Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5429/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik, istifadə hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və mənzil üzərində sahiblik, istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 28 yanvar 2009-cu il tarixli Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 124 nömrəli mənzilin müqavilədə göstərilən şərtlərlə ona təhvil verilməsi və mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixində o, Cavabdeh MMC ilə aralarında daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq cavabdeh tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 124 nömrəli mənzilini satın almışdır. Aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadratı üçün 400 AZN olmaqla tərəfindən mənzilin dəyəri 36.560 manat ödənilmişdir. xx.xx.2009-cu il tarixində mənzilin dəyərini tam ödəməsi barədə ona "xxxx" MMC tərəfindən maliyyə arayışı verilmişdir. O, uzun müddət azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Artıq bir müddətdir ki, cəzasını çəkib gəlmiş və dəfələrlə cavabdehdən ödənişini etdiyi mənzilin təhvil verilməsini tələb etsə də, bugünədək ona mənzil təhvil verilməmişdir. Əfsuslar olsun ki, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu vaxtdan uzun müddət keçsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə mənzilindən istifadə edə bilməməyi səbəbindən hər gün maddi zərərə uğrayır. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2009-cu il tarixində iddiaçı Cavabdeh MMC ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlayaraq cavabdeh tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivində inşa edilən 1 saylı yaşayış binasının 17ci mərtəbəsində yerləşən ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 124 nömrəli mənzilini almışdır. Aralarında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadratı üçün 400 AZN olmaqla iddiaçı tərəfidən mənzilin dəyəri 36.560 manat ödənilmişdir. xx.xx.2009-cu il tarixində mənzilin dəyərini tam ödəməsi barədə ona "xxxx" MMC tərəfindən maliyyə arayışı verilmişdir. İddiaçı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2017-ci ilin may ayında 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkum olunduğu dövrdə cavabdeh "xxxx" MMC tərəfindən mənzillər tam tikilib təhvil verilmədiyinə görə mənzilini təhvil ala bilməmişdir. Məhkum olunduqdan sonra isə binalar tikilib qurtarmış, lakin iddiaçı cəzasını çəkib qurtardıqdan sonra gəlib mənzilini təhvil almaq istədikdə, mənzilin qapısının bağlı olduğunu görmüşdür. Lakin sözügedən mənzil başqa şəxslərə satılmamış, sadəcə "xxxx" ASC tərəfindən mənzilin qapısı bağlanmışdır. Qeyd etmək istəyir ki, cavabdeh "xxxx" MMC ilə "xxxx" ASC arasında sözügedən mənzillə bağlı hər hansı bir alqı-satqı, yaxud girov müqaviləsi bağlanmamışdır. Lakin "xxxx" MMC-nin təsisçilərindən olan X4 ilə "xxxx" ASC arasında xx.xx.2007-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi əsasında ümumi torpaq sahəsi ilə, yəni Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixli, 061/07 saylı girov müqaviləsi bağlanmışdır. İddiaçı dəfələrlə cavabdehə ödənişini etdiyi mənzilin təhvil verilməsini tələb etsə də, bugünədək ona mənzil təhvil verilməmişdir. Əfsuslar olsun ki, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu vaxtdan uzun müddət keçsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Nəticədə mənzilindən istifadə edə bilməməyi səbəbindən iddiaçı hər gün maddi zərərə uğrayır. Ona görə də hesab edirik ki, iddiaçının mənzilindən istifadə və sahiblik etməsinə səbəb olan maneələr məhkəmə yolu ilə aradan qaldırılmalıdır. Həmçinin nəzərə çatdırmaq istəyir ki, iddiaçıya məxsus olan 124 nömrəli mənzilin qapısına iddiaçı tərəfindən telefon nömrəsi qoyularaq qeyd edilmişdir ki, mənzilin sahibi varsa onunla əlaqə saxlasın, lakin hər hansı bir şəxs tərəfindən mənzilin ona məxsus olmasını bildirən olmamışdır. Bundan başqa sözügedən mənzilin "xxxx" MMC tərəfindən təhvil verilməsinə və ya "xxxx" ASC-yə məxsus olmasına dair hər hansı bir sənəd yoxdur. Buna baxmayaraq "xxxx" ASC tərəfindən mənzilin qapısı bağlanmışdır. Bundan başqa qeyd etmək istəyirəm ki, binanın təsisçiləri və direktoru barəsində cinayət işi başlanmış, təsisçilərdən Aqil Qədirov və direktor Elnur Məmmədov azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Hazırda da Ağır Cinayətlər Məhkəməsinin icraatında sənədlərin saxtalaşdırılması faktı ilə bağlı cinayət işi vardır. Lakin 124 nömrəli mənzilin sənədlərinin saxtalaşdırılması, yaxud onun bir neçə şəxsə satılması ilə bağlı hər hansı bir sübut, yaxud araşdırma olmamış, həmin mənzillə bağlı hissədə nə kimsə zərərçəkmiş şəxs, nə də təqsirləndirilən şəxs qismində tanınmamışdır. 2019-cu ildə direktor Elnur Məmmədov və təsisçi Aqil Qədirov həbsdə olduqlarından və təsisçilərdən Maksim Zeynalovun əlindən səlahiyyətlətləri alındığından Bankın əməkdaşları gəldikdə onlara mane ola bilməmiş və onlar da Aqil Qədirovun mənzilləri ona verməsini iddia edərək binaya girmişdir. Bir daha qeyd etmək istəyir ki, girov müqaviləsi 2007-ci ildə bağlanmışdır və həmin müqavilədə hazırda iddiaçıya məxsus olan mənzilin girovla yüklü edilməsinə dair hər hansı bir qeyd edilməmişdir. İddiaçı isə 214 nömrəli mənzili 2009-cu ildə almışdır. Girov müqaviləsində sadəcə 0.40 ha torpaq sahəsinin "xxxx" ASC-yə verilməsi qeyd olunmuş və orada göstərilməmişdir ki, məhz hansı blok və hansı mənzillər girovla yüklü edilir. Həmçinin sözügedən torpaq sahəsi dövlətə məxsus torpaq sahəsi olduğundan və cavabdehin mülkiyyətində olmadığından cavabdehin onu digər şəxslərə vermək səlahiyyəti yoxdur. Həmçinin, iddiaçı "xxxx" ASCyə müraciət edərək, mənzilini tələb etsə də, onlar Aqil Qədirovun onlara borcu olduğunu bildirərək etiraz etmişlər. Ona görə də bütün bu faktları və şahidin ifadəsini də nəzərə alaraq hesab edir ki, cavabdehin başqasının mülkiyyətində olan mənzili "xxxx" ASC-yə verməsi qanunsuz və yolverilməzdir, həmçinin "xxxx" ASC-nin həmin mənzillərə girov müqaviləsini əsas göstərək iddia irəli sürməsi də əsassızdır. Belə ki, müqavilədən də aydın görünür ki, orada mənzillərin nömrəsi göstərilməmiş , sadəcə 0,40 ha torpaq sahəsinin verilməsi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məlum olan axırıncı qeydiyyat ünvanı (hüquqi ünvanı) üzrə bildiriş göndərilmiş, lakin bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, 2019-cu ilədək "xxxx" MMC-nin təsisçilərindən biri olmuşdur. İddiaçı oradakı mənzillərdən birini almış, daha sonra həbsdə olması ilə əlaqədar, mənzilinə baxmaq üçün gəlib-getməmişdir. Lakin təxminən 2019, yaxud 2020-ci ildə "xxxx" ASC ilə təsisçilərdən biri olan X7 arasında mənzillər sıralanıb nömrələnmədən müqavilə bağlanmış və buna əsasəndə "xxxx" ASC mənzillərin qapısını bağlamışdır. Daha sonra iddiaçı onun yanına gələrək mənzili tələb etdikdə ona bildirmişdir ki, Aqil Qədirov hazırda həbsdədir, mənzilləri də o verməmiş, digər təsisçilər isə digər bloklardadır və bu işlə əlaqələri yoxdur. Girov müqaviləsində heç bir mənzil nömrəsi göstərilməmişdir. Guya 20 mənzilə razılaşma olmuş, mənzillərdən biri boş olmuş və qapısı olmamışdır. Bank da görmüşdür ki, mənzillərdən biri boşdur, odur ki, mənzilin qapısını kilidləyərək, qeyd etmişdir ki, guya mənzil onlarındır və mühafizə polisinə tapşırmışdır ki, nəzarət etsin. Bundan başqa qeyd etmək istəyir ki, onlar 4 təsisçi olmuş və digər 2 təsisçinin imzalarını saxtalaşdırıb qanun pozuntusu törədilmiş, həmin saxtalaşdırmanı edən şəxs barəsində hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi gedir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, MTK-nın qanuni təmsilçi, yəni direktoru X5 olmuşdur. Sözü gedən mənzil hazırda boşdur və mənzilə baxmaq üçün iddiaçıdan və "xxxx" ASC-nin əməkdaşlarından başqa gələn olmamışdır. Müqavilədə mənzillərin nömrələri göstərilməmişdir və eləcə də, bankla bağlanan girov müqaviləsində 124 nömrəli mənzilin adı çəkilməmişdir. Sözü gedən binada iki ədəd 91.4 kv.metrlik mənzil olmuşdur və onlardan biri iddiaçıya, digəri isə başqa şəxsə məxsus olmuş və sonuncu həmin mənzildə yaşayış var. İş materiallarında olan: xx.xx.2009-cu il tarixli müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC ilə X3 arasında arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 otaqlı 124 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 36560 manat müəyyən edilmişdir. Həmin müqvilənin 3.2-ci bəndinə əsasən satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərinin 24 (iyirmi dörd) ay ərzində tamamlamağı və alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru E.A.Məmmədov tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən, X2 Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 124 nömrəli mənzil üçün şirkətə borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X3 ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 otaqlı 124 nömrəli nömrəli mənzilin tikintisi ilə bağlı xx.xx.2009-cu il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzillərin ümumi dəyəri 36560 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı, payçı tərəfindən MTK-ya mənzilin dəyəri 36560 manat məbləğində tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2009cu il tarixli müqavilələrin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 11 ilə yaxın müddət ərzində icra etməməsi müqavilənin ağıla batan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çox mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 124 saylı mənzil İddiaçı təhvil verilməli və mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilmiş 1 saylı çox mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 91.4 kv.m-dən ibarət olan 3 (üç) otaqlı 124 saylı mənzil İddiaçı təhvil verilsin və mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-5429/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-5429/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver