Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5778/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aldatma yolu ilə ondan alınmış 35.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 13.12.2018-ci il tarixdə sadə formada bağlanmış qəbz əsasında ondan 35.000 manat məbləğində borca pul alaraq sadə formada istifadəsində olan Şans firmasının möhürü ilə təsdiq etmişdir. Eyni zamanda cavabdeh bir il müddətinə ondan aldığı pulu qaytaracağına söz vermişdir. Bütün bunlara baxmayaraq cavabdeh ondan birdəfəlik aldığı 35.000 manat pulu qaytarmamışdır. İddiaçı onu da qeyd etmişdir ki, o şəkərli diabetdən əziyyət çəkir və 2-ci qrup əlildir. O cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana getsə də cavabdeh onun pullarını qaytarmır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 13.12.2018-ci il tarixli, Şans kiçik müəssisəsinin möhürü ilə təsdiq edilmiş Cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, Cavabdeh Şans mətbəəsində direktor işlədiyini, həmin mətbəənin istehsal fəaliyyətinin gücləndirmək üçün 35000 manat məbləğində borc pulu İddiaçı aldığını və 01.04.2019-cu il tarixədək həmin pulu qaytaracağını qeyd etmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında yazılı razılaşmaya əsasən Cavabdeh İddiaçı biznes fəaliyyəti ilə bağlı 35000 manat məbləğində borc pul aldığını etiraf etmiş, həmin məbləği 01.04.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi pozmuş, bu günə kimi məbləğini qaytarmamışdır. Məhkəmə hesab edir ki, pul məbləği ödənilmədiyindən iddia tələbi təmin edilməli, cavabdehdən 35000 manat məbləğində pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Zahid oğlundan 35.000 (otuz beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Zahid oğlundan tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-5778/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5778/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver