Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5569/2021 06.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə . İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 600 manat borcun, ona vurulmuş maddi ziyana görə 1500 manat pulun, mənəvi ziyana 2000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uşaqlıqdan, əvvəllər yaşadığı ata evinin qonşuluğundan tanıyır və qonşu kimi, yaxşı münasibətdə olmuşlar. Onun anası xəstə olduğu üçün o, mütəmadi olaraq onun yanına gedib baş çəkirdi. Cavabdeh də gəlib anasına baş çəkirdi. 2019-cı ilin mart ayın 31-də anası xəstəlikdən vəfat etdi. Cavabdeh də yaxın qonşu kimi onun mərasimlərində iştirak edirdi. Yas mərasimlərinin birində cavabdeh ondan tanış bir oğlanla meyvə-tərəvəz köşkü açıb, alqı satqı etmək üçün 600 manat pul istədi, o da qadın olduğunu və işləmədiyinə görə, imkanının olmadığını ona bildirdi. Buna baxmayaraq, cavabdeh yas mərasimlərində hər dəfə bu barədə söhbət açır, pul istəyirdi. Hətta yalvarıb-yaxarır, mərhum anasının ruhuna belə and içirdi ki, ona pul versin, alver etsin, sonra ona qaytarsın. Bir neçə ay bu vəziyyət davam etdi. O özü xırda alverlə məşğul olurdu, xırdavat, cehiz əşyaları satıb dolanırdı, cavabdehin ondan əl çəkmədiyini görüb, onun yaxın qonşu olmasını və səmimiyyətinə inanıb, Yasamalda yaşayan, ona borclu olanlar, Mehriban adlı qadına və digər Səkinə adlı qadına zəng edərək, bildirmişdir ki, ona borclu olduqları pulları cavabdehə versinlər. Cavabdeh də 2019-cu ilin oktyabr ayında gedib Mehribandan 150 manat, Səkinədən isə 50 manat pul aldı. Bir neçə gün keçdikdən sonra özü Yasamala, cavabdehin evinə getmiş və onun evində ona 100 manat pul vermişdir. Cavabdeh yenə də pul istəyirdi. Nəhayət, 2019-cu ilin dekabr ayının 3-də cavabdeh onun yaşadığı evin yanına gəldi və qonşuluğunda yaşayan Çinarə Hacıyevanın yanında ona 300 manat pul vermişdir. Cavabdeh bildirdi ki, 5-6 aya kimi alver edib pulunu artıqlaması ilə qaytaracaq, əgər tanış oğlan qaytarmasa, özü mütləq qaytaracaq, hətta özü də oğlana 1000 manat pul vermişdir. Təxminən 1 ay keçmiş cavabdeh yenə ondan 200 manat pul istədi, lakin onun imkanı olmadığı üçün bu xahişini rədd etmişdir. 5-6 ay vaxt keçdikdən sonra, o, cavabdehə zəng etmiş və 600 manat pulunu geri istəmiş, cavabdeh isə cürbəcür bəhanələr gətirmişdir. Deməsinə görə, guya mallar xarab olub, ziyana düşüblər, gah da dedi ki, pandemiyadır, iş getmir. Bir qədər sonra yenə zəng etmiş, cavabdeh telefona cavab verməmişdir. Nə qədər onun arxasınca gedib axtarmış, heç bir nəticə əldə olunmamışdır. Nəhayət, məcbur olub, Yasamal RPİ-nin 29-cu PB-nə 31.03.2021-ci il tarixində ərizə müraciət etmişdir. Lakin ərizəsi üzrə obyektiv araşdırma aparılmamış, cavabdehin izahatı belə alınmamış, rədd qərarı çıxarılmışdır. Növbəti şikayətindən sonra rədd qərarı Yasamal Rayon Prokuroru tərəfindən ləğv edilmiş və yenidən əlavə araşdırmağa göndərilmişdir. Lakin yenə də düzgün araşdırılma aparılmadı, cavabdehin izahatı alındı və o ona şər və böhtan ataraq guya ona 300 manat pul və 20%-ə verdiyini, ona borclu olmadığını bildirmişdir. Bununla belə yenə də polis orqanı tərəfindən cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərar çıxarılmış və ona məhkəməyə müraciət etmək izah olunmuşdur. Ona görə də, cavabdehin qanunsuz hərəkətləri ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab, əsəb, sarsıntı keçirtmiş, maddi ziyana düçar olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh onun mərhum anasının yaşadığı məhəllədə yaşayıb və onunla qonşu olub. Məhəllə sakinləri cavabdehi “Manquli” kimi tanıyırlar. Mərhum anasının xəstəliyi ilə əlaqədar tez-tez anasına baş çəkmək üçün getdiyi ərəfədə cavabdehi anasıgildə görmüş və orada onunla tanış olmuşdur. Anası 2019-cu ilin mart ayında vəfat etdikdən sonra da cavabdeh onun yas məclisinə gələrək orada iştirak edib. Bu ərəfədə cavabdeh ona zəng edərək bildirdi ki, tanıdığı bir oğlan var, ona 300 manat pul lazımdır və ondan bu pulu verməyini xahiş etdi. Çünki cavabdeh bilirdi ki, o, xırda ticarətlə məşğuldur, evlərdə qız-gəlinlərə geyim və ev əşyaları satır. Cavabdeh çox xahiş etdikdən və öz anasının goruna and içdikdən sonra ona bildirmişdir ki, onda o qədər pul yoxdur, lakin məhəllədə mal satdığı Mehriban var və onda 150 manat alacağı var, get al ondan 150 manatı götür. Daha sonra həmin məhəllədə Səkinə adlı qadında da 50 manat alacağı var, onu da alıb götürə bilər. İddiaçının bu sözündən sonra cavabdeh dərhal həmin şəxslərin evinə gedərək dediyi məbləğdə pulları alıb. Cavabdeh həmin pulları aldığını ona bildirdikdən sonra həmin günün səhəri özündə olan 100 manat pulu da aparıb ona vermişdir. Beləliklə cavabdeh ondan aldığı 300 manat pulu dediyi oğlana faizə verib. Bir qədər sonra isə cavabdeh yenə də, ona zəng edərək bildirdi ki, “bacıya 300 manat pul lazımdır”. O, bildirdi ki, 300 manat da versin və bu pulları o özü iddiaçıya qaytaracaq. Buna söz verdiyi üçün o, qonşusu Çinarə ilə birlikdə cavabdehgilə gedərək 300 manatı pulu da ona vermişdir. Beləliklə cavabdehə 600 manat borc pul verməyinə baxmayaraq bugünədək ona olan borcunu qaytarmayıb, pulunu istədikdə isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınıb, əxlaqsız söyüşlərlə onu təhqir edib. Bütün bunlara görə polis orqanlarına şikayət etsə də aparılmış araşdırmadan sonra məsələnin mülki qaydada araşdırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilib. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edirərək, bildirdi ki, o, iddiaçıdan 300 manat dəyərində pul almağını etiraf edir və həmin pul məbləğinin 260 manatı 2020-ci ilin avqust ayında onun tərəfindən iddiaçıya qaytarılmışdır. Hazırda iddiaçıya cəmi 40 manat məbləğində borcu qalıb. Həmin məbləğ götürdüyü pulun faizidir. İddiaçının bu hərəkətləri onun şərəf və ləyaqətini alçaltmaq deməkdir. İddiaçı, hər yerdə onu əsassız yerə söyüb təhqir edir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X1 izahatında bildirdi ki, Şahzadəni “Manquli” kimi tanıyıb. Bənövşəni isə Şahzadəyə analıq münasibəti göstərən bir adam kimi tanıyıb. Bənövşə xırda ticarətlə məşğul olub. O, Bənövşəgilə tez tez gedib gəlir. Bənövşənin danışdıqlarından cavabdehə 300 manat verdiyini bilirdi. Digər 300 manatı isə dekabr ayında Bənövşə Şahzadəyə onunla birlikdə gedib vermişdir. Sonradan o, bilmişdir ki, cavabdeh iddiaçıya olan 600 manat borcunu qaytarmır. İş materiallarında olan 30.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh izahatı alınarkən o, X2 ilə əvvəllər qonşu olduğunu, sonuncunun faizə pul verməsinə görə, 20 faizlə ondan 2019-cu ilin sentyabr ayında 300 manat pul alaraq, 2020-ci ilin mart ayına qədər faizini, yəni ümumilikdə 60 manat pulu ödəsə də, sonradan Covid-19 xəstəliyi ilə əlaqədar, pandemiya olduğundan və eyni zamanda səhhətində yaranmış problemlərlə əlaqədar işləyə bilmədiyini, ancaq buna baxmayaraq, 2020-ci ilin avqust ayında həmin puldan İddiaçı 260 manat qaytarsa da, sonuncunun bu günədək ondan əlavə faiz istədiyini və ona heç bir məbləğdə pul borcunun olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə araşdırması cavabdehin etirafına əsasən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən həqiqətən də 300 manat məbləğində pul verilmişdir. Cavabdeh iddia ərizəsini qismən etiraf edərək bildirdi ki, onun iddiaçıya 40 manat borcu qalmışdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 40 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsi qalan borc pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən tələb etdiyi pulun həqiqətən ona verilməsi və qaytarılmaması barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 1500 manat maddi ziyanın vurulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Bundan əlavə məhkəmə iddia tələbinin 2000 manat mənəvi zərərin cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi İddiaçı aid edilməli, 10 manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 40 (qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi İddiaçı aid edilsin, 10 (on) manat hissəsi isə Cavabdeh tutularaq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5569/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5569/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver