Məhkəmə qərarları › İş №2(004)-5671/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5671/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5671/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 546 (beş yüz qırx altı) manat məbləğində əsassız varlanma nəticəsində əldə edilmiş pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 576 (beş yüz yetmiş altı) manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya məxsus nəqliyyat vasitəsi ilə məişət-elektrik mallarının müştərilərin ünvanına çatdırılmasını təşkil etmiş, bu zaman müştərilərin əldə etdikləri mallarla bağlı nağd ödənişlərini ünvanda qəbul edərək, həmin pul vəsaitlərini iddiaçının anbarına təhvil vermişdir. Belə hallardan birində cavabdeh ünvana çatdırılan malın dəyəri kimi 1500 (bir min beş yüz) manat məbləğində pulu müştəridən qəbul etmiş, lakin anbarın kassasına təhvil verməmişdir. Bu fakt ortaya çıxdıqdan sonra məsələnin araşdırılması üçün cavabdeh dəvət edilmiş, onun izahatı alınmışdır. Öz izahatında cavabdeh sözügedən məbləğdə pulu yaranmış zərurətlə əlaqədar ələ keçirdiyini və xərclədiyini bildirmiş, eyni zamanda həmin məbləği iddiaçıya təhvil vermədiyini də etiraf etmişdir. Daha sonradan cavabdeh son haqq-hesabının əsassız varlanma nəticəsində əldə etdiyi 1500 manat məbləğində pulun ödənilməsi üçün tutulmasına razılıq vermiş, 954 manat bu məqsədlə cavabdehdən tutulmuş və nəticədə onun iddiaçıya əsassız varlanma ilə bağlı qalıq 546 (beş yüz qırx altı) manat məbləğində borcu qalmışdır. Bu məbləği isə cavabdeh bugünə qədər ödəməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdehin 1500 manatı ələ keçirməyə və xərcləməyə qanuni və ya müqavilə əsası olmamışdır, həmin məbləğ satılan malın dəyəri olmuş və iddiaçıya təhvil verilməli idi. Yəni sözügedən məbləğdə pul cavabdeh tərəfindən əsassız olaraq ələ keçirilmiş və o, əsassız varlanmışdır. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərinin bir hissəsini iddiaçıya qaytarmışdır. Qalan 546 manat isə ondan məhkəmə qaydasında tutulmalı və iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qəbul etdiyini bildirmiş və iddia tələbinin etirafı barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Əlavə olaraq ixahatında bildirmişdir ki, İddiaçı MMc-nin ona qarşı 546 manat məbləğində pul tələbinə dair iddianı qəbul edir. Hal-hazırda işləmir. Lakin işlə təmin olunan kimi ödəyəcəkdir, ailəli olduğunu nəzərə alınaraq pulun aylıq ödənilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə verilmiş 02.08.2021-ci il tarixli izahatdan görünür ki, o, 7 aydır İddiaçı MMC-də sürücü kimi işləyir. Əmək fəaliyyəti zamanı müştərilərə çatdırılan məhsulların ödənişi ilə bağlı nağd pul vəsaitini qəbul edib adətən növbəti iş günü anbarın kassasına təhvil verir. 7 ay ərzində anbarın kassasına pulun verilməsi ilə bağlı yalnız bir dəfə gecikmə olmuşdur. Belə ki, müştəridən aldığı nağd 1500 (bir min beş yüz) manat məbləğində pulu hələ də anbara təhvil verməmişdir. Araşdırma zamanı başqa hallar ortaya çıxarsa buna görə hüquqi məsuliyyət daşımağa hazırdır. İş materiallarında olan 25.08.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iş materiallarını və Cavabdeh etiraf ərizəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 546 (beş yüz qırx altı) manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi ərizədə iddia tələbi etiraf edilmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 546 (beş yüz qırx altı) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar