Məhkəmə qərarları › İş №e-2(007)-327/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-327/2025

02.06.2025 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-327/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı MMC cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən köhnə binada 45,4 kv.m sahəsi olan iki otaqlı 2 saylı mənzilinin, Cavabdeh1 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə binasında 63 kv.m sahəsi olan üçotaqlı 12 saylı mənzilinin, Cavabdeh2 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə binasında 41,9 kv.m sahəsi olan ikiotaqlı 22 saylı mənzilinin sökülməsi, əvəzində iddiaçının həmin ərazidə yeni inşa etdiyi binada cavabdehlərin hər birinə onların söküləcək mənzillərinin hər birinin ümumi sahəsindən 20 faiz artıq sahəsi olan təmİrli mənzillər tikilib təhvil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə cavabdehlərin və onların ailə üzvlərinin söküləcək mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili X5 xx.xx.2024-cü ildə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən köhnə binada 29,8 kv.m sahəsi olan iki otaqlı 9 saylı mənzilin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 3 saylı təmirli mənzil verilməklə və yeni mənzil təhvil verilənədək Cavabdeh3 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə, Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən köhnə binasında 63 kv.m sahəsi olan üçotaqlı 12 saylı mənzilinin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 135,88 kv.m sahəsi olan 2 saylı təmirli mənzil verilməklə və yeni mənzil təhvil verilənədək Cavabdeh1 Valelı oğluna hər ay 700 (yeddi yüz) manat kirayə haqqı ödənilməklə, Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən köhnə binada 41,9 kv.m sahəsi olan ikiotaqlı 22 saylı mənzilin sökülərək, əvəzində iddiaçının həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 4-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 10 saylı təmirli mənzil verilməklə və yeni mənzil təhvil verilənədək Cavabdeh2 hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilməklə cavabdehlərin və onların ailə üzvlərinin söküləcək mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında X6 cavabdehlər siyahısından çıxarılaraq, Cavabdeh3 cavabdeh kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında özət əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də, Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncam ilə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2438-ci məhəllə ünvanındakı 2,07 ha torpaq sahəsi icarə əsasları ilə “Qlobal-99" MMC-nin istifadəsinə verlib. İddiaçı MMC-yə ayrılmış 2,07 ha torpaq sahəsindəki ünvan 4 ünvanda ikimərtəbəli bina yerləşir. Həmin yaşayış binası ötən əsrdə tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib, müasir yaşayış tələblərinə cavab vermir. 47 saylı binada yaranmış çatışmazlıqlar sakinlərin normal yaşayış şəraitini təmin etmir. Yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işləkdir. Binanın texniki vəziyyəti barədə Fövqəladə Hallar Nazirliyinin 08 01.2020-ci il tarixli rəyi var. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə Hacıyev və M S.Ordubadi küçəkərinin kəsişməsindəki 2438-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 2,07 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunsa da, cavabdehlər X6, Cavabdeh1 və Cavabdeh2 ilə razılıq əldə etmək mümkün olmayıb. 1. İddiaçı cavabdeh X3 onun Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 47 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 45,4 kv.m təşkil edən ikiotaqlı 2 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 170000 manat pul tələb edir. 2. İddiaçı Cavabdeh1 onun ünvan 5 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 63 kv.m təşkil edən üçotaqlı 12 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcək binada ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə bir ədəd bir otaqlı, bir ədəd üç otaqlı təmirli mənzillər və 70000 (yetmiş min) manat pul tələb edir. 3. İddiaçı Cavabdeh2 onun ünvan 5 ünvanda yerləşən çıxarış üzrə ümumi sahəsi 41,9 kv.m təşkil edən iki otaqlı 22 saylı mənzilinin əvəzinə həmin ərazidə 20 faiz artıq sahəsi olan yeni inşa ediləcəkbinada ikiotaqlı mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif edib. Cavabdeh əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 2 ədəd ikiotaqlı təmirli mənzil tələb edir. Bu səbəbdən də uzun müddətdir, cavabdehləri söküləcək yaşayış sahəsindən çıxarmaq, sökünlü və tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı saylı sərəncamın icrası mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün İddiaçı MMC ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olub.

Cavabdehin etirazının əsasları və dəlilləri:

5. Cavabdeh3 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli, **********05-05101-093013 reyestr nömrəli daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında çoxmənzilli binada yerləşən mənzil onun mülkiyyətindədir və hazırda həmin mənzildə yaşayır. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qeyd edir ki, iddia tamamilə qanunsuz və əsassızdır. Eyni zamanda qanunvericilik normaları təhrif olunaraq göstərilib. Belə ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 08 oktyabr 2015-ci il tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 22 yanvar 2016-cı il tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarına istinad edib. Bildirir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı qərarına istinad edərkən ya qeyd olunan qərardan məlumatı olmayıb, ya da qərarın mahiyətini anlamayıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə aşağıdakıları həyata keçirsinlər: 4.1. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 4.2. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini; 4.3. ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini. Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanında qeyd olunur: 1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin; 2. Müəyyən edilsin ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X8 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 4.16.6-cı bəndində “torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək” Yerli İcra Hakimiyyətləri qarşısında vəzifə kimi qoyulur. Göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyətnin Başçısı xx.xx.2021-ci il tarixli, 15 saylı Sərəncamı qəbul edərkən səlahiyyət həddini aşaraq qanunvericiliyin tələblərini heçə sayıb. Çoxmənzilli yaşayış binasının yerləşdiyi və mənzil mülkiyyətçilərinin istifadəsində olan torpaq sahəsinin qanunsuz olaraq icarəyə verilməsi barədə sərəncam verib. e-2(007)-3177/2024 saylı iş üzrə İddiaçı MMC-nın iddiasının rədd edilməsi və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 15 saylı Sərəncamının etibarsız hesab edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edib, iddianın ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bir dəfə də tərəflərin görüşünü təşkil edib, bu barədə protokol tərtib edilib. İddiaçı cavabdehlərə iki dəfə artıq sahə təklif edir, lakin cavabdehlər razılaşmırlar. Binada dəqiq sakinlərin sayını bilmir, çoxsu ilə razılıq əldə edilib, məhkəməyə müqavilələr təqdim edilib.

7. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyib, etirazın dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının hansı əsasla onlara qarşı iddia qaldırdığını bilmir. Hər kəsin mülkiyyət hüququ var. İddiaçı sübut kimi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 21 yanvar 2021-ci il tarixli 15 saylı Sərəncamını təqdim edib. Sonra iddiaçı apellyasiya şikayəti verən vaxt həmin sərəncama əsaslanmadığını, onlarda icarə müqaviləsi, tikintiyə icazə olduğunu bildirib. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Mübahisə predmeti olan mənzillərin sökülməsi ilə bağlı hər hansı bir inzibati orqanının icazəsi yoxdur. O, iddiaçıdan artıq sahə tələb etməyib. İddiaçıya tikintiyə icazəni verən orqana, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib, müraciətinə cavab olaraq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin mülki qanunvericiliyə uyğun olaraq tərəflərlə razılaşmalı olduğunu bildirib.

8. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə razılıq əldə etmək üçün nümayəndələri ilə görüşüb. İddiaçı tərəfindən ona ümumi sahəsi 138 kv.metr olan bir mənzil təklif olunub. Lakin o, iddiaçıdan 2 ədəd 2 otaqlı mənzil tələb edir. Ona görə də, iddiaçı ilə aralarında razılıq əldə olunmayıb.

9. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun mənzili 2 otaqlı deyil, 3 otaqlıdır. İddiaçı cəmiyyətə inamı yoxdur. Onun evi hamısından böyükdür. Digər cavabdehlərlə müqayisədə onun sahəsi daha genişdir, amma təklif olunan mənzilin sahəsi eynidir.

İş materialları:

10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ünvan 7 ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Ş.Mirzəyev küçəsi, bina 47: Bina 1950-ci illərdə kürsülü ikimərtəbəli inşa edilmişdir. Binanın ölçüləri 27,70 x 10,50, 48,70 x 11,10 metrdir. Kürsünün hündürlüyü 0,80 m, mərtəbələrin daxili hündürlüyü 3,10 metrdir. Evin xarici və daxili yükdaşıyan divarlarının qalınlığı 0,40 metr, arakəsmə divarlarlanmn isə qalınlığı 0,20 metr olmaqla, mişarlanmış əhəngdaşındandır. Mərtəbəarası örtük mərtəbələrdə ağac materialındandır. Dam örtüyü çardaq tipli olmaqla ağac konstruksiyadan, örtüyü isə asbest-sement şiferdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan flzlkl aşınmalara məruz qalmış, fiziki cəhətdən köhnəlmiş, xarici divarında, pilləkən qəfəsələrində suvaq qatının aşınması, tökülməsi hallarına rast gəlinir. Eyvanların alt hissəsinin beton mühafizə qatı tökülmüş, armatur milləri açıqda qaldığından korroziyaya uğramış və ciddi zədələnmişdir. Binanın daxilində elektrik xətlərinin primitiv şəkildə çəkilməsi sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Ağac konstruksiyalardan inşa edilmiş dam örtüyünün çürüməsi və deformasiyaya uğraması hallarına rast gəlinir. Asbest-sement şiferdən olan dam örtüyünün bəzi yerlərdə sınması nəticəsində atmosfer suları binaya daxil olur. Həyətdə sakinlər tərəfindən yaşayış sahələrini artırmaq məqsədi ilə əlavə tikililər inşa edilmişdir. Bu da həyətin ümümi istifadə olunan sahəsinin sıxlığına səbəb olmuş və yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Binada yaranmış çatışmazlıqlar sakinlərin normal yaşayış şəraitini təmin etmir. Yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işləkdir.

11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı Sərəncamının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 182 nömrəli Sərəncamı ilə yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsmdski 2438-ci məhəllə ünvanında "Təmir Tikinti İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş 2.1743 ha torpaq sahəsinin 2.07 ha hissəsi eyni məqsədlər üçün İddiaçı icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18 04.2014-cü il tarixli 182 nömrəli Sərəncamı ilə icarə əsasında istifadəyə verilmiş torpaq sahəsinin ölçüləri 0,1043 ha müəyyən edilmiş, sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını tamın etsin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması uçun Bakı Şəhər İcra Hakimiyyəti nəzdındə İnterservıs“ Müdiriyyəti ilə 3 (üç) ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin, torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin, bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahələri üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə tapşırılmışdır.

12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, yaşayış sahəsi 29,8 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, küçəsi, ev 47, mənzil 9 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır.

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 63 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 47, mənzil 12 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

14. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çernışevski küçəsi, ev 47, mənzil 22 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.1995-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır.

15. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 41,9 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 47, mənzil 22 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.

16. Məhkəməyə İddiaçı MMC tərəfindən ETİ-41/24 saylı xx.xx.2024-cü il tarixli Obyektin Tikintisinə icazə sənədi təqdim edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

17. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29.1-ci, 29.4-cü, 43.1-ci, 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü, 16.1-ci, 152.1-ci, 152.5-ci, 152.6-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, 4.2.1, 4.3, 17 maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Azərbaycan Respublikası Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır;

29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz;

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;

71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur;

71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır.

21. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.

22. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.

23. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 15 saylı Sərəncamına uyğun olaraq yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün Nizamı rayonu, Ş Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsmdski 2438-ci məhəllə ünvanında "Təmir Tikinti İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş 2.1743 ha torpaq sahəsinin 2.07 ha hissəsi eyni məqsədlər üçün İddiaçı icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18 04.2014-cü il tarixli 182 nömrəli Sərəncamı ilə icarə əsasında istifadəyə verilmiş torpaq sahəsinin ölçüləri 0,1043 ha müəyyən edilmiş, sifarişçiyə sərancamda göstərilən müvafiq tapşırıqlar verilmişdir. Həmin ərazidə tikinti işlərinin aparılmasına dair iddiaçıya icazə verilmişdir. Bu məqsəd ilə MMC söküləcək binanın əksər sakinləri ilə razılığa gəlsə də, hazırkı iş üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının qeyd olunan mənzillərin sökülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur.

24. Məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış üçün məhdud işlək olan, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında onlara mənzillərinin sahəsindən iki qat artıq əlavə sahə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilmələri üçün Cavabdeh3 və Cavabdeh2 600 manat və Cavabdeh1 isə 700 manat məbləğində kirayə haqqı ödənilməsi öhdəliyini İddiaçı MMC öz üzərinə götürür. Bu öhdəliklərin icrasına isə yerli icra hakimiyyət orqanı nəzarət edir.

25. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli İcra Hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir.

26. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, tikinti işlərini aparan İddiaçı MMC tərəfindən edilən həmin təkliflər, onun üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MMC bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərin barışması üçün tədbirlər görülmüşdür. İddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə təqdim edilmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

28. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

29. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.

30. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il).

31. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir.

32. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun ünvan 7 ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyi ilə Ş.Mirzəyev küçəsi, 47 saylı binada yaranmış çatışmazlıqların sakinlərin normal yaşayış şəraitini təmin etmədiyi, yaşayış binasının mövcud texniki vəziyyəti məhdud işlək vəziyyətdə olduğu barədə rəy verilmişdir.

33. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəf olub texniki vəziyyəti qeyriqənaətbəxş olan, mövcud vəziyyəti texniki cəhətdən məhdud işlək vəziyyətdə olan və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşayan tərəflərin həmin binada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.

34. Məhkəmə bildirir ki, İddiaçı MMC-nın irəli sürdüyü təklifdən də görünür ki, təkliflər günün tələblərinə uyğundur, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə MMC tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən köhnə binaların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə və həmin binada yaşayan digər sakinlərin də yeni mənzilə dair gözlənti hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər.

35. Belə ki, iddiaçı tərəfindən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzilləri ilə əlaqədar, faktiki olaraq ümumi sahəsindən ikiqat artıq sahəsi olan mənzillər hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən iddaçı ilə razılaşmaması onların hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin əmlaklara görə MMC-dən əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürmələrində ifadə olunur.

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından sözügedən Sərəncamı icra edən iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır.

38. Belə ki, göründüyü kimi İddiaçı MMC ilə binanın digər sakinləri arasında bağlanmış və məhkəməyə təqdim edilmiş müqavilələrə əsasən iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 15 nömrəli Sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçəsilərinin kəsişməsindəki 2438-ci məhəllədə yerləşəm binaları sökərək bu sahədə yeni layihəyə uyğun inşa edəcəyi binada razılaşdırılmış mənzilləri bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında mülkiyyətçilərə mülkiyyətinə verməyi, mülkiyyətçilər isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun, mənzillərini MMC-yə təhvil verməyi öhdələrinə götüblər. Hazırda müqavilələr binanın digər sakinləri tərəfindən icra edilsə də, tərəflər müvafiq razılıq əldə etməməsi səbəbindən onların hüquqları pozulmuş və onların yeni mənzillə təmin edilməsi prosesi uzanmışdır.

39. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar.

41. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.

42. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş).

43. Məhkəmə qeyd edir ki, cavabdehlərin mülkiyyətlərində olan əmlakın müqabilində onlara ədalətli təkliflər edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

44. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3 məxsus olan, ünvan 9 ünvanında yerləşən, sahəsi 29,8 kv.m olan iki otaqlı 9 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMCnin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 3 saylı təmirli mənzil verilməli, yeni mənzil təhvil verilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh3 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmalı, Cavabdeh1 məxsus olan, ünvan 9 ünvanında yerləşən, sahəsi 63 kv.m olan iki otaqlı 12 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMCnin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 135,88 kv.m sahəsi olan 2 saylı təmirli mənzil verilməli, yeni mənzil təhvil verilənədək ona hər ay 700 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmalı, Cavabdeh2 məxsus olan, ünvan 9 ünvanında yerləşən, sahəsi 41,9 kv.m olan iki otaqlı 22 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 4-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 10 saylı təmirli mənzil verilməli, yeni mənzil təhvil verilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh2 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılmalıdır.

Məhkəmə xərcləri:

45. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir.

46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh3 məxsus olan, ünvan 9 ünvanında yerləşən, sahəsi 29,8 kv.m olan iki otaqlı 9 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 3 saylı təmirli mənzil verilsin, yeni mənzil təhvil verilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh3 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılsın. Cavabdeh1 məxsus olan, ünvan 9 ünvanında yerləşən, sahəsi 63 kv.m olan iki otaqlı 12 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 3-cü mərtəbəsində 135,88 kv.m sahəsi olan 2 saylı təmirli mənzil verilsin, yeni mənzil təhvil verilənədək ona hər ay 700 manat kirayə haqqı ödənilməklə Cavabdeh1 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılsın. Cavabdeh2 məxsus olan, ünvan 9 ünvanında yerləşən, sahəsi 41,9 kv.m olan iki otaqlı 22 saylı mənzil sökülərək, əvəzində İddiaçı MMC-nin həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli yaşayış binasının “H” blokunun 4-cü mərtəbəsində 84,54 kv.m sahəsi olan 10 saylı təmirli mənzil verilsin, yeni mənzil təhvil verilənədək ona hər ay 600 manat kirayə haqqı ödənilməklə Cavabdeh2 ailə üzvləri ilə birlikdə söküləcək mənzildən çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar