Məhkəmə qərarları › İş №2(004)-5276/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5276/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5276/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 Xalıq oğlunun, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçılar Novruz İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Novruz İddiaçı1 və İddiaçı2 Xalıq oğlu cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmiş 10620 manat və 152 manat dövlət rüsumunun, ümumilikdə isə 10772 manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə cavabdeh "xxxx" MTK arasında xx.xx.2013-cü il tarixdə yaşayış sahəsi üçun müqavilə imzalanmışdır. Müqavilənin şərtinə əsasən 3 otaqlı, ümumi sahəsi 139.7 kv.metr olan mənzilin hər kv.metrinin qiyməti tərəflərin razılaşması ilə 450 (dörd yüz əlli) manat, mənzilin umumi qiyməti 62865 (altmış iki min səkkiz yüz altmış beş) manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı2 Xalıq oğlu mənzilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışdır. Çıxarış alan zaman iddiaçıya məlum olmuşdur ki, daşınmaz əmlakın ümum sahəsi 116.1 kv.metr olmuşdur. Cavabdeh 139.7 kv.metr yaşayış sahəsi olduğunu müqavilədə göstərsə də, faktiki olaraq yaşayış sahəsi 116.1 kv.metr olmuşdur. İddiaçı 23.6 kv.metr yaşayış sahəsinin pulunu (hər kv.metrə gorə 450 manat) əlavə olaraq cavabdehə ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər İddiaçı1 nümayəndəsi İddiaçı2 Xalıq oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunun uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Rusiya Fed3erasiyasında yaşadığı üçün Bakıda olan zaman cavabdehə pretenziya məktubu ilə müraciət etmiş, lakin məktub cavabdeh tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikasında 1 ay müddətində qalmaq icazəsi olduğu üçün sonrakı prosedurları yerinə yetirə bilməmişdir. Həmçinin səhhətində də həmin ərəfə də, problemlər yaranmışdır. Cavabdehin onlara təqdim etdiyi mənzilin sahəsi DƏDRX tərəfindən verilmiş çıxarış ilə üst-üstə düşmür. Bu səbəbdən də, hazırki iddia ilə məhkəməyə müraciət etməyə qərara gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 23.6 kv.m əskik olduğunu bildirmişdir. Əvvəla qeyd edilməlidir ki, mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtb edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələr qeyd edilsə də, mənzilin ümumi sahəsi qeyd edilərkən azalma əmsalları əsasında müəyyən olmuş sahə əsas götürülür. Texniki pasporta əsasən azalma əmsalı tətbiq edilmədən dəhliz 22.9 kv., yaşayış otağı 25.7 kv.m, lociya 4.1 kv.m (azalma əmsalı ilə 4.1 kv.m x 0.5 əmsal = 2.1 kv.m), mətbəx 15.6 kv.m, sanitar qovşağı 5.7 kv.m, sanitar qovşağı 5.1 kv.m, yaşayış otağı 20.9 kv.m, yaşayış otağı 15.6 kv.m və lociya 4.9 kv.m (azalma əmsalı ilə 4.9 kv.m x 0.5 əmsal = 2.5 kv.m) olmaqla cəmi 120.5 kv.m müəyyən edilmişdir. Texniki pasportda mənzilin ara divarların altındakı sahələr nəzərə alınmamışdır. İddiaçı isə hətta ara və bayır divarların altındakı sahələr nəzərə alınmadan mövcud olan 120.5 kv.m sahə ilə kifayətlənməyərək, əskik sahənin 23.6 kv.m olmasını qeyd etmişdir və həmin məbləğə görə 10772 manat maddi ziyan tələb etmişdir. Halbuki, heç bir əlavə sübutetməyə ehtiyac olmayan texniki pasportda ümumi sahə qeyd edilmişdir. Müqavilədə mənzilin sahəsi 139.7 kv.m göstərilmişdir və bu sahə mənzilin bayır və ara divarlarının altındakı sahələr nəzərə alınmaqla hesablanmışdır. Hesab edirlər ki, iş üzrə ekspertiza təyin edilərək ara və bayır divarların altındakı sahələr nəzərə alınmaqla və azalma əmsalı tətbiq edilmədən mənzilin ümumi sahəsinin həqiqətən də 139.7 kv.m olması qənaətinə gəlmək mümkündür. Təbii ki, qarşı tərəf bu cür hesablanmanın qanunsuz və Şəhərsalma qanunvericiliyinə uyğun olmaması fikirini bildirə bilər. Lakin qeyd edilməlidir ki, əqd və ya onun hər hansı bəndi nə qədər ki, etibarsız hesab edilməyib, həmin anadək onun hüquqi qüvvəsi əqdin tərəfləri üçün qüvvədədir. Bu barədə AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6-cı, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 Aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir “....Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar...”. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi müqavilə qanunvericiliyə zidd olduğuna görə etibarsız hesab edilməyibsə, həmin müqavilə tərəflər üçün məcburi hüquqi qüvvəsi tanınır. Qeyd edilənlərlə yanaşı iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin, 386.1-ci maddəyə görə öhdəliklərin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə “Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Yuxarıda qeyd edilən maddələrin qarşılıqlı təhlilindən görünür ki, iddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Odur ki, iddia müddətinin tətbiqi, hazırkı halda iddianın rədd edilməsi əsaslarından biri kimi çıxış edir və hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Hətta hazırkı mübahisəyə əsassız varlanmadan irəli gələn müddətin deyil, müqavilədən irəli gələn mübahisələr üzrə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiqi fikri ortaya atılarsa, yenə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Belə ki, müqavilədən göründüyü kimi iddiaçı mənzili xx.xx.2013-cü ildə almışdır. İddiaçı xx.xx.2016- cı ildə mülkiyyət hüququna dair çıxarış və xx.xx.2016-cı il tarixli texniki pasport almışdır. Mülkiyyət hüququna dair çıxarış və texniki pasportda mənzilin sahəsi açıq şəkildə qeyd edilmişdir və iddiaçı sənədlərdə qeyd edilmiş sahənin ölçüsünü görmədiyini inkar edə bilməz. İddiaçı iddianı xx.xx.2022-ci il tarixdə qaldırmışdır (iddia ərizəsindəki tarixə əsasən). Buna görə də hesab edir ki, mübahisəsiz sənəd olan mülkiyyət hüququna dair çıxırışın və texniki pasportun alınması tarixləri iddia müddətinin axımının başlanğıc tarixi kimi nəzər alınmalıdır. Beləliklə xx.xx.2016-cı il tarixdən (texniki pasportun alındığı tarix və ya çıxarışın alındığı xx.xx.2016cı il) etibarən iddia müddətinin axımı başlamaqla əsassız varlanmaya görə qanunla müəyyən edilmiş 2 illik iddia müddətinin sonuncu günü xx.xx.2018-ci il tarixdə bitmişdir (əgər bu münasibətə adi iddia müddəti kimi yanaşılıb 3 illik müddəti tətbiq edərsək, müddət xx.xx.2019-cu ildə bitmiş olacaq). Halbuki, iddia müddətinin axımının mübahisəsiz olması məqsədi ilə hüquq müəyyənedici sənədlərin alındığı tarixdən göstərsək də, əslində müddətin axımı faktik olaraq mənzil iddiaçıya təhvil verildiyi tarixdən başlamışdır. Belə ki, bina 2014-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən istismara qəbul edilmiş və həmin tarixdən etibarən mənzil sakinlərin faktiki istifadəsinə verilərək təmirə buraxılmışdırlar. Beləliklə də mənzil istismara verildiyi tarixdən etibarən iddiaçı bu mənzilə daxil olmaq, ölçü işi aparmaq və s. hüquqları faktiki olaraq mövcud olmuşdur. İddiaçı hüququnun pozulduğunu bilməli olduğu vaxtdan heç bir tədbir görməmiş və məsələ barədə heç bir iddia qaldırmamışdır. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 56 nömrəli müqaviləyə əsasən, icraçı Sumqayıt şəhəri. Bakı küçəsində inşa etdiyi 16 mərtəbəli, 2 bloklu binada yerləşən ümumi sahəsi 139.7 kv.m olan mənzili sifarişçiyə satmağı, sifarişçi isə bu müqavilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən 3 otaqlı, ümumi sahəsi 139.7 kv.m olan mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 450 manat, mənzilin ümumi qiyməti 62865 manat məbləğində məüyyən edilmişdir. Sözü gedən mənzilə dair İddiaçı2 Xalıq oğluna xx.xx.2016-cı il tarixdə texniki pasport, xx.xx.2016-cı il tarixdə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və mənzilin sahəsi 116.1 kv.m qeyd edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçılar cavabdeh MTK-nın onlar arasında bağlanmış müqavilədə göstəriləndən daha kiçik sahəli mənzilin ona verdiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, cavabdeh MTK-nın nümayəndəsi isə, iddia müddətinin tətbiqinə dair ərizə təqdim etməklə həmin tələb üzrə iddia müddətinin keçmiş olmasına istinadən iddiaya etiraz etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə müqavilə tələbləri üzrə mülki hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 766-cı maddəsinə əsasən Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 773-ci maddəsinə əsasən Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü tərəflər arasında daha kiçik sahəli olduğu iddia edilən mənzilə dair müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmış, bina 2014-cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən istismara qəbul edilmiş və həmin tarixdən etibarən mənzil sakinlərin faktiki istifadəsinə verilərək təmirə buraxılmışdırlar. Sözü gedən mənzilə dair İddiaçı2 Xalıq oğluna xx.xx.2016-cı il tarixdə texniki pasport, xx.xx.2016-cı il tarixdə isə RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və mənzilin sahəsi 116.1 kv.m qeyd edilmişdir. Bununla belə iddiaçılar həmin tarixlərdən sonra cavabdehə qarşı mənzilin sahəsinin əskik olduğuna dair, başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair hər hansı tələb irəli sürməmiş, yalnız xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmasından və mənzilin təhvil verilməsindən 9 ildən artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə çıxış etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəyə iddia müddətinin tətbiqi iddianın rədd edilməsi üçün birmənalı əsasdır. Məhkəmə ümumilikdə iddiaçıların iddia tələbini cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq edərək rədd etdiyindən, digər əsaslarla iddianın rədd edilməsinin əsaslandırılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTKya qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş 152 (bir yüz əlli iki) manat iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Xalıq oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 152 (bir yüz əlli iki) manat iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar