Məhkəmə qərarları › İş №2(004)-562/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-562/2023

14.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-562/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 olunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə onun arasında "Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında" xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-yə heç bir borcu qalmamışdır. Mənzilin dəyərini tam ödədikdən sonra həmin binaya xidmət göstərən Ağa adlı şəxsə tapşırıq vermişdir ki, mənzilin təmirini həyata keçirsin və bu barədə ona məlumat versin. Hər dəfə də maraqlandıqda hər şeyin normal olduğunu bildirmiş və o bir neçə dəfə mənzildə təmir işləri getdiyinin şahidi olmuşdur. Lakin, təqribən 2022-ci ilin əvvəllərində ona məlum olmuşdur ki, mənzili Cavabdeh adlı bir şəxs zəbt edib. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, binaya xidmət göstərən Ağa adlı şəxs Cavabdeh aldadaraq ona saxta sənəd vermiş və guya mənzili Cavabdeh satmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxs eyni üsulla bir neçə nəfəri də aldatmış və məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasını tərk etmişdir. Halhazırda onun barəsində Yasamal rayon Prokuoroluğunda cinayət işi vardır. Bundan sonra dəfələrlə cavabdehi mənzili tərk etməsi barədə xəbərdarlıq etsə də, heç bir faydası olmamış və o mənzili tərk etməmişdir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 65 saylı mənzili 16 yanvar 2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru X1 ilə arasında bağlanmış müqavilə əsasında almışdır. Bu barədə ona maliyyə arayışı da verilmişdir. Həmin məzili aldıqdan sonra təxminən 6 ay müddətində mənzildə təmir işləri aparmışdır. Bunu bütün qonşular da görmüşdür. Təxminən 2 ildən artıqdır ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və bu günə kimi mənzillə bağlı heç bir mübahisəsi olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o, mənzili zəbt etmişdir. Lakin ərizəsinə əlavə etdiyi müqavilə və maliyyə arayışından görünür ki, həmin evi 65000 manat ödəməklə almış, yəni mənzili qanunsuz olaraq zəbt etməmişdir. İddiaçı həmçinin iddia ərizəsində Ağa adlı şəxsə guya mənzilin təmiri barədə tapşırıq verdiyini qeyd edir. Lakin zərurət yaranarsa həmin mənzildə təmir işləri aparmış ustalarını dindirilmələri üçün məhkəməyə dəvət edə bilər və təmir işlərinə görə haradan və kimlərdən tikinti materialları aldığını da göstərə bilər. O, Saatlı rayonunda doğulmuş və orada yaşamışdır. Uzun müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 65000 manatı da mənzil almaq üçün qəpik-qəpik yığmışdır. İddiaçı qeyd edir ki, guya onun sənədi saxtadır. Lakin saxtalığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda o da bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışı saxtadır. Budan başqa bildirir ki, İddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilə mülkiyyətə dair sənəd hesab oluna bilməz. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair iddiasını əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Ağa adlı şəxs "xxxx" MMC-nin payçılarından Fərəc adlı şəxsin bacısının həyat yoldaşıdır və həmin binanın komendantı olmuşdur. Ağa adlı şəxsin axtarışda olması ilə bağlı prokurorluqdan məlumat verilmişdir. İddiaçı Ağa adlı şəxsə mənzili aldıqdan sonra təmirlə bağlı mütəmadi olaraq tapşırıq vermişdir. Ağa iddiaçıya məxsus olan bir neçə mənzili təmir etmişdir. Mübahisəli mənzildə pandemiya dövründə də təmir işləri getmişdir. İddiaçı cavabdehə və ya ailə üzvlərinə mübahisəli mənzildən çıxması ilə bağlı xəbərdarlıq edilməsi üçün "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC-dən ona verilən məlumata əsasən cavabdehə yazılı surətdə xəbərdarlıq edilmişdir. Mənzilin 1 kv.m-nin qiyməti barədə hal-hazırda məlumat verə bilmir. Mənzilin dəyərinin nə qədər olduğunu bilmir. Borcun olmaması barədə maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Müqavilənin 21 iyul 2018-ci il tarixli olması, lakin ödənilmiş məbləğin aylar üzrə ödəniş bölməsinin xx.xx.2018-ci il tarixdən hesablanmasını "xxxx" MMC-nin nümayəndəsi izah edə bilər. Mənzilin təsisçi olaraq iddiaçıya pay olaraq verilməsi barədə ümumi yığıncağın qərarı onda yoxdur. Mənzilin təsisçi olaraq iddiaçıya pay olaraq verilməsi ilə mənzilin dəyərinin tam ödənilib alınması arasında ziddiyyətlə bağlı qeyd edir ki, iddiaçı mənzili almışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, maliyyə arayışında mənzilin iddiaçıya təsisçi olaraq pay verilməsi göstərilsə də, iddiaçının nümayəndəsi və vəkili təkidlə mübahisəli mənzilin iddiaçı tərəfindən pul verilərək alındığını bildirir. Mənzilin ümumi dəyəri, 1 kv.m-nin qiyməti heç bir sənəddə öz əksini tapmır. Cavabdeh iddia tələbini qəbul etməyərək, nümayəndə və vəkilinin izahatında qeyd etdikləri ilə razı olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, "xxxx" MMC ilə İddiaçı (alıcı) arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə “sifarişçi” İddiaçı Bakı şəhəri ərazisində coxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “podratçı” "xxxx" MMC Bakı şəhəri Yeni yaşamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2018-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Simpatiya-S” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsindədə yerləşən 65 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal y/m, 7-ci Alatava, 80 A ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 65 saylı, 103.4 kv.m. ümumi sahəsi olan mənzil "xxxx" MMC-nin təsisçisi olduğuna görə, pay olaraq ona verilmişdir. İş materiallarından aydın olur ki, "xxxx" MMC ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, həmin müqaviləyə görə “sifarişçi” Cavabdeh Bakı şəhəri ərazisində coxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” "xxxx" MMC Bakı şəhəri Yeni yaşamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzilini tikib “Sifarişçi”yə təhvil verməsini və “Sifarişçi” öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 628 manat həcmində, müqavilənin qiyməti isə 65000 manat olmaqla dəyişməz qalır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsindədə yerləşən 65 saylı mənzilin dəyəri olan 65000 manat Cavabdeh tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır. Onun evində təmir işləri ilə məşğul olmuş, kafel işlərini görmüş və pulu da özü ödəmişdir. Həmin mənzildə 2020-ci ildə təmir işlərini həyata keçirmişdir. Onlar təmir işlərini həyata keçirdikləri zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Onu Rövşənlə həmin binanın komendantı olan Ağa Səməd adlı şəxs tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır. Onunla rayondandırlar. Cavabdehin mənzilində malyar işlərini görmüşdür. Məvacibini də Cavabdeh özü vermişdir. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. O, həmin mənzildə 2020-ci ildə təmir işini həyata keçirmişdir. O, əvvəllər həmin binada 7-ci mərtəbədə işləmişdir, Ağa adlı şəxsi tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh tanıyır. Cavabdehin mənzilində elektrik santexnik işləri görmüşdür. Binanın komendantı təmir işləri həyata keçirmək üçün onu çağırmışdı. Rövşən təmir işlərinə nəzarət edirdi. Təmir işlərinin qarşılığında onlara veriləcək məvaciblə bağlı əvvəl komendantla, sonradan isə Rövşənlə danışıqlar aparılmışdır. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Binanın komendantının adı Ağa Səməd idi. Onu Ağa kimi tanıyırdı. Rövşəndən qabaq təmir işləri ilə bağlı Ağa ilə danışıqlar aparılmışdır. Beləliklə, işin müəyyən olunmuş hallarına görə "xxxx" MMC ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də Cavabdeh arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və mənzil üçün onların "xxxx" MMC-yə borcu yoxdur. "xxxx" MMC ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, "xxxx" MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil cavabdehin şəxsin sahiblik və istifadəsinə verilənədək, həm də bundan sonra keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bundan başqa, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda da göstərildiyi kimi, mübahisəli mənzilin yerləşdiyi bina "xxxx" MMC tərəfindən inşa edilmiş, "xxxx" MMC inşa etdiyi həmin binanın eyni mənzilinə dair həm iddiaçı və həm də cavabdeh ilə eyni məzmunlu müqavilələr bağlamış və mənzil üçün onların "xxxx" MMC-yə borcu yoxdur. "xxxx" MMC isə sözügedən ünvanda inşa etdiyi həmin binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 103,4 m2 sahəsi olan 65 saylı mənzilini həmin şəxslərlə ayrı-ayrılıqda bağlanmış eyni məzmunlu müqavilələrə əsasən onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla belə, "xxxx" MMC sözügedən müqavilələrlə fərdən müəyyən edilmiş həmin mənzili iddiaçıya deyil, Cavabdeh təhvil vermiş və sonuncu mənzili təmir etdirilməklə ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Bununla da, Simpatiya-S” MMC Cavabdeh ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2018-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. İş materiallarından aydın olur ki, "xxxx" MMC öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz Cavabdeh mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir. (2(102)-88/2019 saylı iş üzrə 07 yanvar 2019-ci il tarixli Qərar). Cavabdeh lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil Cavabdeh verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mübahisəli mənzil iş üzrə Cavabdeh təhvil verildiyindən və cavabdeh əmlaka qanuni əsaslarla sabiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən İddiaçı ona qarşı mənzildən çıxarılma tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar