Məhkəmə qərarları › İş №2(004)-5525/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5525/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5525/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.73 kv.m. olan, 3 otaqlı, 165 nömrəli mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə ünvan 1, mənzil 165-i RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam pay olaraq xüsusi mülkiyyətinə almışdır. Buna baxmayaraq hazırda da ünvan 2 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. 2020-ci ilin yanvar ayında cavabdehlər makler vasitəsi ilə onunla əlaqə saxlayaraq kirayə yaşamaq istədiklərini bildirmişlər. Bu səbəbdən onlarla görüşüb aylıq 450 manat məbləğində razılaşmışdır. Cavabdehlər aprel ayına kimi aylıq kirayə haqqını ödəmiş, lakin 2020-ci ilin may ayından sonra ödəniş etməkdən boyun qaçırmışlar. Onlarla dəfələrlə əlaqə saxlamasına baxmayaraq əvvəlcə ödəniş etməkdən yayınmış, daha sonra isə qərəzli olaraq ödəniş etməyəcəklərini bildirmişlər. Son vaxtlar isə ona məxsus mənzilin qapısını belə açmaqdan imtina etmişlər. Cavabdehlərə kirayə pulundan imtina etdiyini, yalnız mənzildın çıxmalarını xahiş etsə də, mənzildən çıxmayacaqlarını açıq şəkildə bildirmişlər. Cavabdehlər ona məxsus evdə qanunsuz yaşamaqla istifadə edir. Belə olan halda öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 228.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.73 kv.m. olan, 3 otaqlı, 165 nömrəli mənzil tam pay xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Buna baxmayaraq, cavabdehlər uzun müddətdir ki, mübahisəli mənzildə qanunsuz yaşayırlar, belə ki, onların müvafiq mənzildə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə olduğu halda, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.73 kv.m. olan, 3 otaqlı, 165 nömrəli mənzildən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçımülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.73 kv.m. olan, 3 otaqlı, 165 nömrəli mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar