Məhkəmə qərarları › İş №2(004)-5484/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5484/2022

22.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5484/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan mənzilə münasibətdə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 403 ünvanında yerləşən evin 1/2 hissədən bir otağı şəxsi mülkiyyətindədir. Digər mülkiyyətçi qonşudur. Heç bir əlaqələri və münasibətləri yoxdur, giriş, çıxışı yoxdur. Bu əmlak xalası tərəfindən ona hədiyyə edilib. Yəni bağışlanma yolu ilə əldə etmişdir. Cavabdeh ilə 2014cü ilin aprelində ailə qurmuşdur. Xarakterləri düz gəlmədiyinə görə xx.xx.2018-ci il tarixdə boşanmışlar. Övladları olmayıb. Boşanmadan xeyli əvvəl cavabdeh özünə məxsus əmlakları mənzildən aparıb və hazırda evdə ona məxsus heç bir əmlak yoxdur. Mülki qanunvericiliyə əsasən onun bu evdə heç bir hüququ yoxdur. Cavabdeh 2/1 hissədə ona məxsus evdə yaşamadığı halda həmin ünvanda formal olaraq qeydiyyatda qalması onun mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Məhkəmə gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən və onun mülkiyyətində olan mənzilə münasibətdə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1, 152.1,152.5, 385.1, 386.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarındakı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən elektron Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissədən 1 otağı İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh mübahisəli evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 301929 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabıda 451 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə görə isə şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının paylı mülkiyyətində olan evdə qeydiyyatda qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan mənzilə münasibətdə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, onun aldığı (təqdim edildiyi) andan 1 (bir) ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar