Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5790/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulması nəticəsində 99,66 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətə görə 50 manat, 20 manat dövlət rüsumunun, 40 qəpik bank xidmət haqqının, cəmi 170,06 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziya xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şürasından 07 may 2015-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkilir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixinədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar iddiaçı ilə müqavilə bağlamadan qanunsuz olaraq kabel şəbəkəsinə qoşulurlar. Bunların qarşısını almaq məqsədi ilə iddiaçı “Ədalət-A” hüquq firması ilə 15.02.2008-ci il, 15.09.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərində hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalamışdır. 2 saylı MKİS-in arayışına əsasən cavabdeh Sumqayıt şəhəri 2-ci məhəllə ev 106 mənzil 14-ün sahibidir. 18.05.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzildə kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və bu barədə həmin tarixli 1684 N saylı akt tərtib edilmişdir. Ünvana son baxış 21.07.2019-cu il tarixdə olmuşdur. Son baxış tarixindən akt tərtib olunan müddətədək olan vaxt 302 gün təşkil edir. Birgünlük abunə haqqı 33 qəpik təşkil etdiyindən cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 99,66 manat təşkil etmişdir. Eyni zamanda “Ədalət-A” hüquq firması ilə bağlanmış müqaviləyə əsasən ona 50 manat pul ödənilir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçının 99,66 manat abunə haqqı kimi zərər tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehə məxsus mənzildə son baxışın 21.07.2019-cu il tarixində olmasını bildirsə də, bu halı təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 21.07.2019-cu il tarixdən sonuncu nəzarət baxışı tarixi 18.05.2020-ci il tarixinədək olan dövr üçün zərərin hesablanması əsassızdır və zərər yalnız 18.05.2020-ci il tarixi, yəni bir gün üçün 0,33 manat hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia hüquqi xidmət haqqı olaraq “Ədalət-A” hüquq firmasına ödənilmiş 50 manat tələbi hissəsində də təmin edilə bilməz. Belə ki, iddiaçı hüquq firması ilə aralarında bağlanmış müqaviləni də məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsmunun 19,95 manat hissəsi iddiaçıya aid edilməsi, 0,05 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 0,33 (otuz üç qəpik) manat məbləğində borc, 0,4 (qırx qəpik) manat xidmət haqqı və 0,05 (beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5790/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5790/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver