Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5306/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X17 Böyükağa oğlu, iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdehlər Cavabdeh1 Bəhman oğlu və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bəhman oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 qarşı mənzildən çıxarılma tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ələkbərov BöyükX18 oğlu cavabdehlər Cavabdeh1 Bəhman oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, X7, X4, X5 və X2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X5, Cavabdeh6, X7, X3 və X1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 13 saylı evin 25 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 13, 25 saylı mənzil dövlət tərəfindən xx xxx 1993-cü ildə ona verilmiş və həmin mənzil onun mülkiyyətindədir. O, həmçinin sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. 1993-cü ildə cavabdehlər (Cavabdeh1 və onun ailə üzvləri) Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə gəlmişlər, mübahisə predmeti olan mənzilimi zəbt edərək, orada məskunlaşmışlar. O, mənzilə tanımadığı şəxslərin (cavabdehlərin) girdiyini gördükdən sonra həmin mənzili tərk etmələrini tələb etmiş, lakin onlar imtina etmişdirlər. Bundan sonra da, o bir neçə dəfə onlardan mənzilini tərk etmələrini tələb etsə də, cavabdehlər yenə razılaşmamış və mübahisəli mənzildən çıxmamış, bununla da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşlar. Cavabdehlərin ona məxsus mənzildən çıxarılması üçün müvafiq dövlət orqanlarına müraciət etməyinə baxmayaraq, bu günə kimi cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları mümkün olmamışdır. İllərdir ailəsi ilə birikdə ünvan 1 ünvanında ümumi həyətdə yerləşən həddən artıq şəraitsiz, kommunal problemləri olan, rütubətli, kiçik yarızirzəmi mənzildə yaşayır. Həyət nahamar ərazidə yerləşdiyi üçün evə kanalizasiya sistemi çəkilməmiş, bu səbəbdən sanitar qovşaq mənzildən uzaqda yerləşir. Soyuq havalarda xüsusən gecələr onun kimi yaşlı adamlar üçün sanitar qovşaqdan istifadə etmək çox çətinləşir. Yağış suları bəzən evin içinə qədər axır. Ailə üzvləri və o, illərlə bu cür ağır şəraitdə yaşayaraq, müxtəlif xəstəliklər tapmışlar. Ürəyindən iki dəfə əməliyyat olunmuşdur. O və 25 illik mühəndislik fəaliyyəti olan həyat yoldaşı Səadətxanım Ələkbərova şəkər, təzyiq xəstəliklərindən əziyyət çəkir. Xanımı həm də X6 Klinikasında qeydiyyatdadır. Onun və həyat yoldaşının səhhətində yaranan sözügedən problemlər artıq həmin evdə yaşamağına imkan vermir. Başqa yaşaya biləcəyi mənzil də yoxdur. Təəssüf hissi ilə qeyd etmək istərdi ki, keçmiş SSRİ Memarlar İttifaqının üzvü olmağına və 46 illik memarlıq fəaliyyətinə baxmayaraq, mülkiyyəti ona məxsus olan zəbt edilmiş mənzilində yaşaya bilmir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, X5, X7, X3, X1 azyaşlı olduqları üçün cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 azyaşlı uşaqları X5 və X8 ilə birlikdə, Cavabdeh4 azyaşlı uşaqları X7 və X3 ilə birlikdə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, ev 13, 25 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı Ələkbərov BöyükX16 nümayəndəsi X17 Böyükağa oğlu da, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Bəhman oğlu iddia tələbini etiraz edərək bildirdi ki, düzdür, sözü gedən mənzil iş üzrə iddiaçıya məxsudur. Lakin onlar Laçın rayonundan məcburi köçkün düşdükləri üçün hazırki mübahisə predmeti olan mənzilə köçmüşlər. Onlar mənzilə köçərkən mənzil istifadəyə yararsız olmuşdur. Sonradan isə əlavə xərc çəkərək mənzili abadlaşdırmışlar. Onlara ev verilməsinə dair Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş və müraciətlərinə əsasən onlara 2019-cu il tarixdə məktub ünvanlanaraq ev veriləcəyi bildirişmişdir. Hal-hazırda başqa yaşayış yerləri olmadığından, sözü gedən mənzildən çıxa bilməzlər. Onlara ev veriləcəyi təqdirdə mənzili boşaldacaqlar. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 da, iddia tələbinə etiraz edərək bildirdi ki, onlar Laçın rayonundan məcburi köçkün düşərək hazırki mübahisəli mənzildə məskunlaşmışlar. Mənzildə hal-hazırda onlardan başqa övladlarının ailəsi və nəvələri də, yaşayırlar. Mənzilə köçərkən orada şərait olmamış, lakin buna baxmayaraq getməyə başqa yerləri olmadığından məcburi qaydada mənzilə daxil olmuşlar. Ondan sonra borc-xərc edərək, banklardan kredit alaraq mənzili təmir etdirmişlər. Düzdür onlar mənzilin iddiaçıya məxsus olmasını danmırlar. Onların həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Bügünki gündə Laçın rayonu işğaldan azad olsa da, orada mənzilin tikilməsi uzun çəkəcəkdir və gələcəkdə onlara ev verilsə, mənzili boşaldaraq iddiaçıya təhvil verə bilərlər. Həmin vaxt istə mənzilə girdikləri formada, yəni beton panel formasında təhvil verəcəklər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərddar edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadam baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alımışdır. İş materiallarında olan 19 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Bəhman oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, X7, X4 və X8 ünvan 2 ünvanında Laçın rayonundan məcbur köçkün kimi məskunlaşmışlar. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Qanun 5-ci maddəsinə görə “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydaları”nın 4-cü bəndinə əsasasən müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin hüquqlarını pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulubpozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus olan mənzili zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 Bəhman oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, azyaşlı uşaqları X5 və X8 ilə birlikdə, Cavabdeh4, azyaşlı uşaqları X9 və X3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 1 küçəsi, ev 13, 25 saylı mənzildən çıxarılmalıdırlar. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Bəhman oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, azyaşlı uşaqları X5 və X8 ilə birlikdə, Cavabdeh4, azyaşlı uşaqları X9 və X3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal 1 küçəsi, ev 13, 25 saylı mənzildən çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5306/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5306/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver