Məhkəmə qərarları › İş №2(103)-4750/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4750/2025

02.09.2025 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4750/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X4 ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və və vəkili X5, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-327/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı MMC cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən köhnə binada 45,4 kv.m sahəsi olan iki otaqlı 2 saylı mənzilinin, Cavabdeh1 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə binasında 63 kv.m sahəsi olan üçotaqlı 12 saylı mənzilinin, Cavabdeh2 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə binasında 41,9 kv.m sahəsi olan ikiotaqlı 22 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının həmin ərazidə yeni inşa etdiyi binada cavabdehlərin hər birinə onların söküləcək mənzillərinin hər birinin ümumi sahəsindən 20 faiz artıq sahəsi olan təmİrli mənzillər tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdehlərin və onların ailə üzvlərinin söküləcək mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili X5 xx.xx.2024-cü ildə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən köhnə binada 29,8 kv.m sahəsi olan iki otaqlı 9 saylı mənzilin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 3 saylı təmirli mənzil verilməklə və yeni mənzil təhvil verilənədək Cavabdeh3 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən köhnə binasında 63 kv.m sahəsi olan üçotaqlı 12 saylı mənzilinin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 135,88 kv.m sahəsi olan 2 saylı təmirli mənzil verilməklə və yeni mənzil təhvil verilənədək Cavabdeh1 Valelı oğluna hər ay 700 (yeddi yüz) manat kirayə haqqı ödənilməklə, Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən köhnə binada 41,9 kv.m sahəsi olan ikiotaqlı 22 saylı mənzilin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 4- cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 10 saylı təmirli mənzil verilməklə və yeni mənzil təhvil verilənədək Cavabdeh2 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə cavabdehlərin və onların ailə üzvlərinin söküləcək mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında özət əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də, Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncam ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllə ünvanındakı 2,07 ha torpaq sahəsi icarə əsasları ilə “Qlobal-99" MMC-nin istifadəsinə verlib. İddiaçı MMC-yə ayrılmış 2,07 ha torpaq sahəsindəki ünvan 4 ünvanda ikimərtəbəli bina yerləşir. Həmin yaşayış binası ötən əsrdə tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, müasir yaşayış tələblərinə cavab vermir. 47 saylı binada yaranmış çatışmazlıqlar sakinlərin normal yaşayış şəraitini təmin etmir. Yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işləkdir. Binanın texniki vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin 08 01.2020-ci il tarixli rəyi var. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə Hacıyev və M S.Ordubadi küçəkərinin kəsişməsindəki 2438-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 2,07 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da, cavabdehlər X6, Cavabdeh1 və Cavabdeh2 ilə razılıq əldə etmək mümkün olmayıb. 1. İddiaçı cavabdeh X2 onun ünvan 5 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 45,4 kv.m təşkil edən ikiotaqlı 2 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 170000 manat pul tələb edir. 2. İddiaçı Cavabdeh1 onun ünvan 6 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 63 kv.m təşkil edən üçotaqlı 12 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə bir ədəd bir otaqlı, bir ədəd üç otaqlı təmirli mənzillər və 70000 (yetmiş min) manat pul tələb edir. 3. İddiaçı Cavabdeh2 onun ünvan 6 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 41,9 kv.m təşkil edən iki otaqlı 22 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcəkbinada ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 2 ədəd ikiotaqlı təmirli mənzil tələb edir. Bu səbəbdən də uzun müddətdir, cavabdehləri söküləcək yaşayış sahəsindən çıxarmaq, sökünlü və tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MMC ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olub.

4. Nizami Rayon Məhkəməsinin e-2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan “torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-17305/2024 saylı iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 Məhəmmədli oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair e2(007)-327/2025 saylı mülki işin üzrə icraatının dayandırılması qərara alınmışdır.

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə qeyd edilən qərardaddan şikayət verərək, şikayətində göstərmişdir ki, Cavabdeh3 hazırkı işin lüzumsuz şəkildə uzanmasına nail olmaq məqsədilə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncamının etibarsız hesab edilməsi tələbi ilə qaldırdığı iddianın 2-1(112)-17305/2024 sayla Bakı İnzibati Məhkəməsinin icraatında olduğunu bəhanə gətirərək, həmin iş yekunlaşana qədər hazırkı mülki işin icraatının dayandırılmasını xahiş edib. İddiaçı tərəf hazırkı işilə Bakı İnzibati məhkəməsində baxılan işarasında qarşılıqlı bağlılıq olmamasını əsas göstərərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş edib.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1748/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Nizami Rayon Məhkəməsinin e- 2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və digər prosessual hərəkətlərin davam etdirilməsi üçün mülki işin rayon məhkəməsinə qaytarılması qərara alınmışdır.

7. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-327/2025 nömrəli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilmiş, Cavabdeh3 məxsus olan, ünvan 7 ünvanında yerləşən, sahəsi 29,8 kv.m olan iki otaqlı 9 saylı mənzilin sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 3 saylı təmirli mənzil verilməsi, yeni mənzil təhvil verilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh3 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılması, Cavabdeh1 məxsus olan, ünvan 7 ünvanında yerləşən, sahəsi 63 kv.m olan iki otaqlı 12 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 135,88 kv.m sahəsi olan 2 saylı təmirli mənzil verilsin, yeni mənzil təhvil verilənədək ona hər ay 700 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılması, Cavabdeh2 məxsus olan, ünvan 7 ünvanında yerləşən, sahəsi 41,9 kv.m olan iki otaqlı 22 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 4-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 10 saylı təmirli mənzil verilməsi, yeni mənzil təhvil verilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh2 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılması qət edilmişdir.

8. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qətnamədn apellyasiya şikayəti vermişdir.

9. Bundan sonra Cavabdeh3 qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4750/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 münasibətdə onun şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.

Apellyasiya şikayəti və onun dəlilləri:

11. Cavabdehlər apellyasiya şikayəti verərək, bildirmişdir ki, rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, hüquqiməsələlər düzgün qiymətləndirilməmiş, işin həqiqi hallarına ədalət mühakiməsinin zərurişərtlərinə uyğun hüquqi qiymət verilməmiş,eynizamanda, məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, təqdim edilən sübutlar tam və hərtərəfli araşdırılmamış, sübutlar məhkəmə tərəfindən maddi hüquq normalarına uyğun qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən binanın texniki vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin 08 01.2020-ci il tarixli rəyi nəzərə alınaraq AR Mülki Məcəlləsinin 5.3-cü, 16.1-ci, 152.6-cı və 560.1 maddələrinə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarına istinad edilərək Qətnamə qəbul edilmişdir. Bildirirlər ki, təqdim olunan sənədlərdən də göründüyü kimi qeyd olunan ünvanda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 182 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsində yerləşən 2438-ci məhəllədə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. Ona görə də xx.xx.2021-ci il tarixli, 15 saylı Sərəncamla "xxxx" MMC-nin razılıq məktubu nəzərə alınaraq "xxxx" MMC-yə icarəyə verilmişdir. Ona görədə Bakı şəhər İcra Hakimiyyəti xx.xx.2014-cü il tarixli, 182 saylı sərəncamı qəbul edərkən Fövqəladə Hallar Nazirliyinin 08 01.2020-ci il tarixli rəyi yox idi. Əvvəlcədən münəccimlik edib binaların qəzalı vəziyyətdə olmasını qiymətləndirə bilməzdi. Eyni zamanda Məhkəmə AR Mülki Məcəlləsinin 16.1-ci, 152.6-cı və 560.1 maddələrinə istinad edərkən mülkiyyət hüququ ilə mülki hüquq arasındakı fərqi düzgün qiymətləndirməmişdir. Mülkiyyət hüququ təkcə Mülki Məcəllə ilə deyil, AR Konstitusiyası ilə (maddə 13,29), AR Cinayət Məcəlləsinin XXlll fəsli, AR İnzibati Məcəlləsinin XXlV fəsli ilə də qorunur.Mülkiyyət hüququ icarə ilə müqayisə edilə bilməz. Odur ki, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, eləcə də bildirdi ki, o, mənzilinin əvəzində MMC-dən yeni tikilən binada ədəd bir iki, bir ədəd isə üç otaqlı tam təmirli mənzilin verilməsini istəyir. Cavabdehin vəkili və nümayəndəsi Cavabdeh3 da Cavabdeh1 şikayətinin təmin olunmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Ş.Ağaveys apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, həmin ünvanda bütün sakinlərlə razılıq əldə olunub, hazırkı iş üzrə üç cavabdehin biri qətnamədən sonra razılaşmış şikayət verməmiş, digər Cavabdeh3la da hazırda razılıq əldə olunmuş və o apellyasiya şikayətindən imtina etmişdir, Cavabdeh1 gəldikdə isə ona bu gün söküntü ilə bağlı mövcud təcrübədə məlum ən münasib şərtlər təklif edilmiş, onun 63 kv.m. mənzilinin əvəzinə 120 faizdən çox, yəni 135, 88 tam təmirli mənzilin verilməsi, mənzil təhvil verilədək isə hər ay 700 manat kirayə haqqı ödənilməsi qət olunmuşdur, o özü də bilir ki, Bakı şəhərində əksər hallarda mənzilin sahəsinə 20-25 faizə əlvələr verilir.

14. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ünvan 9 ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Ş.Mirzəyev küçəsi, bina 47: Bina 1950-ci illərdə kürsülü ikimərtəbəli inşa edilmişdir. Binanın ölçüləri 27,70 x 10,50, 48,70 x 11,10 metrdir. Kürsünün hündürlüyü 0,80 m, mərtəbələrin daxili hündürlüyü 3,10 metrdir. Evin xarici və daxili yükdaşıyan divarlarının qalınlığı 0,40 metr, arakəsmə divarlarlanmn isə qalınlığı 0,20 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük mərtəbələrdə ağac materialındandır. Dam örtüyü çardaq tipli olmaqla ağac konstruksiyadan, örtüyü isə asbest-sement şiferdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan flzlkl aşınmalara məruz qalmış, fiziki cəhətdən köhnəlmiş, xarici divarında, pilləkən qəfəsələrində suvaq qatının aşınması, tökülməsi hallarına rast gəlinir. Eyvanların alt hissəsinin beton mühafizə qatı tökülmüş, armatur milləri açıqda qaldığından korroziyaya uğramış və ciddi zədələnmişdir. Binanın daxilində elektrik xətlərinin primitiv şəkildə çəkilməsi sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Ağac konstruksiyalardan inşa edilmiş dam örtüyünün çürüməsi və deformasiyaya uğraması hallarına rast gəlinir. Asbest-sement şiferdən olan dam örtüyünün bəzi yerlərdə sınması nəticəsində atmosfer suları binaya daxil olur. Həyətdə sakinlər tərəfindən yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmişdir. Bu da həyətin ümümi istifadə olunan sahəsinin sıxlığına səbəb olmuş və yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Binada yaranmış çatışmazlıqlar sakinlərin normal yaşayış şəraitini təmin etmir. Yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işləkdir.

17. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı Sərəncamının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 182 nömrəli Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllə ünvanında "Təmir Tikinti İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş 2.1743 ha torpaq sahəsinin 2.07 ha hissəsi eyni məqsədlər üçün İddiaçı icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmiş, İcra Hakimiyyəti başçısının Sərəncamı ilə icarə əsasında istifadəyə verilmiş torpaq sahəsinin ölçüləri 0,1043 ha müəyyən edilmiş, sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin, AR Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması uçun Bakı Şəhər İcra Hakimiyyəti nəzdındə İnterservıs“ Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin, torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin, bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddəti AR Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu Sərəncamın icrasına nəzarət Nizami Rayon İcra Hakimiyyətinə tapşırılmışdır

18. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, yaşayış sahəsi 29,8 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, küçəsi, ev 47, mənzil 9 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır.

19. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 63 kv.metr olan ünvan 5, mənzil 12 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

20. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çernışevski küçəsi, ev 47, mənzil 22 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.1995-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır.

21. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 41,9 kv.metr olan ünvan 5, mənzil 22 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.

22. İddiaçı MMC tərəfindən ETİ-41/24 saylı xx.xx.2024- cü il tarixli Obyektin Tikintisinə icazə sənədi məhkəməyə təqdim edilmişdir.

23. Cavabdeh3 xx.xx.2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, qətnamədən verdiyi apellyasiya şikayətindən Cavabdeh3 münasibətdə imtina etdiyini bildirmişdir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Konstitusiyasının:

24. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

28. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

33. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

34. 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.

35. 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi;

36. 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

37. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.

38. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.

39. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə:

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

51. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır

53. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən ona aid təmin edilən hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. Apellyasiya şikayətinin binanın qəzalı vəziyyətdə olmaması barədə dəlili üzrə qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ünvan 9 ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyi ilə Ş.Mirzəyev küçəsi, 47 saylı binada yaranmış çatışmazlıqların sakinlərin normal yaşayış şəraitini təmin etmədiyi, yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işlək vəziyyətdə olduğu barədə rəy verilmişdir.

56. Mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür

57. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin AR Mülki Məcəlləsinin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”.

58. Hazırkı halda Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən, sahəsi 63 kv.m olan iki otaqlı 12 saylı mənzilin sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 135,88 kv.m sahəsi olan 2 saylı təmirli mənzil verilməsi, yeni mənzil təhvil verilənədək ona hər ay 700 manat kirayə haqqı ödənilməsi qanunvericiliyin istinad olunan normalarına və Konstitusiya Məhkəməsinin həmin qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olmaqla, həm də son dövrlər bu sahədə formalaşmış təcrübə baxımından da mütənasib və ədalətli kompensasiya hesb edilir. Cavabdehin şikayətinin təmini üçün əsaslar müəyyən edilmir.

59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

62. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir.

63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-327/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar