Məhkəmə qərarları › İş №2(004)-5570/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5570/2021

25.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5570/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Notariat Kontoruna qarşı “birinci dərəcəli vərəsəsi olmaq hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum anası X1 birinci dərəcəli vərəsəsi olmaq hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materillarını araşdırıb qeyd edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 42 saylı notariat ofisinin 22 avqust 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina onun birinci dərəcə vərəsə olmamasına görə deyil, tərəfindən mirasın qanunla müəyyən olunmuş müddətdə, o cümlədən qanunla nəzərdə tutulmuş qaydada faktiki olaraq qəbul edilmədiyindən verilmişdir. İddiaçı isə birinci dərəcə vərəsə olmaq hüququnun tanınmasını xahiş edir. Birinci növbə vərəsə olma qanunla, hüquqmüəyyənedici sənədlərlə müəyyən edildiyindən həmin tələbə məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, o, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb edə bilər. Yaxud hesab edirsə ki, notarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina qanunsuzdur, həmin hərəkəti mübahisələndirə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Notariat Kontoruna qarşı “birinci dərəcəli vərəsəsi olmaq hüququnun tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar