Məhkəmə qərarları › İş №2(004)-529/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-529/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-529/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı fərdi yaşayış evinə köçürülməyi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Mürsəliyeva (Səmədova) Səbinə Aydın qızı iddiaçının bacısı oğlu X1 həyat yoldaşıdır. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2008-ci il tarixli, 2(004)-1146/2008 saylı qətnaməsi ilə həyat yoldaşından boşandıqdan 8 il sonra, yəni 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 2(004)- 7003/2016 saylı qətnaməsi ilə X2 2 oğul övladları ilə birlikdə heç vaxt yaşamadıqları (bu evdə onun keçmiş həyat yoldaşı X4 yalnız qeydiyyatı olmuşdur) Bakı şəhəri, Yasamal rayonu, 14-cü Nərimanov döngəsi, 8 saylı evdə yerləşən 2 otaq və mətbəxdən ibarət mənzilə köçürülməsi qət edilmişdir. Mülki iş üzrə iddiaçı cavabdeh tərəf olsa da, mübahisəli evdə yaşasa da, ona heç bir məhkəmə bildirişi göndərilməmiş, bu səbəbdən də heç bir məhkəmə iclaslarında iştirak etməmiş və təbii ki, məhkəmənin qəbul etdiyi mübahisəli qətnaməsindən xəbəri olmamışdır. Belə bir məhkəmə qətnaməsinin mövcud olması barədə bu yaxınlarda məlumatı olmuş və onu məhkəmədən əldə etmişdir. Sözügedən fərdi ev onun ata evi olmaqla, heç kəsin şəxsi mülkiyyətində deyil. İddiaçı xx.xx.1959-cu il tarixdə bu evdə doğulmuş, bütün ömür boyu da bu evdə yaşamış, qeydiyyatı da ailə üzvləri ilə birlikdə 1976-cı ildən həmin evədir. 2016-cı ilin yay aylarında cavabdeh X3 oğlanları ilə birlikdə iddiaçıya məxsus evə qonaq qismində gəlmiş, sonradan bu evdən getmək istəməmiş, onu sıxışdırmağa, öz şərtlərini diktə etməyə başlamış, evdə özünün müəyyənləşdirdiyi qaydalarla yaşamağa məcbur etməyə cəhdlər etmişdir. Bir müddət sonra isə evin qapısına onun qoydurduğu qıfılı qıraraq yenisi ilə əvəz etdirmiş, açarını isə ona verməkdən imtina etmişdir. Bu üsulla o, iddiaçını yaşadığı öz doğma ata evindən qovub, əşyalarının bir qismini də küçəyə çıxartdırmışdır. Evindən qovulduqdan sonra yaşamağa yeri olmadığı üçün məcburən Bakı şəhərinin Xətai rayonunda mənzil kirayələmişdir. Halhazırda həmin mənzildə yaşayır. Maddi vəziyyətinin cox ağır olduğu bu dönəmdə üstəlik hər ay kirayə haqqı ödəmək onu çıxılmaz duruma salmışdır. Ona görə də dəfələrlə doğulub böyüdüyü ata evinə qayıtmağa, orada yaşamağa cəhdlər göstərsə də cavabdeh X3 hər dəfə buna qətiyyətlə mane olmuş, nəinki o evdə yaşamağa, hətta evə daxil olub onunla söhbət etməyinə belə ona icazə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında cavabdeh iddiaçının nümayəndəsinin vəsatətinə etiraz edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, iddiaçı 30 ildən çoxdur ki, ailə həyatı quraraq daimi yaşamaq üçün ərinə məxsus evə köçmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.” Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən və Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə edilmiş hüquqi mövqeyə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun qeydiyyatda olduğu yaşayış sahəsinə istifadə hüququnu ehtiva etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı iddiası rədd edildiyi üçün onun tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar