Məhkəmə qərarları › İş №2(004)-5632/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5632/2021

20.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5632/2021 20.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X8 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və X1 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və yetkinlik yaşına çatmamış övladları 15.11.2013-cü il təvəllüdlü X6 və 04.12.2008-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və həmin mənzilə istifadə hüquqlarının tanınması; qətnamənin iddiaçının və 14.12.2008-ci il təvəllüdlü X2 pasport qeydiyyatına alınması üçün əsas olması barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08.10.2012-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra bütün cehiz əşyaları ilə birlikdə cavabdehin atasının adına qeydiyyata alınmış mübahisəli evə gəlin köçmüşdür. Gəlin köçdükdən sonra iddiaçı cavabdeh tərəfindən ailə üzvü kimi qəbul edilmiş və onunla həyat yoldaşına həmin evdə ailə üzvü kimi yaşamaq üçün otaq ayrılmışdır. Həmin mənzildə ailə üzvləri ilə birgə yaşayarkən Əli adlı uşaqları doğulmuşdur. Bu illər ərzində bir ailə üzvü kimi yaşamaqlarına baxmayaraq cavabdeh yaşadığı evə qeydiyyata düşməsinə icazə verməmiş və həmin evə istifadə hüququnu tanımaq istəməmişdir. Elvin İskəndərovla ailə münasibətləri pisləşdiyindən Suraxanı Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli 2(010)- 2088/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, övladı Əli İskəndərovun onun yanında saxlanılması qət edilmişdir. İddiaçı hazırda Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Z.Əliyeva küçəsi 16 saylı evdə valideynləri ilə birgə yaşayır. Lakin gəlin köçərək gətirdiyi cehiz əşyaları hələ də cavabdehə məxsus mənzildə qalmaqdadır. İddiaçı mübahisə predmeti olan evə gəlin köçməklə cavabdehin ailə üzvü kimi həmin yaşayış sahəsindən onlarla bərabər istifadə etmişdir. Lakin 10.10.2021-ci il tarixdə cavabdeh gəlin köçdüyü evin ona yaşadıgı otağın qapısının açarlarını dəyişərək onun həmin evdə yaşamaq hüququna mane olmuş və iddiaçını heç bir səbəb olmadan qanunsuz olaraq yaşadığı evdən çıxarmışdır. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə övladı Elvin Əfəndiyev də onun yanında saxlanılmışdır. İddiaçı ikinci nikahına daxil olarkən həyat yoldaşı və valideynləri həmin uşağın iddiaçı ilə birlikdə həmin evdə yaşamasına razı olmuşlar. Odur ki, iddiaçı həmin evdə uşaqları ilə birgə 9 il yaşamışdır. İstifadə hüququ mülkiyyətçi olmayan şəxslərə də mənsub olur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və müstəqil tələblər irəli sürməyən üçün şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçün şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60.1.-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Cavabdehin mənzilin mülkiyyətçisi və ya kirayəçisi olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə cavabdehin əmlak məlumatlarına dair sorğudan mübahisəli evin cavabdehin adına qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Təqdim olunmuş arayışa əsasən cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. Bundan əlavə iddiaçı tərəfindən onun mübahisəli mənzilə köçürülməsi və cavabdehlə birgə təsərrüfat aparmasına dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda da iddiaçının cavabdehin oğlu ilə nikahlarına xitam verilmişdir və cavabdeh iddiaçının mübahisəli evdə yaşamasına razı deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar