Məhkəmə qərarları › İş №2(004)-5606/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5606/2022

17.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5606/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində X1 Xidmətinə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində X1 Xidmətinə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən ona dəymiş zərərə görə vahid tarif cədvəlinə uyğun 4-cü dərəcəli quraşdırıcının orta aylıq əmək haqqının 80 faizi miqdarında pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. İddiaçı ərizəsində qeyd etmişdir ki, xx.xx.1985-ci ildə 1 saylı Bakı tikinti quraşdırma işlərinin mexanikləşdirmə idarəsində bilavasitə əmək vəzifələrini yerinə yetirərkən istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış və nəticədə 2-ci qrup əlil olmaqla əmək qabiliyyətinin 80%-ni itirmişdir. Hazırda həmin müəssisənin hüquqi varisi Cavabdeh ASC-dir. İddiaçının sağlamlığa vurulmuş zərərin ödənilməsinə dair eyni cavabdehə qarşı verdiyi iddia tələbi Yasamal Rayon Məhkəməsinin 2(004)-234/10 saylı 29 noyabr 2010-cu il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən verilmiş şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2011ci il tarixli 2(103)-1557/2011 nömrəli qətnaməsi ilə tələb qismən təmin edilmişdir. Həmin qətnamə ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən əvvəlki 3 il üçün xx.xx.2006-cı il və xx.xx.2009-cu il tarixədək 2679,6 manat birdəfəlik ödəncin və xx.xx.2009-cu il tarixindən başlayaraq aylıq ödənc kimi hər ay üçün 92,4 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı həmçinin ərizəsində qeyd etmişdir ki, xx.xx.2011-ci il tarixdə cavabdehlə onun arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə görə cavabdeh iddiaçıya xx.xx.2006-cı ildən başlayaraq aylıq ödənc kimi hər ay 70 manat, xx.xx.2006-cı il və xx.xx.2009-cu il tarixədək 2500 manat birdəfəlik ödənci ödəməyi, odənişləri isə 2011-ci ilin avqust ayından başlayaraq hər ayın 26-dan gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı isə əvəzində ödənilməmiş 21.800 manat birdəfəlik və hər ay olaraq 400 manat pulun onun xeyrinə tutulmasına dair iddia tələbindən, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2011-ci il tarixli 2(103)-1557/2011 nömrəli qətnaməsinin icrasından imtina edir. Qeyd olunan barışıq sazişinə əsasən icra işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi barışıq sazişi iddiaçı üçün sərfəli olmamış, çünki cavabdeh sonradan barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda iddiaçı hesab edir ki, 4-cü dərəcəli quraşdırıcının vahid tarif cədvəlinə əsasən orta aylıq əmək haqqı müəyyən edilməklə ona sağlamlığının itirilməsinə görə ödəniləcək müavinətin miqdarı artırılmalıdır. Ərizəyə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2011-ci il tarixli 2(103)-1557/2011 nömrəli qətnaməsinin məzmunundan görünür ki, məhkəmə yekun nəticəyə gələrkən iddiaçının tutduğu vəzifəyə görə orta aylıq əmək haqqı nəzərə alınaraq, həmin vəsaitin 80%-nə münasibətdə aylıq və birdəfəlik ödənclərin məbləğini konkret olaraq müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının hazırda cavabdehə qarşı yönəlmiş tələbi üzrə, yəni eyni tərəflər arasında eyni tələblə bağlı artıq məhkəmə tərəfindən işə baxılıb yekun qərar qəbul edilmişdir. İddiaçının ərizənin məzmununda qeyd olunan məsələyə isə iddia icraatı qaydasında deyil, qətnaməyə izah verilməsi qaydasında baxıla bilər. Bundan başqa iddiaçı qətnamənin icrası zamanı tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu əsasla icraata xitam verilməsini, lakin borclunun barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, icra işi üzrə icraata xitam verilməsi haqqında icra məmuru tərəfindən qəbul edilmiş qərar icra icraatı qaydasında məhkəmədə mübahisələndirilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iddia ərizəsinə məhkəmədə baxıla bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində X1 Xidmətinə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi nəzdində X1 Xidmətinə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar