Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5663/2025 05.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində doğulma faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsinin Yasamal Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində anadan olmuş və 1988-ci ilədək orada yaşamışdır. Lakin, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edərək tarixən onun ərazisində yaşamış 250 min nəfər Azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Ərizəçi də, həmin zorla evindən qovulmuş insanlar kimi öz doğma yurdundan ermənilər tərəfindən zorla şiddətlərə məruz qalaraq qovulmuşdur. Həmin zaman çox çətin şəraitdə öz canlarını qurtarmaq naminə evlərindən çıxarkən zəruri sənədlərini götürmədən evi tərk etmişlər. Həmin sənədlərdən də biri onun doğum haqqında şəhadətnaməsidir. Qaçqınlıq zamanı Qazax rayonunda məskunlaşaraq orda yaşamağa başlamışlar. Daha sonra Bakı şəhərinə gələrək məskunlaşmışlar. Qeyd olunur ki, doğum haqqında şəhadətnaməsinin olmaması nəticəsində ərizəçi, hüquq müqəddəratında çətinlik çəkir, mülki və inzibati sənədləşmələr aparılarkən müəyyən problemlərlə rastlaşmışdır. Bununla yanaşı doğum haqqında şəhadətnamənin olmaması gələcəkdə ərizəçinin ölümündən sonra övladlarının sənədləşmə proseslərində hər-hansı maneələrin yaranması ilə nəticələnə bilər. Bununla bağlı doğum haqqında şəhadətnamənin bərpa olunması barədə 3 saylı Bakı “ASAN xidmət” X5 müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verilməmiş və bu barədə xx.xx.2025-ci il tarixli imtina məktubunu təqdim etmişlər. Buna görə də, ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin bildirilir ki, qoşmaya əlavə edilmiş zəruri sənədlərdən görünür ki, o, xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində anadan olmağını təsdiq edir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasında iştirak etməmiş, dəftərxana vasitəsilə məhkəməyə ərizə verərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasının Dilican şəhərinin Alaçıqqaya kəndində doğulduğunu, 1988-ci ilə qədər doğum haqqında şəhadətnaməsinin olduğunu, məlum hadisələrə görə o vaxtdan doğum haqqında şəhadətnaməsinin itdiyini, əvvəllər şəhadətnamənin lazım olmadığını, hazırda işğaldan azad olmuş ərazilərdən ev almaq istədiyini, doğum haqqında şəhadətnamənin lazım ola biləcəyini bildirərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində Ərizəçi onun kiçik bacısı olduğunu, onun xx.xx.1962-ci il tarixdə Dilican şəhərində evdə doğulduğunu, 4 bacı və 2 qardaş olduqlarını, sonradan 1 bacı və 1 qardaşının vəfat edərək 3 bacı və 1 qardaş qaldıqlarını bildirmişdir. İş materiallarında olan İcevan VVAQ şöbəsi tərəfindən xx.xx.1964-cü il tarixində verilmiş, l-ЖЗ 671509 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən X7 xx.xx.1956-cı il tarixində Ermənistan SSR, İcevan rayonu, Alaçıxqaya kəndində doğulmuşdur və bu barədə doğum haqında akt qeydləri kitabında xx.xx.1957-ci il tarixində 5 nömrə ilə qeyd edilmişdir. X1, anası X2r. İş materiallarında olan xx.xx.1994-cü il tarixində verilmiş, XVİİ-ЖГ 463907 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.1993-cü il tarixində Qazax rayonunda doğulmuşdur və bu barədə doğum haqında akt qeydləri kitabında xx.xx.1994cü il tarixində 290 nömrə ilə qeyd edilmişdir. X4, anası X8r. İş materiallarında olan xx.xx.1995-ci il tarixində verilmiş, XVİİl-ЖГ 413914 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.1995-ci il tarixində Qazax rayonunda doğulmuşdur və bu barədə doğum haqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixində 12 nömrə ilə qeyd edilmişdir. X4, anası X8r. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1993-cü il tarixində verilmiş və xx.xx.1993-cü il tarixinədək etibarlı olan 15278 nömrəli qaçqın vəsiqəsinə əsasən Ərizəçi xx.xx.1988-ci il tarixdə Dilican şəhərini-yaşadığı yeri tərk etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, 02462 nömrəli üzvlük vəsiqəsinə əsasən Ərizəçi birinci dərəcəli əlil hesab olunmuşdur. İş materiallarında olan Qazax rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş AZ-l 220139 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən X9 xx.xx.2007-ci il tarixində Qazax rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Qazax rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixində verilmiş AZ 002317 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən X12 xx.xx.1999-cu il tarixində Qazax rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 117 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı «ASAN xidmət» Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-711/25 nömrəli müraciətə cavab məktubuna əsasən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınmasının imkanları xaricində olduğu bildirilmiş, hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikası Dilican şəhərində anadan olmuşdur. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində o, yaşadığı şəhəri tərk etmiş və Qazax rayonunda məskunlaşaraq orada yaşamağa başlamışdır. Bununla bağlı Ərizəçi xx.xx.1993-cü il tarixdə Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən qaçqın vəsiqəsi verilmişdir. Hazırda Ərizəçi özünün xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində doğulması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin izahatına, şahid ifadəsinə və iş materiallarına əsasən müəyyən olunur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində evdə doğulmuşdur. X1, anası X3r. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Ermənistan Respublikası Dilican şəhəri, ata qrafasında – X12 (milliyyəti azərbaycanlı), ana qrafasında – X9 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməklə ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikası Dilican şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Ermənistan Respublikası Dilican şəhəri, ata qrafasında – X12 (milliyyəti azərbaycanlı), ana qrafasında – X9 (milliyyəti azərbaycanlı) yazılsın. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən 3 saylı Bakı «ASAN xidmət» Mərkəzində Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-5663/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5663/2025
05.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver