Məhkəmə qərarları › İş №2(004)-5771/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5771/2022

27.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5771/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçı X1 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X2 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, ... yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. ... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ... Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha Qərarda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Həmin Qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış mənzildən cavabdehin qeydiyyatdan çıxarılması ilə əlaqədardır. Bu da cavabdehin artıq həmin mənzil üzərində hər hansı əmlak hüquqlarının mövcud olmamasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməsi, mülkiyyətçinin həmin müraciəti əsasında cavabdehin qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı X1 Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq tələb üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılara rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar