Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5287/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 42 saylı Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 42 saylı Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 42 saylı Notariat Ofisinin xüsusi X1 tərəfindən aparılmış 8İ-1528 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 71 ünvanında yerləşən "X4 Cəmiyyətinin VÖEN:********** xeyrinə müddət üçün vaxtında ödənilməmiş 7584 manat 93 qəpik( yeddi min beç yüz səksən dörd manat doxsan üç qəpik) və 6 manat 81 qəpik (altı manat səksən bir qəpik) məbləğin tutulması barədə 8İ-1528 №-li, xx.xx.2025-ci il tarixli İcra qeydi aparılmışdır. İcra qeydi ilə razılaşmayaraq aşağıdakı səbəblərdən onu əsassız hesab edirlər. Bildirirlər ki, qeyd olunan icra sənədinə səbəb olmuş Bakı şəhəri 42 saylı Notariat Ofisinin xüsusi notariusunun icra qeydi onlara rəsmi qaydada təqdim olunmamış və İcra qeydindən yalnız İcra şöbəsinin tərəfindən icraya dəvət edildikdən sonra, xx.xx.2025-ci il tarixdə məlumatları olmuşdur. Bu borcla razılaşmırlar, tərəflərindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Qeyd etmək istərdilər ki, qanunvericiliyin tələblərinə əsasən Notariusda İcra qeydi həyata keçirilməmişdən öncə tələbkar tərəfindən icra qeydinin aparılmasına 20 gün qalmış bu barədə onların ünvanlarına heç bir bildiriş daxil olmamış və məlumatlandırılmamışlar. Bu halda bu icra qeydinin aparılması həyata keçirilə bilməz. Bu da icra qeydinin qanunvericiliyin tələblərindən kənara çıxmaqla tərtib edildiyinin göstəricisidir. Əlavə olaraq bildirlər ki, qanunvericiliyə əsasən İcra qeydinin aparılması üçün növbəti ödənişlərin müddətini keçirməyə görə vətəndaşlardan borcu və müamiləni tutmaqdan ötrü icra qeydi almaq üçün borclunun tapşırıq-öhdəliyinin əsli, borcun (müamilənin) məbləği və ödənilməsi müddətləri göstərilməklə, borclunun şəxsi hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışı təqdim olunmağı tələb olunur. Yuxarıda qeyd etdikləri faktlara və dəlillərə əsasən hesab edirlər ki, Bakı şəhəri 42 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən aparılmış 8İ-1528 №-li, xx.xx.2025-ci il tarixli İcra qeydi ləğv olunmalıdır. Məhkəmə "xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, baxış iclasının onların iştirakı olmadan keçirilərək, icra qeydinin ləğv edilməsi tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 26 may tarixli bildirişi almamışdır. O, borcunu ödəməyə hazırdır. O, banka 11.000 manata yaxın pul ödəmişdir. İndi isə onlar 2500 manat pulu ödəmədiyinə görə onu çətin vəziyyətə salıblar. Həmçinin, qeyd edir ki, qardaşının vəziyyəti yaxşı deyil. Borcu bağlamağına vaxtı ola-ola avqust ayından etibarən ona zamin duran qardaşının mülkiyyətində olan maşının üzərinə həbs qoyulub və satışa çıxarılıb. Onu da bildirir ki, o, "xxxx" ASC-dən bir neçə dəfə kredit götürmüş və ödənişlərini də vaxtı-vaxtı etmişdir. Hazırkı müqavilənin qüvvədə olma müddəti başa çatmamışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Borc verən "xxxx" ASC ilə borc alan İddiaçı1 Nizami oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSBK-861 nömrəli kredit müqaviləsinə əsasən, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 % faiz hesablanmaqla 36 (otuz altı) ay müddətinə ödənilməsi şərtilə 17.000 manat (on yeddi min manat 00 qəpik) məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan "Kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi adəsinə götürmüşdür. Borc verən "xxxx" ASC ilə zamin İddiaçı2 və borc alan İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSBK-861 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı2 İddiaçı1 ("Borc alan") ilə Kreditor (Bank) arasında bağlanmış NSBK-861 saylı, xx.xx.2023 tarixli Kredit Müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor (Bank) arşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan və borc alan İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSBK-861 nömrəli daşınar əmlakın girov müqaviləsinə əsasən, Yüklülük verən 17 fevral 2023-ci il tarixli NSBK-861 saylı Kredit müqaviləsi üzrə illik 21% (iyirmi bir) faiz ödənilməsi şərtilə aldığı 17000 (on yeddi min) AZN məbləğində kredit üzrə öhdəliklərinin təminatı olaraq, mülkiyyət hüququ ilə ona məxsus olan və girov kimi çıxış edən, bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz hissəsini təşkil edən siyahıda göstərilən Yüklülük verənə məxsus daşınar əmlak-biznes əmtəəsi (bundan sonra Girov predmeti» adlanacaq) Yüklülük sahibinə girov qoyurı. Müqavilənin 2.1-ci maddəsinə əsasən, Yüklülük verən tərəfindən təqdim edilmiş sənədlərə və bu Müqaviləyə əlavə edilmiş girov qoyulan əmlakın siyahılarına əsasən girov qoyulmuş predmetin (predmetlərin) dəyəri 20000 (iyirmi min) AZN təşkil edir, Bakı şəhəri 23 saylı Notariat ofisi məhkəmənin sorğusuna cavab olaraq, Bakı şəhəri 42 saylı Notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2025-ci il tarixli, 8İ-1528 reyestr nömrəli icra qeydi ilə əlaqədar notariat işinin surətini məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş: Bakı şəhəri 42 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ -1528 reyestr nömrəli icra qeydinə əsasən təklif edilmişdir ki, həmin sənədlər üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 NSBK-861 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7584 manat 93 qəpik (yeddi min beş yüz səksən dörd manat doxsan üç qəpik) tutulsun. Bundan əlavə təklif edilmişdir ki, borclular İddiaçı1, İddiaçı2 6 manat 81 qəpik (altı manat səksən bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 7616 manat 74 qəpik (yeddi min altı yüz on altı manat yetmiş dörd qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış RB-02/PK-2210 nömrəli, xx.xx.2025-ci il tarixli “icra qeydinin aparılacağı barədə bildiriş”in surətindən və ona əlavə edilmiş qaimədən görünür ki, borcluya xx.xx.2025-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi, xx.xx.2025-ci il tarixdən etibarən isə lazımınca icra edilməməsi və icranın gecikdirilməsi nəticəsində xx.xx.2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli NSBK-861 saylı sənəddən irəli gələrək 7177,83 manat məbləğində əsas borc, 407,1 manat məbləğində faiz və 6,81 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7591,74 manat borcun borcun 20 gün müddətində ödənilməsi, əks halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. Borclu bildirişi xx.xx.2025-ci il tarixində almışdır. "xxxx" ASC tərəfindən İddiaçı2 ünvanlanmış RB-02/PK-2211 nömrəli, xx.xx.2025-ci il tarixli “icra qeydinin aparılacağı barədə bildiriş”in surətindən və ona əlavə edilmiş qaimədən görünür ki, borcluya 7177,83 manat məbləğində əsas borc, 407,1 manat məbləğində faiz və 6,81 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7591,74 manat borcun borcun 20 gün müddətində ödənilməsi, əks halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu İddiaçı1 17 Fevral 2023-cü il tarixli, NSBK-861 saylı müqaviləsi üzrə 22 May 2025ci il tarixinə olan əsas borcu 7177,83 manat, faiz borcu 407,1 manat, cərimə borcu 6,81 manat olmaqla cəmi 7591,74 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən (739-cu maddə əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borc verən "xxxx" ASC ilə borc alan İddiaçı1 Nizami oğlu arasında xx.xx.2023-cü il tarixli NSBK-861 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Borc verən Borc alana əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 % faiz hesablanmaqla 36 (otuz altı) ay müddətinə ödənilməsi şərtilə 17.000 (on yeddi min) manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan "Kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi adəsinə götürmüşdür. Borc verən "xxxx" ASC ilə zamin İddiaçı2 və borc alan İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSBK-861 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı2 İddiaçı1 ("Borc alan") ilə Kreditor (Bank) arasında bağlanmış NSBK-861 saylı, xx.xx.2023 tarixli Kredit Müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor (Bank) arşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 8İ-1528 reyestr nömrəli icra qeydi verilmişdir. Həmin icra qeydinə əsasən təklif edilmişdir ki, həmin sənədlər üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı2 NSBK-861 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7584 manat 93 qəpik (yeddi min beş yüz səksən dörd manat doxsan üç qəpik) tutulsun. Bundan əlavə təklif edilmişdir ki, borclular İddiaçı1, İddiaçı2 6 manat 81 qəpik (altı manat səksən bir qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 7616 manat 74 qəpik (yeddi min altı yüz on altı manat yetmiş dörd qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2025 tarixdə aparılmışdır. İddianın predmetini Bakı şəhəri 42 saylı notariat ofisi tərəfindən xx.xx.2025-ci il tarixli 8İ-1528 reyestr nömrəli icra qeydinin ləğv edilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Notariat haqqında" AR Qanununun 76-cı maddəsinə əsasən, notarius borclunun öhdəliyi icra etməməsi barədə tələbkarın ərizəsinə əsasən icra qeydi aparır. Həmin maddənin tələbinə görə, tələbkar icra qeydinin aparılmasına azı 20 gün qalmış borcluya bu barədə xəbərdarlıq göndərməlidir. İş materialları ilə müəyyən etmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçılara xx.xx.2025-ci il tarixdə rəsmi bildirişlər göndərilmiş və müvafiq poçt qaimələri işə əlavə edilmişdir. İcra qeydi isə xx.xx.2025-ci il tarixdə aparılmışdır ki, bu da qanunla müəyyən edilmiş 20 günlük müddətə tam riayət olunduğunu göstərir. Bundan başqa qeyd olunmalıdır ki, Notarius icra qeydini apararkən qanunvericiliyin tələb etdiyi bütün sənədlərə (müqavilə, şəxsi hesabdan çıxarış, borcun məbləği barədə arayış) malik olmuşdur. Bank tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayış borcun qalıq məbləğini əks etdirir. İddiaçıların ödənişlərin nəzərə alınmaması barədə iddiaları heç bir bank sənədi və ya ödəniş qəbzi ilə sübuta yetirilməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçılarla "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli NSBK-861 nömrəli kredit və zaminlik müqavilələri üzrə onların bank qarşısında borc öhdəliyi yaranmışdır. İddiaçı1 məhkəmə iclasında borcun bir hissəsini ödəyə bilmədiyini və maliyyə çətinliyi çəkdiyini bildirməklə, borcun mövcudluğunu faktiki olaraq etiraf etmişdir. İddiaçının ailə vəziyyəti, maddi çətinlik çəkməsi və əvvəllər intizamlı ödənişlər etməsi barədə arqumentləri müqavilə öhdəliklərinin icrasından azad etmək və icra qeydinin ləğvi üçün hüquqi əsas deyil. Mülki qanunvericiliyə görə, öhdəliklər lazımi qaydada və müəyyən edilmiş müddətdə icra edilməlidir. İddiaçı2 maşını üzərinə həbs qoyulması ilə bağlı şikayəti hüquqi cəhətdən əsassızdır. Mülki Məcəllənin normalarına və xx.xx.2023-cü il tarixli NSBK-861 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, borclu öhdəliyi icra etmədikdə Zamin və Borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bankın borcu borc alanla yanaşı zamindən tələb etməsi və ya borcun onun əmlakına yönəldilməsi qanunvericiliyin tələblərinə uyğundur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, xüsusi notarius X2 tərəfindən aparılmış 8İ-1528 nömrəli icra qeydi qanunvericiliyin tələblərinə uyğundur və onun ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 42 saylı Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 42 saylı Notariat ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5287/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5287/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver