Məhkəmə qərarları › İş №2(004)-5747/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5747/2022

28.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5747/2022 28.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavadbehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir, qeydiyyatda olduğu ünvanda həyat yoldaşı və övladları ilə birgə yaşamış, xx.xx.2022-ci il tarixdə ailə üzvləri tərəfindən aldadılaraq birgə əmlakları olan evin oğlunun adına keçirilməsinə nail olunmuşdur. Hazırda ailə üzvləri tərəfindən yaşadığı mənzilə buraxılmır və küçələrdə yaşamaq məcburiyyətində qalmışdır. Qeyd olunan mənzil birgə nikah dövründə əldə edilmiş və bunun əsasında da həmin mənzilə münasibətdə onun mülkiyyət və yaşamaq hüququ vardır. Əlavə olaraq bildirir ki, özü Qarabağ müharibəsi veteranı olsa da 9 aydır ki, köçürülməsini tələb etdiyi mənzildə yaşamır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nümayəndə ilə 1995-ci ildə nikaha daxil olmuş, 2001-ci ildə mübahisə predmeti olan mənzil alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş və mülkiyyət hüququ ilə arvadının adına rəsmiləşdirilmiş, mənzil əldə edildiyi vaxtdan orada ailə üzvləri ilə birgə yaşamış, lakin 2022-ci ilin mart ayından mənzildə öz iradəsinə zidd olaraq yaşamır. Buna baxmayaraq həmin mənzildə qeydiyyatdadır. Mənzil birgə nikah dövründə alınmışdır. Yaşamağa digər yaşayış sahəsi olmadığından hazırda küçədə yaşayır. Quba rayonunda ata evi olsa da, həmin evin çıxarışı yoxdur. 1982-ci ildə atası, 1986-cı ildə anası vəfat etmişdir, o vaxtdan isə miras əmlakı qəbul etməmiş və qardaşının faktiki sahibliyindədir. Bağışlama müqaviləsinin rəsmiləşdirilməsi üçün razılıq ərizəsini aldadılaraq imza etmiş və nəyə imza etdiyini anlamamışdır. Heç bir xəstəlikdən əziyyət çəkmir, 2 saylı Psixiatriya Xəstəxanasında xəstəxanasında müalicə olunmasına baxmayaraq ruhi xəstə deyil. Hazırda tərəflər arasında onun həmin mənzildən qeydiyyatdan çıxarılması tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında iş vardır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavadbehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı tüfeyli həyat tərzi sürür və ailə adamı deyil. İddiaçı heç vaxt övladlarına vaxt ayırmamışdır. Bu səbəbdən iddiaçı öz hərəkətləri ilə övladlarının adına xələl gətirmişdir. Hazırda mübahisəli mənzil övladı, iş üzrə Cavabdeh mülkiyyətindədir, o, isə evlənmək niyyətindədir. İddiaçı əgər sığınacaq istəyirsə bunun üçün müvafiq yerlər var. Əlavə olaraq bildirir ki, iddiaçının köçürülməsini istədiyi mənzili onun qardaşı alıb, iddiaçının həmin mənzildə əziyyəti yoxdur. İddiaçı həmişə evə içkili gəlib, əlinə düşən pulu isə qohumuna xərcləyib, uşaqlarına isə maddi və mənəvi qayğı göstərməmişdir. O, işləmir, gəliri yoxdur, əlillik pensiyası alır. Özü iddiaçıdan ər olaraq sığınacaq istəyir. Övladları da iddiaçını istəmirlər. Uşaqları onu iddiaçı ilə ailə qurduğu üçün danlayırlar. İddiaçının Quba rayonunda ata yurdu var, gedib orada yaşaya bilər. Verilmiş suallara cavab olaraq bildirir ki, İddiaçı ilə 1995-ci ildə nikaha daxil olmuş, mübahisə predmeti olan mənzil iddiaçı ilə birgə nikah dövründə, yəni 2001-ci ildə alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş və mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmişdir. Mənzil əldə edildiyi vaxtdan iddiaçı orada yaşamışdır. Birgə nikah dövründə əldə edilmiş mənzilin nikahdan olan övladı (cavabdeh) Cavabdeh bağışlanmasına dair notariat ofisində ərizəni iddiaçı özü imzalamışdır. Cari ilin təxminən mart-aprel ayında iddiaçı ilə aralarında spirtli içki qəbul etməsi səbəbiylə mübahisə olmuş və bundan sonra onu evə buraxmamışlar. Belə ki, iddiaçı öz hərəkətləri ilə ailə üzvlərinə yalnız ziyan verir. İctimaiyyəti və övladlarını nəzərə alaraq iddiaçı ilə boşanmamış və hazırda da onunla rəsmi nikahdadır. Özü cavabdehlə birgə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşayır. Göstərilənlərə əsasən o, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş XİX- JQ № 494809 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.1996-cı ildə doğulmuşdur. Atası İddiaçı və anası X1r. Tərəflər arasında işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı və X2 1995-ci ildən nikahda olmaqla mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 166 ünvanında yerləşən 8 saylı mənzil onların birgə nikah dövründə, yəni 2001ci ildə əldə edilmişdir. Mənzil əldə edildiyi vaxtdan iddiaçı ailə üzvləri ilə birlikdə mənzildə qeydiyyatda olmaqla faktiki olaraq yaşamışdır. Tərəflərin verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçı mənzildə qeydiyyatda qalmaqla 2022-ci ilin mart-aprel aylarında öz iradəsindən asılı olmayaraq mənzildən çıxarılmış və həmin vaxtdan onun mənzildə yaşamasına maneələr yaradılmışdır. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən müəyyən edilir ki, Nümayəndə birgə nikah dövründə əldə edilmiş və mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 166 ünvanında yerləşən 8 saylı mənzili onların övladı hazırda iş üzrə cavabdeh olan Cavabdeh əvəzsiz olaraq hədiyyə etmişdir. İş materiallarında olan Azərbaycan respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 166 ünvanında yerləşən 8 saylı mənzil xx.xx.2022-ci il tarixdən tam pay hüququ üzrə Cavabdeh mülkiyyətindədir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlardan müəyyən edilir ki, tərəflər həmin mənzildə hazırda da qeydiyyatdadırlar. İşin müəyyən edilmiş halları odur ki, mübahisə predmeti olan mənzil hazırda cavabdehin mülkiyyətindədir. Cavabdeh isə iddiaçının atasıdır və həmin ünvanda qeydiyyatda olmaqla uzun müddət mənzildə davamlı olaraq yaşamışdır. O cümlədən müəyyən edilmişdir ki, iddiaçının mənzili tərk etməsi onun könüllü iradəsinə əsaslanmamışdır. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmədə iddiaçının Quba rayonunda yerləşən yaşayış evində yaşamaq imkanının olmasını bildirməsinə baxmayaraq məhkəməyə buna dair mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı yaşayış sahəsinə olan ehtiyacını cavabdehin mülkiyyətində olan mənzildə istifadə etməklə qarşılamaq məcburiyyətindədir. Məhkəmə iddiaçının cavabdehin ailə üzvü olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin ailə münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək yarandığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququnun mahiyyət etibarilə şəxsi servutut olduğu nəzərə alınaraq qeyd edilməlidir ki, şəxsi servitut əsasında əldə edilən istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyaclarını qarşılamaq imkanı verir və mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən yaşayış sahəsinə olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Hazırki işin faktiki hallarına görə iddiaçı birgə nikah dövründə əldə edilmiş mənzilin övladı olan cavabdehə bağışlanmasına dair notarial qaydada ərizə verməsinə baxmayaraq, o, mənzilə dair olan istifadə hüququndan imtina etməmiş və orada yaşamağa davam etmişdir, sonradan isə onun mənzili tərk etməsi könüllü olmamışdır. Dolayısı ilə Cavabdeh bağışlama müqaviləsinə əsasən mənzili şəxsi servitutla yüklü edilmiş halda əldə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh mülkiyyətində olan mənzildən istifadə hüququ olmaqla onun həmin mənzilə köçürülməsini tələb etmək hüququ vardır. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən birgə nikah dövründə əldə edilmiş mübahisəli mənzilin övladı-Cavabdeh əvəzsiz olaraq hədiyyə verilməsi üçün razılıq ərizəsini aldadılaraq imzaladığını bildirməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, həmin müqavilənin etibarsızlığı məhkəmə tərəfindən istisna edilir. Məhkəmə qeyd edir ki, Azərabycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə MM-nin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvercilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur və mahiyyət etibarı ilə servitutdur. Eyni zamanda bu istifadə hüququ notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçinin iradəsi xaricində və reyestrdə qeydiyyata aparılmadan yaranır. Qərarda həmçinin qeyd edilmişdir ki, MM-nin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında da göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Göstərilənlərlə yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 166 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməlidir. Yuxarıda göstərilənlərinə əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 166 ünvanında yerləşən 8 saylı mənzilə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar