Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5770/2021 28.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, divanın geri qaytarılması, iddiaçıya dəymiş 647 manat 40 qəpik ziyanın cavabdehdən tutulub iddiaçıya geri verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat vermişdir. Qeyd etmişdir ki, divanda 10 gün yatdıqdan sonra belində ağrılar olmuş, həkimə müraciət etmişdir. Nəticədə məlum olmuşdur ki, onun belində yırtıq əmələ gəlmişdir. Həkim divana baxmış, divanın çox sərt olduğunu demişdir. Divanı mart ayının sonunda almış, avqust ayında isə narazılığını bildirmək üçün mağazaya yaxınlaşmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş, mağazanın mütəxəssisi və servis mərkəzinin müdirinin müştərinin müraciəti əsasında 14.08.2021-ci il tarixdə İddiaçı mənzilində olduqlarını, mağazadan almış olduğu yumşaq mebel-divana baxış keçirdiklərini qeyd etmişdir. Baxış nəticəsində məlum olmuşdur ki, məhsulda hər hansı qusur yoxdur və məhsulun sərtliyi modelə uyğun olaraq istehsal edilmişdir. İş materiallarında olan 29.03.2021-ci il tarixli qızıl zəmanət talonuna əsasən görünür ki, 609,99 manat dəyərində olan 3 yerli yumşaq divan İddiaçı tərəfindən alınmış, "xxxx" ASC tərəfindən 2 illik qızıl zəmanət talonu tərtib olunmuşdur. Qızıl zəmanət talonuna əsasən mebeldə mexaniki zədələr, müştəri tərəfindən yanlış quraşdırılma və ya istifadə etmə, fövqəladə hadisə nəticəsində yaranan nasazlıqlar, yəni, hər hansı bir mexanizmin sıradan çıxması, mebelin istənilən hissəsinin sınması, yumşaq mebeldə süngərin korlanması halları müşahidə olunduqda mebel pulsuz təmir və ya restavrasiya olunur. Məhsula kənar şəxslər, habelə kənar servis tərəfindən edilmiş müdaxilə nəticəsində hər hansı bir qüsur meydana gələrsə, zəmanət şərtləri qüvvədən düşür. 29.03.2021-ci il tarixli, 22431050 nömrəli müqaviləyə əlavəyə əsasən görünür ki, iddiaçı 610,2 manat məbləğində 3 yerli yumşaq divan və 37,2 manat məbləğində 2 illik qızıl zəmanət olmaqla, ümumilikdə 647,40 manat məbləğində pulu 3 ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 14.08.2021-ci il tarixli, 22431050 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, müştəri süngərin sərtliyindən narazı olmuşdur. Ekspert baxışının nəticəsində, məhsulda hər hansı qüsur aşkarlanmamış, məhsulun sərtliyinin modelə uyğun olaraq istehsal edildiyi məlum olmuşdur. Qeyd olunun halın zəmanətə daxil olmayan hal olduğu qeyd edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf iddia ərizəsində divanın keyfiyyətsiz, şəxsi istifadə üçün yararsız olduğunu bildirsə də bunu təsdiqləyən sübutları iş materiallarına əlavə etməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş 14.08.2021-ci il tarixli mütəxəsis rəyindən də görünür ki, mebelin sərtliyi onun modelinə uyğun istehsal edilmişdir. Məhsulda heç bir qüsur aşkar edilməmişdir. İddiaçının iddia tələbi əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən İddiaçı Cavabdeh MMC-nə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı, onun 29.03.2021-ci ildə Kontakt Home 44 Şərifzadə küçəsində yerləşən mağazadan 22431050 nömrəli kredit müqaviləsini rəhbər tutararaq aldığı keyfiyyətsiz, şəxsi istifadə üçün yararsız olması, onun metal konstrukturdan ibarət olması, istifadə etməsinin mümkün olmamasını nəzərə alıb alınan malın (divanın) geri qaytarılması, iddiaçıya dəymiş ziyan 647 manat 40 qəpik pulun cavabdehdən tuutlub iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5770/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5770/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver