Məhkəmə qərarları › İş №2(004)-5728/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5728/2025

17.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5728/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "mənzildən çıxarılma və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh2 və ailə üzvlərinin (əri Qabil və qızları) çıxarılması və kirayə haqqı olaraq ona ödəməli olduqları 20.000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 ağır xəstə olduğu üçün ünvan 1 ünvanında yerləşən mənzillərini kirayə vermək qərarına gəlmişdi. Bu məqsədlə həyat yoldaşının sürücüsündən (sürücü Mahir (449-99-09)) bu işlə məşğul olan xalq arasında makler kimi tanınanlardan birisini tapmağı xahiş etmişdi. O, makler X3 (tel.(070) 278-82-72) tapdığını bildirdi. İddiaçı X4 müraciət etmiş və bildirmişdi ki, Yasamaldakı yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilə kirayənişin lazımdır. O, Cavabdeh2 ((055)215-11-19) adlı bir qadının ev axtardığını bildirmişdi. Sonra həmin qadınla 20 sentyabr 2022 il tarixdən qüvvədə olan Müqavilə bağlamışdılar. Müqaviləyə görə o hər ay iddiaçıya 750 (yeddi yüz əlli) manat pul ödəməli idi. O, tam təmirli, içərisi təzə alınmış avadanlıq və mebellə təmin olunmuş mənzilin açarını Cavabdeh2 vermişdi. 20 sentyabr 2022-ci il tarixindən Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 və iki qızları ilə birlikdə həmin mənzildə bu günə kimi yaşayırlar. Bildirir ki, Aybəniz, ödənişə görə iddiaçı zəng etdikdə bildirdi ki, həyat yoldaşı Qabil müəllim tezliklə pul ödənişi edəcək. O, dəfələrlə Aybəniz və Qabilə ödənişlə bağlı zəng edəndə ona bildirmişlər ki, gələn ay bütün borclarını ödəyəcəklər. Həyat yoldaşı xəstəxanada və reanimasiyada olduğu uzun müddət ərzində onun pula ehtiyacı daha çox yarandığı üçün iddiaçı onlardan daha tez-tez pulu tələb etməyə başlamışdı. Onlar hər dəfə bildirirdilər ki, pulu gələn ay tam şəkildə ödəyəcəklər. Həyat yoldaşının vəfatından və dəfnindən uzun müddət sonra 2025-ci ilin fevral ayında iddiaçı Cavabdeh1 ilə evdən çıxmaları və pulu ödəmələri tələbi ilə görüşdü. O bildirdi ki, iş adamıdır. Ukraynada böyük biznesi var. Ukrayna ilə bağlı sənədini iddiaçıya təqdim etmişdi (sənədin surətini təqdim edir). Ukraynaya gedib pullarını Bakıya keçirmək üçün ona 17 min manat pul lazımdır. İddiaçı da ona inanmış və demişdi ki, Notarius vasitəsi ilə pul verər. 15 mart 2025-ci il tarixdə iddiaçı notarius vasitəsi ilə ona 17 min manat pul vermişdi. Qabil demişdi ki, həm mənzildən ödəmədiyi pulu, həm də aldığı pulu 2 ay müddətində tam şəkildə qaytaracaq. Ancaq indiyə qədər heç nə qaytarmayıb. İddiaçı əmin oldu ki, Qabil onu aldatmışdır. Ona görə Notariusa müraciət etmişdi. Notarius borc ödənişi üçün icra qeyd vərəqəsini icra şöbəsinə göndərmişdi. Hal-hazırda Cavabdeh1 axtarışdadır. 2022-ci il sentyabr ayının 20-si tarixindən bu günkü tarixə qədər ödəməli olduqları pulun ümumi hesabı 27.200 (iyirmi yeddi min iki yüz) manat edir. Bu puldan 7200 (yeddi min iki yüz) manatının ödəyiblər. Qalıq 20.000 (iyirmi min) manatdır. Cavabdeh1 məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, ona qarşı irəli sürülən borc iddiasını rədd edir. O, ailəsi ilə birlikdə Səidə İbrahimovnanın evində kirayədə qalırlar. Onlar bu evə köçdükdən sonra dəfələrlə evə usta çağırmalı olmuş və öz hesablarına təmirlər edib, avadanlıq almışlar. Ərizədə qeyd edilən “təzə alınmış avadanlıqla təmin olunmuş” iddiasını rədd edir. Köçdükdən sonra kirayə haqqını vaxtı vaxtında, hətta 24 avqust 2023-cü ildə növbəti 3 aylıq kirayə haqqını (iki min manat) əvvəlcədən ödəmişlər (onda qalan ən köhnə tarixli çek budur, ona qədər kirayələr vaxtı vaxtında ödənilib). Sentyabr 2023-cü ildə kirayə müqaviləsinin vaxtı bitmişdi və onlar yeniləmək istəsələr də, Səidə İbrahimovna vergi ödəməmək üçün kirayə müqaviləsini yeniləməkdən imtina etmişdi. Evə köçdükləri vaxtdan borc müqaviləsinə qədər onun Səidə İbrahimovna ilə heç bir əlaqəsi olmayıb, bütün danışıqları yoldaşı aparıb, ödənişləri o edib və ödəniş qəbzinin şəkillərini İbrahimovnaya göndərib, 2024-cü ilin ilk aylarında ödənişlər bir az geciksə də, 19 aprel 2024-cü il 700 (yeddi yüz) manat, 14 may 2024-cü il 1000 (bir min) manat, 20 iyun 2024-cü il 1000 (bir min) manat və sonuncu ödənişləri 19 noyabr 2024-cü ildə 1000 (bir min) manat olub. Bu ödənişlər onda qəbz şəkilləri qalan ödənişlərdir, ilin digər aylarında da ödəniş etmiş, lakin qəbzi onda qalmamış ola bilər. 2024-cü il dekabr ayı Səidə İbrahimovnanın yoldaşı xəstələndikdə, onun yoldaşından şiddətli şəkildə 4000 (dörd min) manat pul tələb etmişdi. Yoldaşını yerləşdirdiyi xəstəxananın xərclərini onların ödəməsini tələb etmişdir. Səbəb kimi ona 4000 (dörd min) manat kirayə borcları olduğunu idi. Bu məbləğin təcili şəkildə göndərilməsini onun yoldaşından zəngdə və səsli mesajlarda tələb etmişdi. Yoldaşı Aybəniz onların o qədər pullarının olmadığını demişdi. İbrahimovna ona inanmamış, “yoldaşınıza mənim nömrəmi verin, mənə zəng etsin, əks halda sizin dedikləriniz inandırıcı deyil, mənə elə gəlirki sizin əriniz yoxdur” kimi israrları səbəbindən 2024-cü il 28 dekabr tarixindən onunla elaqə saxlamalı olmuşdu. O da iddiaçıya maliyyə sıxıntıları olduğunu, onun yoldaşının xəstəxana ödənişlərini qarşılaya bilməyəcəyini demişdi. 4 min manat İbrahimovnaya təcili lazım olduğu üçün ona o pulu verə bilməmiş, lakin hansı aylar ödənməyibsə, onları maddi vəziyyəti düzələn kimi ödəməyi söz vermişdi. Dəqiq nə qədər kirayə borcunun olduğunu bilmirdi. Ödəyə biləcəyi vaxt bunu hesablamağı düşünürdü. İbrahimovna onun sözünə etibar etmədiyini və kirayə borcunu rəsmiləşdirmək istədiyini demişdi. İbrahimovna ödəniş etmədiyi aylar üçün kirayə borcu müqaviləsi bağlamaq istəmiş, onlarsa razılaşmış, lakin notariusda onlara kirayə müqavilələri olmadığı üçün bunun mümkünsüz olduğunu demişdilər və əvəzində borc müqaviləsi bağlamağı təklif etmişdilər. 15 mart 2025-ci il notariusa növbəti gedişlərində Səidə İbrahimovna, yanında onunla birlikdə gələn Nəsirov Emin (+**********65) adlı şəxs notariusa 17000 manatı cavabdehə təqdim edirmiş kimi göstərib müqavilə bağlamışdılar. Dərhal sonra 17000 manatı o, onlara geri verib oradan ayrılmışdı. (Ona notariusdan göndərilən xəbərdarlıq məktubunu da iddiaçının adından Emin Nəsirov göndərib, məktubun şəklini əlavə edir). Yalançı borc müqaviləsinə imza atmağının səbəbi Səidə İbrahimovnanın ona “imzanı atın, evimdə qalın, evdən çıxdıqdan sonra hesablaşarıq” vədi idi. Hesablaşma vədinin səbəbi məbləğin ödəmədiyi ayların həqiqi kirayə borcundan xeyli artıq olması idi. O onsuz da o pulu götürmədiyi üçün məbləğə fikir verməmişdi. Borc müqaviləsi bağlandıqdan sonra ev sahibi onları zorakılıqla evdən çıxarmağa çalışmışdı. Bütün ödənişləri yoldaşı etdiyi üçün borc müqaviləsindəki məbləğin həqiqi kirayə borcundan xeyli artıq olduğunu demiş və bundan sonra borc müqaviləsindəki məbləğin onları narahat etdiyi üçün İbrahimovadan onu ləğv etməsini istəmişdilər. Lakin o, israrla borc müqaviləsindəki məbləği tələb etməyə başlamışdı. Cavabdeh aldadıldığını, bundan sonra iddiaçının evindən çıxmağın ona problem olacağını bilmişdi. Aprel ayında Emin Nəsirov zənglər edib onun evdən çıxmağını tələb edirdi. Bir gün gəlib işıqlarını söndürmüşdülər. İşıq borcları olmadığı üçün ışıqları açdırdılar. 20 iyul 2025-ci il tarixdə S.İbrahimovna qaldıqları evə tanımadığı 2 kişi göndərmişdi. Onlar qapını sındırıb evə daxil olaraq ona hədə-qorxu gəlmişdilər. Bunu videoya çəkmiş, polis çağırmışdılar. Polis gəlib onları aparmışdı. Ukrayna sənədinə gəldikdə isə, cavabdeh o sənədi borc müqaviləsindən 4 ay sonra, 2025-ci ilin ayında Səidə xanım ona "sən dələduzsan, polisə dələduz olduğun barədə şikayət yazacam, sənəd göndər inanım ki, iş adamısan" kimi böhtan atdığı üçün ona Ukraynada şirkət direktoru olduğunu sübut etmək üçün göndərmişdi. İddiaçı onun iş sənədlərini uydurma iddiada ona qarşı işlətmək məqsədi olduğu üçün ondan tələb edirmiş. O, Səidə İbrahimovnadan heç vaxt pul istəməmişdir, S.İbrahimovna ona heç bir pul verməyib, Ukraynaya getməmişdir. Borc müqaviləsi təklifinə razılaşma səbəbi 2024-cü il ərzində ödəmədiyi ayların kirayə ödənişindən yayınmamağı, və "evimdə qalın, çıxanda hesablaşarıq" vədi idi. Müqavilədən sonra onları evdən çıxarmağa çalışması iddiaçıya olan etibarlarını itirmiş və mənzilində qalmağa davam etmişdilər ki, borc müqaviləsinin əslində fakta əsaslanmadığını, real borc münasibətinin olmadığını, ona o məbləğdə borcları olmadığını, onların kiraçısı olduqlarını məhkəmədə sübut edə bilsinlər. Müqavilədə yazılan məbləğ yığılan həqiqi kirayə haqqına uyğun deyildir, köçdükdən bir neçə ay sonra qarşılıqlı şifahi razılaşma ilə kirayə haqqını 700 manata endirmişdilər (şəkili təqdim edir). Ev sahibi onun evdən çıxmağını borc müqaviləsinə kimi heç vaxt tələb etməyib. Borc müqaviləsindən sonra onları evdən zorakılıqla çıxartmağa çalışaraq, ona borc vermə hadisəsini həqiqətə oxşar etmək niyyəti güdüb. Onun kirayə müqaviləsi yenilənməyib, aldadılmışdır, mənzil toxunulmazlıq hüququ, şəxsi ailə toxunulmazlıq hüququ pozulub, ev sahibinin tutduğu tanımadığı insanlar tərəfindən hədə qorxu gəlinmişdir. Bunların hamısını Səidə İbrahimovna edib. Borc müqaviləsindən sonrakı müddətdə iddiaçıya yığılan kirayə haqqını ödəyəcəyini, evdən çıxmağa razı olduğunu, lakin bunları yalançı borc müqaviləsinin notarial qaydada ləğv olunduqdan sonra edə biləcəyini təklif etmişdir, lakin iddiaçı razı olmamışdır. Bu şərti irəli sürmək səbəbi, yığılan kirayə haqqını ödəyib, evdən çıxdıqdan sonra da ondan müqavilədə yazılan məbləği tələb edər, ödədiyi pul boşa gedər və yalan əqdin səbəbi əslində onun kirayəçisi olduğu və ödəniş etmədiyi aylar olduğunu sübut edə bilmək qorxusu idi. Səidə İbrahimovna polisə, onun evin açarlarını cibdən oğurlayıb evə girmələri, onun narkoman olmağını, televizorlarını satmasını (baxmayaraq ki bu evə tv xəttini cavabdehlər çəkiblər və tv tüneri onlar alıblar) bildirmişdi. Buna görə yoldaşı ona 24 iyul tarixdə evdəki televizorun şəklini göndərib və qeyd edib ki her şey yerindədir (whatsapp şəklini əlavə edir). İddiaçı ona bu kimi böhtanlar ataraq onu polis zoru ilə evdən çıxartmağa çalışıb, onun heç vaxt heç bir hüquqa zidd əməli olmayan ailəsini polis bölməsində izahat verməyə vadar edib. Polis şikayəti böhtan olduğu ücün rədd etmişdi. S.İbrahimovna onlara böhtanlar ataraq, qanunları pozaraq, onun və ailəsinin hüquqlarını pozaraq, yalan borc müqaviləsinə güvənərək ondan xeyli miqdarda pul qopartmağa çalışır. Bu il iyul ayında yoldaşı ona ödənişlər etməyi təklif etsə də, iddiaçı ona cavab verməyib, zənglərini götürməmışdi. O da anlamışdır ki, Səidə İbrahimovna yalan əqdləri sayəsində həqiqi kirayə borcundan daha böyük məbləğ hədəfləyib, bu səbəbdən də onlar müqaviləni məhkəmədə mübahisələndirməyi gözləmişlər. İddiada qeyd edildiyi kimi axtarışda olmamışdır. Notarius borc müqaviləsini icraya yöləntdiyi üçün Nizami rayon polisi onunla əlaqə saxlayıb, Nizami Rayon İcra şöbəsinə dəvət etmişdi. 22 sentyabr və 6 oktyabr tarixlərində Nizami RİŞ-ə gedib məsələyə aydınlıq gətirmişdir. Bugünə kimi heç bir hüquqa zidd əməli olmayıb. Heç kimdən pul istəməmişdir. Heç kimi aldatmamışdır. Şəxsi biznesində çətinliklər olduğu üçün 2024-cü ilin bəzi ayların ödənişini edə bilməmişdir. Ona qarşı irəli sürülən iddiaları rədd edir. O, evi zəbt etməmiş, məhkəmədə iddiaçının kiraçısı olduğunu sübut etmək üçün evdə qalmağa davam etmişdir. Evdən çıxmağa hazırdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin şikayəti varsa, müvafiq dövlət qurumlarına müraciət edə bilər. İddiaçı qorxur ki, cavabdehlər evə ziyan vura bilərlər. Ərizə yazılan tarixədək cavabdehlərin 20000 manat borcu var. Cavabdeh ödəniş etmək iqtidarında deyil, pulu Ukraynaya göndərir. Verilən suallara cavab olaraq bildirmişdir ki, borc məbləğinin ödənilməyən kirayə haqqlarına aidiyyəti yoxdur. 2024-cü ildə kirayə haqqı ödənişi olmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, digər cavabdeh onun həyat yoldaşıdır. Mənzildən çıxmağa razıdır, lakin pul tələbinə etiraz edir. Onların iddiaçı ilə müqavilələri yoxdur, axırıncı dəfə 2024-cü ilin noyabr ayında 1000 manat ödənilmişdi. O, borc almamışdır, aylıq icarə haqqı ödəmişdir. 1 ildən sonra isə şifahi razılaşma ilə kirayə müqaviləsinin müddəti uzadılmışdı. 17.000 manat məbləğindəki pulu kirayə haqqı kimi tələb edirlər. Notariusda pulu kassaya qoydular, sonra isə qaytarıb verdilər. Onların işıqla bağlı borcları olmasa da, işıqlarını kəsmişdilər. Verilən suala cavab olaraq bildirmişdir ki, ödənişləri həyat yoldaşı edirdi. Digər cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********72-05301-093069 reyestr nömrəli Çıxarışdan görünür ki, Bakı şəhari, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3138-ci məhəlla, ev 4, mənzil 30 (Yeni qaydalarla: AZ 1100, ünvan 3 ünvanda yerləşən sahəsi 131 kv.m olan mənzil paylı mülkiyyət hüququ əsasında hər birinin payları 1/3 hissədən ibarət olmaqla İddiaçı (xx.xx.2025-ci il), X1 və X2 adlarına qeydiyyata alınmışdır. İcarədar İddiaçı ilə icarəyə götürən Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarədar yaşayış sahəsini icarəçinin baxıb bəyəndiyi vəziyyətdə bütün komunal borcların, işıq,qaz, su və s. ödənilmiş şəkildə təhvil verir. İcarəçi isə yaşayış sahibinin verdiyi ünvan 4 ünvanda yerləşən mənzili yaşamaq üçün qəbul edir. Aylıq icarə haqqı 750 manat təşkil edir. Müqavilə 1 il müddətinə bağlanılmışdır. Borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında 7 savlı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 3M-128 nömrəsi ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, "Borc verən" "Borc alana" 17000 manat 00 qəpik (on yeddi min manat sıfır qəpik) məbləğində pulu notariusun depozit hesabı vasitəsi ilə borc verməyi, "Borc alan" isə borcu xx.xx.2025 tarixinədək "Borc verənə" qaytarmağı notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilənin 7-ci bəndinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 7 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Azərbaycan Respublikası "xxxx" ASC-nin 7 saylı Bakı ASAN xidmət şöbəsinə ünvanlanmış 416 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Borc müqaviləsi üzrə - İddiaçı tərəfindən ödənilməli olan 17000 manat 00 qəpik (on yeddi min manat sıfır qəpik) məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra olan 17000 manat 00 qəpik (on yeddi min manat sıfır qəpik) məbləğində pul vəsaitinin Cavabdeh1 verilməsi üçün banklarında olan (X6 adına olan) AZ32AlİB410400G**********234 depozit hesabına qəbul olunması xahiş edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvananmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiqlənmiş (notarius Vüsal Sadıqov) 15 mart 2025 ci il tarixli 416 saylı "Borc Müqaviləsinə" əsasən ondan almış olduğu 17000 (on yeddi min) manat pulu xx.xx.2025 ci il tarixinədək ona qaytarmalı idi. xx.xx.2025 il tarixdən 31 gün keçməsinə baxmayaraq onun tərəfindən pulun qaytarılması ücün heç bir təşəbbüs göstərilməmişdir. Odur ki, qısa müddətə Borc müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi, əks halda icra qeydinin aparılması üçün Notariusa müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2025-cü il tarixli borclunun axtarışı haqqında qərarına əsasən, 7 saylı Bakı "ASAN xidmət” mərkəzində Notariat ofisinin 8İ-25436 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh1 barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cavabdeh1 tərəfindən təqdim edilmiş və məhkəmə baxışında tədqiq edilmiş WhatsApp yazışmalarının fotoşəkillərindən müəyyən edilmişdir ki, İddiaçı məxsus 4127********0962 nömrəli kart hesabına ********** nömrəli ödəniş qəbzinə əsasən 24 avqust 2023-cü ildə 2.000 manat, ********** nömrəli ödəniş qəbzinə əsasən 19 aprel 2024-cü ildə 700 manat, ********** nömrəli ödəniş qəbzinə əsasən 14 may 2024-cü ildə 1.000 manat, ********** nömrəli ödəniş qəbzinə əsasən 20 iyun 2024-cü ildə 1.000 manat və 19 noyabr 2024-cü ildə 1,000 manat məbləğində kirayə haqqı ödənişləri edilmişdir. Tərəflər arasında keçən 20 iyul (2025-ci il olduğu ehtimal olunur) tarixli yazışmadan görünür ki, iddiaçı cavabdeh tərəfindən 20 iyul tarixində edilmiş bir neçə zəngə cavab verməyib, daha sonra "Məşğulam. Yazın" deyib. Tərəflər arasında keçən 24 iyul (2025-ci il olduğu ehtimal olunur) tarixli yazışmadan görünür ki, cavabdeh iddiaçıya evdəki televizorun şəklini göndərərək "Bu sizin televizor. Evdə hər şey yerindədir" deyə qeyd edib. Həmçinin eyni tarixdə cavabdeh iddiaçıya bu ay üçün onun kartına indi 500 manat yükləmək istədiklərini, gələn ay da pul yükləyəcəklərini, hər ay kartına pul oturacağını, çünki işə düzəldiyini bildirmiş, razı olub-olmadığını, pulu yükləməsi barədə soruşmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 675-ci maddəsinə əsasən, Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən, Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.1-ci maddəsinə əsasən, Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2-ci maddəsinə əsasən, Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. 689.1-ci maddəsinə əsasən, Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 691.2-ci maddəsinə əsasən, Yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verilsin. 692.1-ci maddəsinə əsasən, Kirayəyə verən bu Məcəllənin 692.4-cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. 692.2-ci maddəsinə əsasən, Kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır: 692.2.1. kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda; 692.2.2. kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda; 692.2.3. kirayə hüquq münasibətlərinin davam etməsi nəticəsində kirayəyə verən torpaq sahəsindən iqtisadi cəhətdən sərfəli istifadə edə bilmədikdə və buna görə xeyli zərərə düşə bildikdə. Bu halda yaşayış otağının başqa şəxslərə kirayəyə verilməsi zamanı əmlak kirayəsi üçün daha yüksək haqq almaq imkanı hesaba alınmır. Kirayəyə verən həmçinin buna istinad edə bilməz ki, kirayəlik otaqlar kirayəçiyə verildikdən sonra nəzərdə tutulmuş və ya həyata keçirilmiş mənzil mülkiyyətinin təsis edilməsi ilə əlaqədar, o, həmin otaqları satmaq istəyir; 692.2.4. kirayəyə verən binanın yardımçı qeyri-yaşayış otaqlarını kirayəyə vermək məqsədilə yeni avadanlıqla təchiz edərək yol verilən şəkildə yaşayış otaqlarına çevirmək niyyətində olduqda və müqavilənin ləğvini yalnız bu otaqlar üçün məhdudlaşdırdıqda. Bu halda kirayəçi kirayə haqqının ağlabatan dərəcədə azaldılmasını tələb edə bilər. Əgər həmin otaqların yeni avadanlıqla təchiz edilməsi işlərinin başlanması uzadılırsa, kirayəçi yardımçı otaqlar barəsində kirayə hüquq münasibətlərinin müvafiq müddətə uzadılmasını tələb edə bilər. 692.4-cü maddəsinə əsasən, Kirayəyə verən özünün yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərini bu Məcəllənin 692.1-ci maddədə nəzərdə tutulan şərtlər olmadıqda da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə müvafiq surətdə tətbiq edilir. 693.2-ci maddəsinə əsasən, Yaşayış otağının kirayəsi haqqında qüvvədə olma müddəti müəyyənləşdirilmiş müqavilə üzrə hüquq münasibətləri aşağıdakı hallarda qeyri-müəyyən müddətə uzadılır: 693.2.1. əgər kirayə müddəti bitdikdən sonra kirayəçi otaqdan istifadəni davam etdirirsə və iki həftə ərzində kirayəyə verən və ya kirayəçi əks niyyətdə olduğu barədə müvafiq olaraq digər tərəfə bildiriş vermirsə. Kirayəçi üçün müddət istifadənin davam etdiyi andan, kirayəyə verən üçün bu davametmənin ona məlum olduğu andan başlanır; 693.2.2. əgər ləğvetmə bu Məcəllənin 692-ci maddəsinin göstərişlərinə uyğun həyata keçirilmirsə. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 704.1-ci maddəsinə əsasən, Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. 704.2-ci maddəsinə əsasən, İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. 705-ci maddəsinə əsasən, Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həminiş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinə əsasən, icarədar yaşayış sahəsini icarəçinin baxıb bəyəndiyi vəziyyətdə bütün komunal borcların, işıq,qaz, su və s. ödənilmiş şəkildə təhvil verməyi, icarəçi isə yaşayış sahibinin verdiyi ünvan 4 ünvanda yerləşən mənzili yaşamaq üçün qəbul etmişdir. Aylıq icarə haqqı 750 manat müəyyən edilmiş, müqavilə 1 il müddətinə bağlanılmışdır. Cavabdehlər 2022-ci ilin sentyabr ayından hazırki vaxtadək iddiaçıya məxsus mənzildə yaşayırlar. Cavabdehlər icarə haqqını müntəzəm ödəməmiş və nəticədə onların icarə müqaviləsi üzrə borcları yaranmışdır. Daha sonra İddiaçı ilə Cavabdeh1 arasında 7 savlı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 3M-128 nömrəsi ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, "Borc verən" "Borc alana" 17000 manat 00 qəpik (on yeddi min manat sıfır qəpik) məbləğində pulu notariusun depozit hesabı vasitəsi ilə borc verməyi, "Borc alan" isə borcu xx.xx.2025 tarixinədək "Borc verənə" qaytarmağı notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. Hazırda iddiaçı hazırda cavabdehlərin mənzildən çıxarılmasını, o cümlədən icarə müqaviləsi üzrə qalıq borcun ödənilməsini tələb edir. Məhkəmə iddia tələbininin “cavabdehlərin mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehlərdən mənzildən çıxmalarını tələb etsə də, cavabdehlər mənzildə yaşamağa davam etmişdirlər. Bununla da, iddiaçının potensial mülkiyyətçi olaraq, hüquqları pozulmuş, iddiaçının razılığı olmadan cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının öz mənzilindən istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququnu məhdudlaşdırır. Halbuki, qanunvericilik mülkiyyət hüququnu və mülkiyyət hüququnun pozulduğu halda, onun müdafiəsini tanıyır. İddiaçı və Cavabdeh2 arasında 20 sentyabr 2022-ci il tarixində bağlanmış İcarə Müqaviləsi 1 il müddətinə nəzərdə tutulmuşdur. Bu müqavilənin müddəti 20 sentyabr 2023-cü il tarixində başa çatmışdır. Cavabdeh1 öz izahatında kirayə müqaviləsinin yenilənmədiyini qeyd etməsi tərəflər arasında yazılı icarə münasibətinin başa çatdığını təsdiqləyir. Həmçinin cavabdeh məhkəməyə verdiyi izahatında evdən çıxmağa razı olduğunu bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, kirayəçi ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Qeyd olunan hallara əsasən, cavabdehlərin mübahisəli mənzildə yaşamaları üçün hər hansı bir qanuni əsas qalmadığı müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər mənzildən çıxarılmalıdır. Məhkəmə iddianın borcun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ödənilməyən 20.000 manat məbləğində kirayə haqqını tələb edir. Cavabdeh isə borc müqaviləsinin yalançı əqd olduğunu, pulun ona verilmədiyini, məqsədin isə kirayə müqaviləsi üzrə ödənilməyən borcunu rəsmiləşdirmək və evdə qalmaq vədi almaq olduğunu iddia edir. Məhkəmə tərəflərin izahatlarından, iş materiallarıdakı sənədlərdən bu əqdin həqiqi borc münasibəti deyil, digər bir öhdəliyi təmin etmək məqsədi daşıdığını qənaətinə gəlir. Həmçinin məhkəmə qeyd edir ki, 2022-ci ilin sentyabr ayından hal-hazıradək kirayə müqaviləsi üzrə 20.000 manat məbləğində borc yığılmışdısa, iddiaçının 15 mart 2025-ci il tarixdə cavabdehə 17.000 manat məbləğindəki borc verməsi ağlabatan deyil. Görünən odur ki, həmin tarixdə notarial qaydada bağlanmış borc müqaviləsi əslində cavabdeh tərəfindən ödənilməyən kirayə haqqları üzrə yığılmış borcla əlaqədar bağlanmışdır. Sonradan həmin borcun ödənilməsi ilə bağlı icra qeydi verilmiş və Nizami rayon İcra şöbəsində icra sənədi üzrə icraat başlanılmışdır. Hazırda icra sənədi üzrə icraat davam etdirilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3138-ci məhəllə, ev 4 (Yeni qaydalarla: AZ1100, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 131 kv/m olan 30 saylı mənzildən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailə üzvləri ilə birlikdə İddiaçı qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 3138-ci məhəllə, ev 4 (Yeni qaydalarla: AZ1100, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 131 kv/m olan 30 saylı mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar