Məhkəmə qərarları › İş №2(004)-5700/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5700/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5700/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 27.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki tikilinin satılması ilə əldə etdiyi 120000 (yüz iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili 19.10.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, İddiaçı Xızı rayon Sitalçay bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli iclasının qərarına əsasən, 15 il müddətinə heyvandarlığın inkşaf etdirilməsi məqsədi ilə Sitalçay bələdiyyəsinin inzibati ərazisində içərisində qeyri-yaşayış sahəsi olan tövlə ilə birlikdə 400 ha torpaq sahəsi ayrılmışdır. Bələdiyyə tərəfindən verilən qərara əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Xızı rayon şöbəsi tərəfindən iddiaçıya torpaq sahəsindən istifadə hüququna dair 08 may 2005-ci il tarixli, JN-5940 seriyalı, 30600018 saylı şəhadətnamə və mülkiyyət hüququ əsasında tövlə tikilisinə dair 06 aprel 2005-ci il tarixli, 62 saylı reyestr nömrəsi ilə qeydiyyat vəsiqəsi verilmişdir. Elə həmin illərdə Cavabdeh, eləcə də cavabdehin atası Azərbaycan Respublikası Milli Məclisinin deputatı X5 ilə ailəvi yaxın münasibətləri yaranmışdır. Bu səbəbdən də o, cavabdehin təkidi ilə onlara məxsus quşçuluq fermasında işçi kimi uzun müddət çalışmış, aralarında yaranmış etimad və hörmətə əsasən Xanhüseyn müəllimi həmişə ağsaqqal kimi qəbul etmişlər, hər sözü və məsləhətinə hörmətlə yanaşmışlar. Bir müddət sonra cavabdeh iddiaçıya bildirmışdir ki, quşçuluğu və heyvandarlığı inkşaf etdirmək mədsədi ilə çox böyük pullar kreditə götürmüşlər, lakin daha çox pul əldə etmək üçün yeni daşınmaz əmlak - ev, torpaq sahələri lazımdır. Bu məqsədlə də yuxarıda qeyd edilən iddiaçıya məxsus torpaq sahəsi və üzərində yerləşən tikilinin idarə olunmasına dair cavabdehin adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şabran rayonunda yerləşən Dövlət Notariat Kontorunda 24 yanvar 2011-ci il tarixdə 7E-46 saylı reyestrdə qeydə alınmış etibarnamə vermişdir. Lakin sonradan bəlli olmuşdur ki, cavabdeh və onun ailəsi iddiaçıya məxsus olan torpaq sahəsi və üzərindəki tikilini qanunsuz olaraq mənimsəmişlər. Halbu ki, aralarındakı danışıq bu cür olmamışdır. Vəziyyətin artıq həddini aşdığını gördükdən sonra iddiaçı, 12 iyul 2013-cü il tarixdə aidiyyəti üzrə notariat kontoruna ərizə verərək, etibarnamənin ləğvini xahiş etmiş və ərizəyə uyğun olaraq həmin etibarnamənin ləğv edilməsinə nail olmuşdur. Lakin daha sonra ona məxsus olan torpaq sahəsinin hüquqi sahibinin dəyişməsi barədə rəsmi məlumat əldə etmişdir. Belə ki, 2 saylı Ərazi İdarəsinə verilmiş sorğuya cavab olaraq, 23 sentyabr 2015-ci il tarixli, **********92 saylı cavab məktubundan məlum olmuşdur ki, cavabdeh ona verilmiş etibarnamə əsasında iddiaçının adından sui istifadə edərək, anası X9 ilə aralarında Xızı rayon DNK-nın verdiyi 4-Ə-1/30 reyestr nömrəli, 05 aprel 2012-ci il tarixli alğı-satqı müqaviləsi bağlamış və Xızı rayon Sitalçay bələdiyyəsinin 01 nömrəli 05 aprel 2012-ci il tarixli icarə müqaviləsi əsasında X6 adına verilmiş ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə şəhadətnamə verilmişdir. Alğı-satqı zamanı əmlak iddiaçının xəbəri olmadan 120000 manat dəyərində qiymətləndirilmiş və bu məbləğlə də alğı-satqı aparılmışdır. Bu səbəbdən də onun hüquqlarının qorunması məqsədi ilə Cavabdeh, X9, Xızı rayonu Sitalçay bələdiyyəsi və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı Xızı Rayon Məhkəməsinə “tikili və torpaq sahəsinə verilən çıxarışın ləğvi, tikili və torpaq sahəsindən çıxarılma və ora köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Xızı Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli, 2(068)-20/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilsə də apelyasiya instansiya məhkəməsi qətnaməni ləğv edərək iddianı rədd etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, ümumiyyətlə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyətində deyil, sadəcə istifadəsində olmuşdur. İddiaçı cavabdehə idarəetmə ilə bağlı deyil, sərəncam verməklə bağlı bütün səlahiyyətləri etibarnamə ilə verib. Bu səlahiyyətlərdə satmaq bağışlamaq, dəyişmək və sair səlahiyyətlər olmuşdur. Cavabdeh isə müraciət edərək həmin torpağı sənədləşdirərək onda olan etibarnamə əsasında həmin torpaq və əmlakı anasının adına özgəninkiləşdirmişdir. İşin mahiyyətində dayanan məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Həmçinin iddia müddəti ötürülmüşdür. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan Xızı rayon Məhkəməsinin 2(068)-20/2016 saylı, 14.03.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Əliverdi oğlunun adından Cavabdeh ilə X3 arasında bağlanılan Xızı rayon Dövlət Notariat Kontorunun verdiyi 4-Ə-1/30 reyestr nömrəli, 05 aprel 2012-ci il tarixli alğı-satqı müqaviləsi və Xızı rayonu Sitalçay bələdiyyəsinin 01 nömrəli 05 aprel 2012-ci il tarixli icarə müqaviləsi əsasında X3 adına verilmiş 20 aprel 2004-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış şəhadətnamənin ləğv olunması, Xızı rayonu Sitalçay kəndində yerləşən torpaq sahəsinə aid İddiaçı adına (bələdiyyənin 24 sentyabr 2004-cü il tarixli 10 saylı iclasının qərarına əsasən) Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsindən istifadə hüququna dair 08 may 2004-cü il tarixli JN-5940 seriyalı, 30600018 saylı şəhadətnamə və mülkiyyət hüququ əsasında tövlə tikilisinə dair 06 aprel 2005-ci il tarixdə verilmiş 01 nömrəli reyestr kitabında 62 reyestr nömrə ilə qeydiyyatdan keçmiş qeydiyyat vəsiqəsinin bərpa olunması, Cavabdeh və ailə üzvləri həmin ərazidən çıxarılması və ərazinin tikililərlə birlikdə İddiaçı və ailə üzvlərinə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1668/2016 saylı, 12.08.2016-cı il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilərək Xızı rayon Məhkəməsinin 2(068)-20/2016 saylı, 14.03.2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı, X2, X10, X11, X8 cavabdehlər X4, Cavabdeh, Xrzı rayonu, Silalçay bələdiyyəsinə və Xızı rayon Dövlət Notariat Kontoruna qarşı alğı-satqı müqaviləsinin, tikili və torpaq sahəsinə verilən şəhadətnamənin ləğv olunması, əmlaka dair sənədlərin bərpa olunması, tikili və torpaq sahəsindən çıxarılma və əmlakın təhvil verilməsi, hüquqi yardıma görə ödənilmiş vəsaitin qaytarılması barədə iddia rədd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-297/2017 saylı, 02.02.2017-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1668/2016 saylı, 12.08.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ƏN-İ 143119 nömrəli, 24.01.2011-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Xızı rayonu, Sitalçay kəndində yerləşən 400 ha torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsinə dair adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Etibarnamə 7 il müddətinə, 24.01.2018-ci ilədək qüvvədədir. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı Xızı rayonu, Sitalçay kəndində yerləşən 400 ha torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsinə dair adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1668/2016 saylı, 12.08.2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, Xızı rayonu, dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq olunmuş 5 aprel 2012-ci il tarixli müqaviləyə əsasən 24 yanvar 2011-ci ildə Şabran rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnaməyə əsasən X7 adından hərəkət edən Cavabdeh Xızı rayonu, Sitalçay kəndində yerləşən 400 ha torpaq sahəsinə dair icarə hüquqularını və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan müəssisəni tam olaraq X1. Hazırda iddiaçı X12 Cavabdeh əsassız varlanmaya dayanaraq ona məxsus olan Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki tikilinin satılması ilə əldə etdiyi 120000 (yüz iyirmi min) manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, tələb əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “ ona məxsus torpaq sahəsi və üzərində yerləşən tikilinin idarə olunmasına dair cavabdehin adına etibarnamə vermişdir. Lakin sonradan bəlli olmuşdur ki, cavabdeh və onun ailəsi iddiaçıya məxsus olan torpaq sahəsi və üzərindəki tikilini qanunsuz olaraq mənimsəmişlər. Halbu ki, aralarındakı danışıq bu cür olmamışdır. Vəziyyətin artıq həddini aşdığını gördükdən sonra iddiaçı, 12 iyul 2013-cü il tarixdə etibarnaməni ləğv etdirmişdir”. İlk növbədə, məhkəmə qeyd edir ki, ƏN-İ 143119 nömrəli, 24.01.2011-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Cavabdeh iddia ərizəsində qeyd edildiyi kimi yalnız idarə etməyi deyil, Xızı rayonu, Sitalçay kəndində yerləşən 400 ha torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsinə dair adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Bundan əlavə, iddiaçı bildirir ki, cavabdeh və onun ailəsi tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsi və üzərindəki tikilinin qanunsuz olaraq mənimsənildiyini bildikdən sonra 12 iyul 2013-cü il tarixdə etibarnaməni ləğv etdirmişdir. Göründüyü kimi iddiaçı cavabdeh və onun ailəsi tərəfindən onun hüququnun pozulduğunu hesab etmiş və bu səbəbdən 2013-cü ildə etibarnaməni ləğv etdirmişdir. Lakin məhkəməyə hazırki tələblə 8 ildən sonra müraciət etmişdir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsində əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. AR Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus olan Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki tikilinin satılması ilə əldə etdiyi 120000 (yüz iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar