Məhkəmə qərarları › İş №2(004)-537/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-537/2022

13.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-537/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 30.11.2021-ci il tarixdə müraciət edərək, cavabdehlər Cavabdeh mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 28.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, ünvan 1 ünvanında yerləşən ƏMDK yanında DƏDRX tərəfindən **********09-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 1-ci mərtəbədən 2 otaqlı mənzili 14.08.2021-ci il tarixdə Bakı şəhəri, 14 saylı notariat ofisində AN-1 № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında X1 almışdır. Lakin, mənzilin X1 əvvəlki mülkiyyətçisi olmuş xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh uzun müddət keçməsinə baxmayaraq ünvandakı mənzildə yaşamasa da, formal olaraq bu gunə kimi qeydiyyatda qalmaqdadır. Bu da onun mülkiyyətçi olaraq bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Hazırda cavabdehin harada yaşaması ona məlum deyil. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatda qalmaqdadır. O, bununla bağlı olaraq Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə Ərizə ilə məktub ünvanlamış, lakin ona cavab olaraq, Cavabdeh qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 29,4 m2 olan iki otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 17.08.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan alıcı qismində X3, satıcı qismində Cavabdeh arasında bağlanmış 27.06.2021-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən Cavabdeh ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 29,4 m2 olan iki otaqlı mənzil 43000 manata alıcı X2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan alıcı qismində İddiaçı, satıcı qismində X3 arasında bağlanmış 14.08.2021-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən X3 ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 29,4 m2 olan iki otaqlı mənzili 52300 manata alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı mənzili 2021-ci ildə X1 almışdır. Cavabdeh isə iddiaçı mənzili alarkən orada qeydiyyatda olan mənzilin X1 əvvəlki mülkiyyətçisidir. Cavabdeh həmin evdə qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamır. Hazırda iddiaçı cavabdehin həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 29,4 m2 olan iki otaqlı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tdutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 29,4 m2 olan iki otaqlı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 29,4 m2 olan iki otaqlı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar