Məhkəmə qərarları › İş №2(004)-574/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-574/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-574/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Arxivi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Arxivi cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşının, yəni 1930-cu ildə Xankəndində anadan olmuş, 1998-ci ildə vəfat etmiş X9 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X13, ana qrafasında isə X6 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X14 1930-cu ildə Xankəndində anadan olmuşdur. Rusiya Federasiyası, Astırxanda vəfat etmişdir. Azərbaycan Respublikasında dəfn edilmişdir. Atası X1 anadan olmuşdur. Məlum hadisələrlə 1988-ci ildə Rusiyaya gedərək doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsinə müraciət etsə də, Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Arxiv İdarəsi doğum Xankəndində qeydə alındığından doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, ərizəçi bildirir ki, qardaşının yəni 1930-cu ildə Xankəndində anadan olmuş, 1998-ci ildə vəfat etmiş X9 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X13, ana qrafasında isə X6 qeyd edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Arxivi məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, məhkəmə bildirişinə cavab olaraq Xankəndi şəhəri üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, Ərizəçi doğum haqqında akt qeydinin aparılmasının imkanları xaricində olduğunu bildirmiş və məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş Ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığı müraciətinə cavab məktubuna əsasən X14 haqqında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən daxil olan 02 sentyabr 2024-cü il tarixli ərizəyə cavab məktubuna əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1930-cu ilə dair Xankəndi rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X9 doğum haqqında akt qeydinin axtarışının aparılmasının imkanları xaricində olduğu bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş Ərizəçi xx.xx.2024-cü il tarixli ərizəsinə cavab məktubuna əsasən Qaradağ rayonu, Ümumşəhər (Qurd qapısı) qəbiristanlığında 1982-ci ildə dəfn olunmuş anası X2 yanındakı boş yerdə qardaşı X9 dəfn olunması barədə heç bir məlumat olmadığı bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizəçi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə ünvanladığı ərizəyə cavab məktubuna əsasən 1897-ci ildə Azərbaycan Respublikası Xankəndi şəhərində anadan olmuş X5nun doğum haqqında akt qeydinin bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəyə baxıldığı, tərəflərindən araşdırma aparılan zaman Xankəndi rayon Qeydiyyat şöbəsi tərəfindən 1897-ci illərdə tərtib edilmiş akt qeydlərinin 1-ci Vətən müharibəsi zamanı mühafizə etməyin mümkün olmadığı və hazırda mövcud olmadığı, şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə doğum haqqında akt qeydinin bərpasının mümkün olmadığı bildirilmiş və hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İV 997760 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1947-ci il tarixdə Xankəndi şəhərində doğulmuşdur. X5, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 117747 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2030 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ 378313 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, sorğuya cavab olaraq Dövlət arxivinin 2024-cü ilə dair qeydiyyat jurnallarına baxıldığını, lakin Ərizəçi doğumu barədə müraciət aşkar edilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 (1905-1982) aid məzar daşının yanındakı boş yerə baş daşı qoyulmuş üzərində X14 (1930-1997) qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsində qardaşı X9 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X13, ana qrafasında isə X6 qeyd olunmasını xahiş etsə də, bu barədə kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməməli, Ərizəçi qardaşı 1930-cu ildə Xankəndində anadan olmuş, 1998-ci ildə vəfat etmiş X9 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X13, ana qrafasında isə X2 qeyd olunması barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar