Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5693/2025 23.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilin təmiri üçün ehtiyac olan 8440 manatı və əldən çıxmış faydaya görə 10800 manat, ümümilikdə 19240 manat məbləğində pulun və ödənilmiş 148 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X8 11 oğlu 2021-ci ilin fevral mart aylarından dayısı oğlu X1, Yasamal rayon Məhəmməd Xiyabani 35-39 ünvanında işlədiyi maşın təmiri sexində Cavabdeh tanımışdır. Cavabdeh maşınları icarəyə verməklə məşğul olurdu. Pula ehtiyacları olduğundan oğlunun etibarnamə ilə idarə etdiyi onun mülkiyyətində olan **-ZL-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı maşını icarəyə verməyi qərara almışlar. 2021-ci ilin avqust ayında **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 3 (üç) il müddətində günü 25 manat olmaqla ayı 750 manata icarəyə verilməsi ilə bağlı razılığa gəldilər ki, 3 ildən sonra 27000 manat ödədikdən sonra maşın ona qalacaqdır. İlk öncə Cavabdeh 1000 manat pul ödəmiş, qalan hər bir şeyə özü cavabdeh olacaq, ancaq onun gətirdiyi sürücülərə etibarnamə verərsən demişdir. Cavabdeh 11 ay maşını idarə etmiş, ümumilikdə siğorta ilə birlikdə 16200 manat pul ödəmişdir. 2022-ci ilin iyul ayının 22-də maşın qəzaya düşmüşdür. Daha sonra Cavabdeh hər dəfəsində söz versə də, maşını düzəltdirməmiş və onlara təhvil verməmişdir. Maşın uzun müddət yolun kənarında onun sexinin yaxınlığında onun icarəyə verdiyi maşınların yanında qalmışdır. "xxxx" MMC tərəfindən verilmiş 08 noyabr 2023-cü il tarixli qüsur aktına əsasən 99-Z1.-763 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomaşına 8440 manat ziyan dəymişdir. Eyni zamanda hazıradək avtomaşın təmir edilməmişdir. Təmirə pulu olmadığından avtomaşını təmir elətdirə bilmədiklərindən avtomaşını yenidən icarəyə verə bilməmişlər. Ona görə də, hazırki günə kimi aylıq 750 manat gəlirdən məhrum olmuşlar. Cavabdeh maşını əzdiyi üçün avtomobilin təmirinə 8440 manat və əldən çıxmış faydaya görə isə 2022-ci ilin iyul ayından 2025-ci ilin iyul ayına kimi 27000 manat təşkil edir. 27000 manatdan 16200 manatını ödəyindən əldən çıxmış fayda 10800 manat təşkil etmişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək pulu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə, 2022-ci ilin iyul ayının 22-də baş vermiş qəzadan sonra cavabdehin maşını təmir etməsini gözlədiyini, həmçinin, maşını aparmağa yeri və pulu olmadığını, cavabdehin 2022-ci ilin dekabrın sonlarında maşının açarını və texniki pasportunu onlara verdiyini, lakin maşını 2023-cü ilin dekabr ayında gedib götürdüyünü və maşını 2025-ci ilin dekabr ayında 1200 manata satdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə, maşının 2022-ci ilin iyul ayının 22-də baş vermiş qəzadan sonra 3-4 ay sexin yanında qaldığını, iddiaçının oğlunun polisə şikayətindən sonra 2022-ci ilin dekabrın sonlarında maşının açar və texniki pasportunu qaytardığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində İddiaçı onun bibisi olduğunu, cavabdehin isə yanına gəlib maşınları düzəltdirdiyini, cavabdehi bu yolla tanıdığını, cavabdehi bibisi ilə özünün tanış etdiyini, bibisi oğlunun 2021-ci ilin avqustunda ilkin 1000 manat ödəməklə aylıq 750 manat şərtilə maşını təklif etdiyini, cavabdehlə aralarında razılığın yarandığını, sonra maşını istifadə etdiyini, istifadədə olan vaxt 1-2 dəfə maşını vurduğunu, 1-ci qəzadan sonra maşını sığorta pulu ilə təmir etdiklərini, sonuncu qəzadan sonra maşının uzun müddət sexin yanında qaldığını, maşının sökülüb-töküldüyünü, açarın və texniki pasportun verilməsindən məlumatı olmadığını, sığorta pulunu iddiaçının aldığını bildirdi. İş materiallarında olan Avonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən 2022-07-22-ci il tarixdə saat 20:30 dəqiqədə Niyazi küçəsi yol-nəqliyyat hadisəsi baş vermişdir, avtonəqliyyat vasitəsinin markası, modeli və dövlət qeydiyyat nişanı - ** BV *** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” minik markalı avtomobildir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 326 nömrəli qüsur aktına əsasən “Toyota Prıus” markalı dövlət nömrə nişanı **-ZL-*** olan avtomobilin sahibinin xahişi ilə avtomobilə yerində “Avto Təmir” təmir xidmətinin ustaları tərəfindən baxış keçirilmiş və ona dəyən zərər müəyyən edilmişdir. 1. Qabaq hamper—180, 2. Qabaq sol fara—80, 3. Qabaq sağ fara—80, 4. Qabaq qanadaltı 2əd.—60, 5. Qabaq padpres—120, 6-Qabaq panel ekran dəst—250, 7. Su radiatoru—80, 8. A/C radiatoru— 50, 9. Elektorvintilyator—60, 10.Su radiatoru patrubkaları—40, 11. Motorxanadi şnurlar dəst—150, 12. Su və antifriz baçoku—40, 13. Sol yan güzgü—70, 14. Sağ yan güzgü— 70, 15. Şit torpedo—250, 16. Şitin airbakı—80, 17. Sükan—50, 18. Sükanın airbakı—80,
19. Salon güzgüsü—40, 20. Salonun plasmasları dəst—200, 21. Arxa baqajın plasmasları dəst—150, 22. Təkər diskisi 2əd.—150, 23. Təkər 4əd—380, 24. Arxa sağ və sol stoplar – 180, 25. Arxa bamper – 150, 26. Motorun üst qapağı, 27. Avtomobilin qibrid mühərriki— 220, 28. Avtomobilin akkumulyatorları dəst—1050, 29. Avtomomobilin benzinli mühərriki—1250, 30. Antifriz—50, 31. A/C freon—60, 32. Qermetika—30, 33. Kley və praymer—40, 34. Knopkalar,küplər—80, 35. Armatur işləri—300 (salon,ön hissə,arxa hissə), 36. Elektrik işləri—200 (motorxana və salon), 37. Razval, balans, montaj—80, 38. Dəmirçi işləri—400, 39. Rəngsaz işləri—1000 (tam rəngləmə), 40. Mühərrik işləri—300,
41. Çilingər işləri—100, 42. Qabaq padpresin quraşdırılması—80, 43. Diaqnostika və elektronşik—40, 44. Kimyəvi təmizləmə və yuma—100, 45 olmaqla ümumi 8440 manat. Avtomobil sökülüb dağıldığına görə tam zərəri müəyyən etmək mümkün deyil. Ona görə əlavə xərc ola bilər. Göstərilən ehtiyat hissəsləri istifadə olunmuş detallardır. İş materiallarında mövcud olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən, buraxılış ili 2007 olan, gümüşü metalik rəngli, “Toyota Prius” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ehtiyat hissələrinə 200 (iki yüz) manat, işçilik xərclərinə isə 640 (altı yüz qırx) manat olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat vəsait tələb olunur. İş materiallarında mövcud olan xx.xx.2022-ci il tarixli 26910 nömrəli ödəniş tapşırığına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X5 ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə tərtib edilmiş sığorta aktına əsasən 4 300 (dörd min üç yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ittiham aktına əsasən X2 adlı şəxs tərəfindən ona iki ədəd avtomobil satacağı adı ilə müxtəlik vaxtlarda ümumillikdə 21000 manat məbləğində pulunu alaraq ələ keçirib aldatmasına dair Yasamal RPİ-nin 29-cu PŞnə xx.xx.2022-ci il tarixdə ərizə ünvanlamışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-117/2025 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 23 may 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olması hesabı ilə hesablanaraq 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmə əsasən təqsirləndirilən şəxs Cavabdeh ifadəsində, 2020-ci ildə Mirmehdi Əsgərov onu öz bibisioğlu X9 ilə tanış edərək sonuncuya məxsus "Toyota-Prius” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürməsini təklif etmişdir. O, Mehdi Kərimovun təklifi ilə razılaşıb ilkin olaraq 1.000 manat olmaqla 03 il müddətinə hər ay 750 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş və onlar 03 ildən sonra isə avtomobilin onun mülkiyyətinə verilməsi barədə razılaşmışlar. Bundan sonra o uzun zaman vaxtı-vaxtında Mehdi Kərimova ödənişlər edərək ümumilikdə ona 16.500 manat məbləğində pul vermişdir. Bundan sonra Mehdi Kərimov həmin avtomobil ilə qəza törətmiş və sığorta şirkəti həmin qəza nəticəsində Mehdi Kərimova 7100 manat məbləğində ödəniş etmişdir. Lakin Mehdi siğorta pulunu aldıqdan sonra onu avtomobilin təmirinə sərf etməmişdir. Bu səbəbdən həmin avtomobil yararsız vəziyyətdə qalmış, lakin buna baxmayaraq Mehdi ondan həmin avtomobilə görə pul tələb etmişdir. Bundan başqa iş materiallarına "Toyota-Prius” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında şifahi razılaşmaya əsasən İddiaçı ona məxsus “Toyota Prius” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin avqust ayında ilkin olaraq 1000 manat ödəniş edilməklə, 3 il müddətinə, günü 25 manat olmaqla, aylıq 750 manata Cavabdeh icarəyə verilməsi, 3 il müddətinin sonunda ümumilikdə 27000 manat ödənildikdən sonra avtomobilin Cavabdeh mülkiyyətinə keçməsi barədə razılığa gəlmişlər. Cavabdeh ilkin olaraq iddiaçıya 1000 manat məbləğində ödəniş etmiş, avtomobili təxminən 11 ay müddətində istifadə etmiş və bu dövr ərzində sığorta ödənişləri də daxil olmaqla, ümumilikdə iddiaçıya 16200 manat məbləğində pul ödəmişdir. 22 iyul 2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Toyota Prius” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 840 manat vəsait tələb olunmuş və həmin vəsait sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hadisədən sonra avtomobil faktiki olaraq istismar olunmamış və uzun müddət yol kənarında, cavabdehin avtomobil təmiri sexinin yaxınlığında saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının oğlu X8 cavabdeh ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra dekabr ayının sonlarında cavabdeh avtomobilin açarlarını və texniki pasportunu iddiaçıya qaytarmışdır. Lakin iddiaçı cavabdehin avtomobili təmir etməsini gözlədiyindən, həmçinin, avtomobili aparmağa yeri və pulu olmadığından avtomobili həmin vaxt götürməmiş və yalnız 8 noyabr 2023-cü il tarixdə qüsur aktını (avtomobilə dəymiş zərərin ümumi məbləği 8440 manat müəyyən edilmişdir) tərtib etdirdikdən sonra avtomobili 2023-cü ilin dekabr ayında götürmüşdür. Hazırda İddiaçı Cavabdeh avtomobilin təmiri üçün ehtiyac olan 8 440 manatı və əldən çıxmış faydaya görə 10 800 manat, ümumilikdə 19 240 manat məbləğində pulun və ödənilmiş 148 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. İş materiallarından, tərəflərin izahatlarından və şahid ifadəsindən müəyyən edilmişdir ki, Cavabdeh avtomobilin açarlarını və texniki pasportunu 2022-ci ilin dekabr ayının sonlarında İddiaçı qaytarmış, bununla da avtomobil üzərində faktiki sahiblik, istifadə və sərəncam vermək imkanı iddiaçıya keçmişdir. Bu işin mübahisəsiz halıdır. Lakin iddiaçı cavabdehin avtomobili təmir etməsini gözlədiyindən, həmçinin, avtomobili aparmağa yeri və pulu olmadığından avtomobili həmin vaxt götürməmiş, onu uzun müddət olduğu yerdə saxlamış və yalnız 8 noyabr 2023-cü il tarixdə qüsur aktını tərtib etdirdikdən sonra avtomobili 2023-cü ilin dekabr ayında götürmüşdür. Bu müddət ərzində avtomobil istifadəsiz və nəzarətsiz qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının öz mülkiyyətində olan avtomobili vaxtında götürməməsi, avtomobilin uzun müddət istifadəsiz və nəzarətsiz qalması nəticəsində onun texniki vəziyyətinin pisləşməsi və əlavə zərərin yaranması ehtimalını artırmışdır. Belə ki, zərərçəkmiş şəxs zərərin qarşısının alınması və onun artmaması üçün ağlabatan tədbirlər görməlidir. İddiaçı avtomobil üzərində faktiki sərəncam vermək imkanına malik olduğu halda, onu vaxtında götürməmiş və təmir etdirilməsi üçün tədbirlər görməmişdir. Bu səbəbdən, avtomobilin 2023-cü ildə tərtib edilmiş qüsur aktında göstərilən 8440 manat məbləğində təmir xərclərinin tam həcmdə cavabdehin üzərinə qoyulması əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə 10800 manat pul tələbinə münasibətdə qeyd edir ki, tərəflərin izahatlarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən yalnız 2022-ci ilin avqust ayına qədər (avqust ayı da daxil olmaqla) olan ödənişləri həyata keçirmiş, avtomobilin 2022-ci ilin dekabr ayına qədər cavabdehin sahibliyində və istifadəsində olmasına və avtomobilin açarını və texniki pasportunu iddiaçıya 2022-ci ilin dekabr ayının sonunda təhvil verməsinə baxmayaraq 2022-ci ilin avqust ayından dekabr ayına qədər, yəni sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ödənişləri etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh əldən çıxmış fayda kimi həmin 4 ay üçün ödənilməli olan 3000 manat (750 manat * 4ay) məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 149.60 manat məbləğində dövlət rüsumunun 50 manat məbləği cavabdehə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat və dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aydan Oruclu