Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5273/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsaslanan xx.xx.2024cü tarixli, 174 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunmağı, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12 yanvar 1997-ci il tarixdən 2014-cü ilə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin (xidmətinin) nəznində fəaliyyət göstərən Lənkəran rayon Mənzil-istisıriar hissəsində mənzil fondu üzrə aparıcı mühəndis vəzifəsində çalışmışdır. Sonradan 14 avqust 2014-cü il tarixdə Müdafiə Naziriyinin Mənzil istismar İdarəsinin əmri ilə Lənkəran rayon Mənzil-İstismar hissəsi Lənkərandan Beyləqana köçürüldü. İdarə Beyləqana köçürüldükdən sonra adı dəyişdirilərək Beyləqan rayon Mənzil istismar hissəsi oldu. O, da işini Beyləqan rayon Mənzil istismar hisəsində 14 avqust 2014-cü il tarixdən 18 may 2022-ci il tarixədək mənzil fondu üzrə aparıcı mühəndis vəzifəsində çalışmışdır. 18 may 2022-ci il tarixdə rəhbərliyin göstərişi ilə Beyləqan rayon Mənzil İstismar hissəsində işlədiyi vəzifədən azad olunub, Cavabdeh mənzil bölməsində aparıcı mühəndis müfəttiş vəzifəsinə təyin olunmuşdur. Bildirmişdir ki, rəhbərliyin tapşırığı ilə əmək müqavilələri müddətli bağlandı (2 il müddətinə). Tutduğu vəzifələrdə həmişə vicdanla çalışmış, barəsində hər hansı intizam məsuliyyəti müəyyən olunmamışdır. Əksinə rəhbərlik tərəfindən barəsində dəfələrlə təşəkkür elan edilmişdir. Bundan əlavə Vətən uğrunda gedən döyüşlərdə şəxsi heyyətin məişət şəraiti yaxşılaşdırmaq məqsədi ilə Cəbrayıl, Füzuli, Hadrud istiqamətlərində Mənzil istismar Xidmətləri üzrə döyüş zamanı verilən tapşırıqları yerinə yetirilməsi üçün ərazilərdə fəaliyyət göstərmişdir. May ayında məzuniyyətə çıxmışdır. Məzuniyyət müddəti bitdikdən sonra səhhətində yaranmış problem ilə əlaqədar məcburi 1 həftəlik xəstəlik vərəqəsi açdırmışdır. Xəstəlik vərəqəsi bağlandıqdan sonra işə qayıtmış və iki gün işləmişdir. 2 gündən sonra kadrlar şöbəsi ona bildirmişdir ki, əmək müqaviləsinə xitam verilib. Hesab edir ki, əmək müqaviləsinə cavabdeh qanunsuz və əssasız olaraq xitam vermişdir. Hesab edir ki, cavadehin 28 iyun 2024-cü il tarixli, 174 saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. İşin hallarından görünür ki, o, 27 il 5 ay müddət ərzində fasiləsiz olaraq müdafiə Nazirliyində müxtəlif vəzifələrində işləmişdir. Yəni işi mövsümü deyil, daimi olub. Hesab edir ki, tərəflər arasında əmək müqaviləsinin müddətli bağlanılmış olması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Qeyd etmişdir ki, o, cavadeh idarədə 27 il 5 aydan artıq müddətdir ki, fasiləsiz olaraq çalışır. Daima işinə məsuliyyətlə yanaşmışdır. İşində hər hansı nöqsana yol verməmişdir. Necə ola bilər ki, eyni müəssisədə 27 ildən artıq illik əmək stajına məxsus məsuliyyətli işçinin əmək müqaviləsinə xəstə olması belə nəzərə alınmadan xitam verilib? Tək anadır, tək övladı ödənişli əsaslarla təhsil alır, yataqxana şəraitində yaşayır. Ürək xəstəliyindən əziyyət çəkir. İşinə güvənərək xəstəliyinin müalicə olunması üçün kredit götürmüş və aldığı əmək haqqı ilə həmin krediti ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, o, 1997-ci ildən həmin qurumda işləmişdir. Daha sonra 2022-ci ildə işlədiyi müəssisə Beyləqan rayonuna köçürüldü. Bundan sonra isə o, baş idarəyə göndərilmişdir. O, istər Lənkəran rayonunda, istərsə də, Beyləqan rayonunda işləyərkən bir dəfə əmək müqaviləsi bağlasa da, yeni iş yerində onunla hər il əmək müqaviləsi imzalamalı olduğu bildirildi. İş yeri dəyişsə də, vəzifəsi dəyişməmişdir. Mənzillərin bölüşdürülməsi işi ilə məşğul olmuşdur. İşlədiyi dövrdə heç bir cəza almamışdır. İş materiallarında cəzalanmağı ilə bağlı olan məsələ isə həqiqətə uyğun deyil. Çünki təqdim olunmuş cəzalanmağından sonra da o, mükafatlandırılmışdır. Halbuki əmək qanunvericiliyinə əsasən cəza alan işçi mükafatlandırıla bilməz. O, töhmət almağı ilə bağlı bölmə rəisinə müraciət etsə də, o, ona heç bir töhmətin verilmədiyini bildirdi. Yalnız o, məhkəməyə müraciət etdikdən sonra belə bir əmr ortaya çıxdı. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı ilə müddətli əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanılıb və müqavilənin müddəti bitikdən sonra yeni təyin olunmuş xidmət rəisi müqavilənin müddətini uzatmayıb. İddiaçı ilə bağlı töhmətin verilməsi ilə bağlı onu deyə bilər ki, bəzi hallarda işçi barəsində töhmət verilsə də, onun həyat şəraiti və digər nüanslar nəzərə alınmaqla mükafatlardan məhrum edilməməsi ilə bağlı hallar da olur. İddiaçı barəsində töhmətin verilməsinə səbəb isə onun barəsində daxil olmuş şikayət olmuşdur. Bundan başqa onlar mülki işçiləri işdən çıxarmamışdan öncə onlara 1 ay qabaqcadan xəbərdarlıq edirlər. Lakin iddiaçı öz imzasını təsdiq etməklə bundan imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, iddiaçının əvvəl işlədiyi Mənzil-istismar hissələri də (Lənkəran və Beyləqan ) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin balansında olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində (Lənkəran rayon Mənzil-istismar hissəsi, Beyləqan rayon Mənzil İstismar Sahəsi və Mənzil-İstismar İdarəsi) xx.xx.1997-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə mənzil fondu üzrə aparıcı mühəndis-müfəttişi vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin 141 saylı, 18 may 2022-ci il tarixli əmrdən çıxarışa əsasən İddiaçı 18 may 2022-ci il tarixdən mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi vəzifəsinə 1 (bir) ay sınaq müddəti ilə işə qəbul edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin aparıcı mühəndis-müfəttiş İddiaçı ünvanladığı əmək müqaviləsinin müddətinin qurtarması haqqında 22 aprel 2024-cü il tarixli xəbərdarlığına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsasən onunla xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. Onunla bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitəcəyini nəzərə alaraq o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixindən işdən azad edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin 29 aprel 2024-cü il tarixli aktından görünür ki, Mənzil-İstismar xidməti rəisinin 16 aprel 2024-cü il tarixli 59 nömrəli əmrinə əsasən təyin edilmiş “Fərdi əmək mübahisələrin baxılması” üzrə komissiyası, komissiyanın sədri: Xidməti rəisinin müavini - baş mühəndis vəzifəsini icra edən polkovnik-leytenant X2, komissiyanın üzvləri: xidmət rəisinin hüquq işləri üzrə köməkçisi ədliyyə polkovnik-leytenantı X5, şəxsi heyətin uçotu bölməsinin kadrlar üzrə mütəxəssisi X7, maliyyə bölməsinin mühasibi X3, Mənzil-İstismar xidmətinin Həmkarlar ittifaqı Komitəsinin sədri X8 bu aktı tərtib etmişlər ondan ötəri ki, mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi İddiaçı xx.xx.2024-cü il tarixində əmək müqaviləsinin müddətinin bitəcəyini nəzərə alaraq onunla Mənzil-İstismar xidmətinin rəisi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi barədə işçiyə xx.xx.2024-cü ıl tarixli 1798 №-li “Xəbərdarlıq” təqdim olunmuşdur. Dəfələrlə “Xəbərdarlıq” vərəqəsi ilə tanış olması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı “Xəbərdarlıq” vərəqəsini imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin rəisi S.X11 Müfəttişliyi Bakı şəhər İdarəsi rəisinin müavini cənab Fərid Bağırova ünvanladığı 2269 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən İddiaçı müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitəcəkdir. Bununla əlaqədar olaraq İddiaçı ilə Mənzil-İstismar xidmətinin rəisi arasında bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi barədə ona xx.xx.2024-cü il tarixli 1798 №-li “Xəbərdarlıq” təqdim olunmuşdur. Dəfələrlə “Xəbərdarlıq” vərəqəsi ilə tanış olması barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı “Xəbərdarlıq” vərəqəsini imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. Bununla bağlı Mənzil-İstismar xidmətinin “Fərdi əmək mübahisələrin baxılması” üzrə komissiyası xx.xx.2024-cü il tarixli 3791 nömrəli akt tərtib etmişdir. Məlumat üçün bildirmişdir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin “Mülki işçilərinin 2024-cü il üçün məzuniyyət qrafiki”nə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən 31 (otuz bir) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxması ilə bağlı ərizə təqdim etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixinədək İddiaçı ilə olan əmək münasibətləri davam etdirilir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı işlədiyi müddət ərzində “müharibə veteranı” olması ilə bağlı Mənzil-İstismar xidmətinə heç bir sənəd təqdim etməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin 174 saylı, 28 iyun 2024-cü il tarixli əmrdən çıxarışa əsasən mənzil bölməsinin aparıcı mühəndismüfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 iyun 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin aparıcı mühəndis-müfəttiş İddiaçı ünvanlanmış 3704 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin rəisinin 174 saylı, 28 iyun 2024-cü il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu zaman tərəflərindən qanun pozuntusuna yol verilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin İİ 22/1641 saylı, xx.xx.2024-cü il tarixli raportuna əsasən Beyləqan rayon Mənzil-İstismar hissəsinin Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin tabeliyində olmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində qeyd olunan “işəgötürən” tərəf Beyləqan rayon Mənzil-İstismar hissəsinin rəisi, 8-ci hissəsində qeyd olunan “iş yeri” Füzuli rayonu olması və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə görə Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin rəisi əmək müqaviləsinin tərəflərindən biri hesab olunmur. Belə ki, Beyləqan rayon Mənzil- İstismar hissəsinin rəisi-vətəndaş-İddiaçı ilə xx.xx.1997-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsi bağlamış və xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsini 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam vermişdir. Vətəndaş İddiaçı Mənzilistismar İdarəsində işə qəbul olunmaq üçün ünvanladığı ərizəsinə baxılaraq Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi onunla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) Əsasən 1 (bir) ay sınaq müddəti verməklə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 (bir) il müddətinə və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 1 (bir) il, ümumilikdə 2 (iki) il müddətinə müddətli əmək müqaviləsi bağlamışdır. Vətəndaş İddiaçı müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitəcəyini nəzərə alaraq Mənzil-İstismar xidmətinin rəisi ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixindən xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixli 1798 №-li “Xəbərdarlıq” vərəqəsi təqdim olunmuşdur. Dəfələrlə “Xəbərdarlıq” vərəqəsi ilə tanış olması barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı “Xəbərdarlıq” vərəqəsini imzalamaqdan və qəbul etməkdən imtina etmişdir. Bununla bağlı Mənzil-İstismar xidməti rəisinin 16 aprel 2024-cü il tarixli 59 nömrəli əmrinə əsasən təyin edilmiş “Fərdi əmək mübahisələrin baxılması” üzrə komissiyası xx.xx.2024-cü il tarixli 3791 nömrəli akt tərtib etmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin “Mülki işçilərinin 2024-cü il üçün məzuniyyət qrafiki”nə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən 31 (otuz bir) təqvim günü müddətinə əmək məzuniyyətinə çıxması ilə bağlı ərizə ilə Mənzil-İstismar xidmətinin rəisinə müraciət etmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətində, xx.xx.2024-cü il tarixli SN 00008 seriali ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək işdən müvəqqəti azad olunduğunu nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə (işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürən müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər) əsasən xx.xx.2024-cü il tarixədək onunla olan əmək münasibətləri davam etdirilmişdir. İddiaçı müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) müvafiq olaraq xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı işlədiyi müddət ərzində 2020-ci ildə Vətən uğrunda gedən döyüşlər zamanı fəaliyyət göstərməsi və ya "müharibə veteranı” olması ilə bağlı Mənzil-İstismar xidmətinə heç bir müvafiq sənəd təqdim etməmişdir. Məlumat üçün bildirmişdir ki, İddiaçı oğlu X1 2001-ci il təvəllüdlü olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin (əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) 1-ci hissəsində qeyd olunan hal (yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağın təkbaşına böyüdən işçi) İddiaçı şamil edilə bilməz. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı mühəndis-müfəttiş vəzifəsində olmaqla 14 yanvar 1997-ci il tarixdən işə başlamış və xx.xx.2024-cü il tarixədək, yəni 20 ildən çox vəzifədə çalışmışdır. Belə ki, əvvəlki işlədiyi Lənkəran və Beyləqan Mənzil İstismar Hissələri də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmuşdur. xx.xx.2022-ci il tarixində öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və həmin gün də Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsində həmin vəzifədə işləməsinə dair 1 illik, daha sonra yenə bir illik əmək müqaviləsi bağlanmışdır. İddiaçı eyni vəzifədə çalışmış və eyni işləri görmüşdür. Həmçinin cavabdeh müqavilələrin müddətli bağlandığını bildirsə də, iddiaçı hamı ilə belə etdiklərini, əslində isə müddətsiz işlədiyini və müqavilələrin müddətli olmadığını bildirmişdir. Belə ki, işəgötürənin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. İş materiallarından müəyyən edilir ki, İddiaçı 1997-ci il tarixdən 2024-cü il tarixədək, yəni artıq 20 ildən çoxdur ki, həmin müəssisədə çalışmışdır. İşçinin uzun illər ərzində həmin müəssisənin tabeliyində olan qurumlarda müxtəlif vəzifələrdə işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Eyni strukturda iş stajına (20 ildən çox) malik işçi ilə 1 il müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinin bağlanılması işdən görünmür. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıqaydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4-cü maddəsinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 45-ci maddənin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 174 nömrəli əmri ləğv edilməli, İddiaçı mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 174 nömrəli əmri ləğv edilsin. İddiaçı mənzil bölməsinin aparıcı mühəndis-müfəttişi vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5273/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5273/2024
04.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver