Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5283/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbi üzrə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində müddətsiz əmək müqaviləsi əsasında mühasib vəzifəsində işləmişdir. Daha sonra struktur dəyişikliyi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi əsasında “Əlilliyi olan şəxslərin peşə-əmək Reabilitasiyası Mərkəzi”nin Təsərrüfat və xidmət şöbəsində “şöbə müdiri” vəzifəsinə təyin edilmişdir. Daha sonra isə cavabdeh tərəfindən hər 6 aydan bir müddətli əmək müqaviləsi yenilənərək xx.xx.2025-ci il tarixədək davam etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Nəticədə, cavabdehin hər hansı maraqları səbəbindən iddiaçı 10 illik işini itirmişdir. Cavabdehin həmin əmri qanunsuzdur və ləğv olunmalıdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmaması xahiş etmişdir. Cavabdeh tərəf iddiaya dair yazılı etirazını və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarına İddiaçı əmək kitabçasının surəti əlavə edilmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən müəyyən edilir ki, işçi İddiaçı xx.xx.2015-ci il tarixdə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində mühasib vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, İddiaçı əmək müqaviləsi xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Əlilliyi olan şəxsləin Peşə-əmək X1 və xidmət şöbəsinin şöbə müdiri (yardımçı şöbə) vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilə müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan işəgötürən Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-3/3-4-296/2025 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Əlilliyi olan şəxsləin Peşə-əmək X1 və xidmət şöbəsinin şöbə müdiri vəzifəsində işləyən İddiaçı 04 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 mart 2025-ci il tarixdən xitam verilmişdir. İş materiallarına İddiaçı tərəfindən telefon və vatsapp sosial şəbəkəsində danışıqlara dair məlumatlar təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və 73-cü maddələri çıxış edir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlana bilər. Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, işçi İddiaçı xx.xx.2015-ci il tarixdə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində mühasib vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, İddiaçı əmək müqaviləsi xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Əlilliyi olan şəxsləin Peşə-əmək X1 və xidmət şöbəsinin şöbə müdiri (yardımçı şöbə) vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmış, işəgötürən Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-17-3/3-4-296/2025 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin Əlilliyi olan şəxsləin Peşə-əmək X1 və xidmət şöbəsinin şöbə müdiri vəzifəsində işləyən İddiaçı 04 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə 04 mart 2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlı olmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya prosedurasına başlamış, xx.xx.2025-ci il tarixdə İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə mövcud məhkəmə təcrübəsinin mövqeyindən çıxış edərək qeyd edir ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. Ona görə də, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqaviləsi bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərin sayının və ştatının ixtisara görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. İşəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümü xarakter daşıması və.s) çıxış edərək müddətli əmək müqaviləsinə keçirilməsi işdən görünmür. Əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçmişdir. Deməli, sosial xidmət göstərilməsi ilə bağlı işlərlə əlaqədar Sosial Xidmətlər Agentliyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir. Məhkəmə tərəfindən hazırlıq iclaslarında cavabdeh qurumun nümayəndəsi tərəfindən 2020-ci ilin avqust-sentyabr aylarında bağlanmış anoloji müqavilələr üzrə (əgər varsa) 3 aylıq deyil, fərqli müddətə bağlanmış əmək müqavilələr məhkəməyə təqdim edilməmişdir. Burada məqsəd odur ki, hazırki mübahisə üzrə faktiki halları digər işçilərin əmək müqavilələri üzr müddətlə qarşılaşdırmaqla həmin müqavilələr üzrə müəyyən edilmiş müddətin işçinin iradı ifadəsini əks etdirib-etdirməməsini müəyyən etmək olmuşdur. Yəni, əgər bağlanmış müqavilə həqiqətən də işçinin iradə ifadəsidirsə (müddətlə bağlı hissədə) ondan cavabdeh qurumda işləyən işçilərin iradə ifadəsi standart formada eynilik təşkil edə bilməz. İradə ifadəsi şəxslərə görə fərqləndiyindən müqavilə müddətlərində də əsaslı olaraq cüzi də olsa (4-5-6-8-9 ay və s.) fərq olmalıdır. Lakin, cavabdeh qurum tərəfindən fərqli müddətə bağlanmış digər müqavilə (lər) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə prezumpsiya olaraq hesab edir ki, fərqli müddətə bağlanmış müqavilə cavabdeh qurumda mövcud deyildir. Deməli, hazırki mübahisə üzrə əmək münasibətləri üzrə 3 aylıq müddətin müəyyən edilməsi işçinin deyil, işəgötürənin iradə ifadəsidir. Bundan əlavə, araşdırma zaman müəyyən edilir ki, iddiaçı uzun illər cavabdeh qurumla (hüquqi varislik nəzərə alınmaqla) əmək münasibətlərində olmuş, barəsində heç zaman intizam tənbehi tətbiq edilməmiş işçinin hazırki şəraitdə işdən çıxarılması qanuni və əsaslı hesab edilə bilməz. Müddətli əmək müqaviləsinə xitam verilməsi işəgötürənin hüququ olsa da, hüquqdan sui-istifadə etmək qadağandır. Müqaviləyə xitam verilmənin əsası pərdələnməməli, işçinin əmək hüquqları işəgötürənin sərhədsiz mülahizə sərbəstliyi çərçivəsində pozulmamalıdır. Əmək qanunvericiliyində müəyyən edilmiş səlahiyyətlərdən yalnız qanunun qarşısına qoyduğu məqsədlərə çatmaq üçün istifadə etmək yolveriləndir. Dispozitivlik imkanı qanunun məqsədilə uyğun olmalı, subyektə sərhədsiz səlahiyyət verməməlidir (şəxsin hüququnun sərhəddi digər şəxsin hüququnun pozulduğu yerdə bitir). Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə dispozitiv imkandan istifadə etmiş işəgötürən hakimiyyət subyekti olmaqla həm də müqavilə üzrə faktiki olaraq üstün tərəfdir. İşçi ilə işəgötürən arasında faktiki olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Lakin, hazırki mübahisə üzrə hüquqi baxımdan fasiləsizlik mövcud deyildir. Belə ki, fasiləsiz (günə-gün) 5 illik müddət xx.xx.2025-ci il tarixdə tamam olacaqdır. Sturuktur dəyişiklikləri ilə əlaqədar iddiaçının əmək münasibətlərinə xitam verilməsi formal xarakter daşısa belə, qanunun normasının hərfi mənasına şərtsiz əməl edilməli, normanın mənası hədsiz formada genişləndirilməməlidir. Qanunun normasının şərhi isə qarşıya qoyulan məqsədlərə uyğun aparılmalı, normanın mahiyyətinə zidd şəkildə gərəksiz genişləndirmə və ya məhdudlaşdırılmaya yol verilməməlidir. Əks halda, “hüquqi müəyyənlik” prinsipinin şərtləri pozulmuş olacaq. Qanunçuluq prinsipinin təmin edilməsi, eyni situasiyalarda fərqli qərarların qəbul edilməməsi üçün norma şərtsiz tətbiq edilməlidir. Əgər ədalət, humanizm prinsipindən çıxış edərək normanı geniş şərh etsək, şərh edən subyektlərin yanaşmaları nöqteyinəzərdən fərqli nəticələr, dolayı yolla eyni faktiki hallara məxsus olan mübahisələr üzrə fərqli qərarlar qəbul ediləcəkdir ki, bu da dövlət nöqteyi-nəzərdən ümumi vəziyyətdəki nəticə olaraq ədalətsizliyə səbəb olacaqdır. Normayaratma fəaliyyəti qanunverici hakimiyyətə məxsusdur. Məhkəmə hakimiyyəti isə yaradılmış normanı tətbiq etməli və gərək olarsa normanı müəyyən sərhədlər çərçivəsində şərh etməlidir. Bu qaydaya əməl edilməməsi “hakimiyyətin bölünməsi” prinsipinə ziddir. O da nəzərə alınmalıdır ki, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı əmək münasibətlərinin qanunun tələbi əsasında özözlüyündə müddətsiz xarakterə keçid etməsi barədə hüquqi nəticədir. Həmin nəticənin sanki məhkəmə qərarı əsasında təmin edilirmiş kimi qeyd edilməsinə hüquqi zərurət yoxdur. Yəni, məhkəmə qətnaməsində qeyd edilib-edilməməsindən asılı olmayaraq tərəflər arasında əmək münasibətləri 5 ildən artıq müddətə davam etdikdə müddətsiz əmək müqaviləsi hesab edilir və iddiaçı ilə əmək müqaviləsi müddətsiz formada bağlanmalıdır. Hazırki mülki iş üzrə mübahisəli olan əsas hissə iddia müddətinin ötürülməsi ilə bağlıdır. Müəyyən edilir ki, 1 aylıq iddia müddəti cavabdeh tərəfindən 4 aydan artıq müddətə ötürülmüşdür. Cavabdeh tərəf məhz bu əsasla iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. Cavabdeh arqumentlərinə münasibətdə məhkəmə bildirir ki, araşdırma zamanı müəyyən edilir ki, iddiaçı Laçın rayonundan olan məcburi köçkündür. Ailənin yeganə gəlir mənbəyidir. İddiaçı işdən çıxırarıldıqdan sonra işəgötürənin hərəkətlərindən Prezident Administrasiyasına və ölkənin ali vəzifəli şəxslərinə şikayətlər ünvanlamışdır. Həmin şikayətlər aidiyyatı üzrə araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Həmin şikayətlərdəki xüsusatlarla əlaqədar X2 iddiaçı ilə əlaqə saxlanılmış və ona müxtəlif iş təklifləri edilmişdir. Təkliflərin birinə əsasən iddiaçı Laçın rayonunda təşkil olunan müxtəlif əmək yarmarkalarında iştirak etmiş, iddiaçıya Laçın rayonunda yerləşən hotellərin birində işlə təmin olunacağı bildirilmiş, onun kadr sənədləri toplanmışdır. İddiaçı əslən Laçın rayonundan olmasını, orada mənzillə təmin ediləcəyini nəzərə alaraq iş yerinin də Laçın rayonundan olması ilə razılaşmışdır. Onun işlə təmin olunacağı X3 səlahiyyətli şəxsləri tərəfindən bildirilsə də, sonda mümkün olmamışdır (bu barədə müvafiq yazışmalar, telefon danışıqları əlavə edilmişdir). Bu hallar cavabdeh tərəfindən təkzib edilməmiş, əks arqumentlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni, həm Sosial Xidmətlər Agentliyi, həm də Dövlət Məşğulluq Xidməti bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir, nazirlik onların fəaliyyətinə birbaşa nəzarət edir. İddiaçının şikayətlərində olan halların aradan qaldırılması üçün nazirliyin bir qurumu tərəfindən işlə təmin olunacağı barədə əsaslı vədlər verilmiş, lakin güman edilən obyektiv səbədlərdən həyata keçirilməmişdir. Nazirliyin digər qurumu olan cavabdeh isə iddia müddətinin ötürülməsini bildirməklə iddia tələbinin rədd edilməsini xahiş edir. Dövlətin sosial (daxili) siyasətində əsas yer tutan hallardan biri də işçilərin əmək hüquqlarının müdafiəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhz bu funksiyanı icra edir. Nazirlik özü də işçilərin əmək hüquqlarının müdafiəsində maraqlıdır. Hazırki situasiyada isə mümkündür ki, obyektiv səbəblərdən iddiaçının işlə təmin edilməsi mümkün olmamışdır, lakin, bunun özü də nazirliyin tabeçiliyində olan yuxarıda qeyd edilən qurum tərəfindən təmin edilməmişdir (mümkün olmamışdır). Eyni nazirliyin qurumların fəaliyyəti ilə bağlı anlaşılmazlığın neqativ yükünün işçinin üzərinə qoyulması ədalətli hesab edilmir, əmək qanunvericiliyi, iddia müddətinin məqsədlərinə xidmət etmir. İddia müddətinin tətbiq edilməsinin məqsədi iddiaçının hüquqlarını operativ qaydada qorumaqda maraqlı olmasının, iddiaçının hüquqi baxımdan intizamsızlığının aradan qaldırılmasının təmin edilməsidir. Hazırki mülki iş üzrə iddiaçı işəgötürənin də tabe olduğu nazirliyin tabeliyində olan digər dövlət qurumuna arxayın olmuş, nəticədə iddia müddəti ötürülmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsindəki, “...digər obyektiv hallar...” xüsusatı diqqətə alınmalı və bu hissədə məhkəmənin özünə qiymətləndirmə azadlığı verilməlidir. Norma varsa, normanın şərhi hüquq tətbiq edən məhkəmə tərəfindən həyata keçirilə bilər. Lakin, burada əsas məsələ şərhin normanın və qanunvericiliyin məqsədlərinə uyğun formada həyata keçirtmək iradəsidir. Hazırki mübahisənin faktiki halları imkan verir ki, iddia müddətinin ötürülməsi məhkəmə tərəfindən “digər obyektiv hal” kimi qiymətləndirilsin. Hazırki mübahisə üzrə iddia müddəti ötürülməsə idi, iddianın tam təmin olunacağı xüsusatı diqqətə alınır, sırf müddətlə iddianın rədd edilməsi mövqeyindən çəkinilir. İddiaçı sırf əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən çıxarılmışdır. Yəni, iddiaçı digər ciddi intizam pozuntuları ilə işdən çıxarılmış olsa idi, məhkəmə işəgötürənin mənafelərini xüsusi diqqətə almaqla müddətin bərpa olunması məsələsinə daha həssas formada hüquqi qiymət verərdi. Hazırki vəziyyətdə iddiaçınınn işə bərpa olunmasının cavabdeh işəgötürənin maraqlarını əhəmiyyətli dərəcədə pozmur (faktiki hallar nəzərdə alınmaqla). İşəgötürən əmək müqavilələrinə fərdi istəklə deyil, əmək qanunvericiliyinin ruhu və normaların qarşısına qoyduqlara məqsədlərə çatmaq niyyəti ilə xitam verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə qərar qəbul edərkən ədalətli nəticələrə çatmağı qarşısına məqsəd qoyur. Göstərilənlər nəzərə alınmaqla, iddia müddətinin ötürülməsi üzrlü hesab edilməli, müddət bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən əmrin əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Münasibətin xarakteri nəzərə alınmaqla hazırki mülki iş üzrə sübutetmə yükü daha üstün tərəf olan və müvafiq əmri qəbul edən cavabdehin üzərindədir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən iddia müddətinin buraxılması üzrlü hesab edilməli və buraxılmış müddət bərpa edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn xx.xx.2023-cü il tarixli 3-17-3/3-4-256/2025 saylı əmri ləğv edilməli, İddiaçı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək X1 və xidmət şöbəsinin müdiri vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən iddia müddətinin buraxılması üzrlü hesab edilsin və buraxılmış müddət bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn xx.xx.2023-cü il tarixli 3-17-3/3-4-256/2025 saylı əmri ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehn Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək X1 və xidmət şöbəsinin müdiri vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxmaya görə xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-5283/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5283/2025
30.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver