəsi, X2, Cavabdeh1 və Cavabdeh2 qarşı Yasamal rayon İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmlakından bu günə qədər qanunsuz istifadəyə görə aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə 15000 (on beş min) manat, həmçinin məcburi köçkünlərin həmin yaşayış sahəsindən çıxarılacağı günə qədər hesablanmış əldən çıxmış faydanın X2, Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar