Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5824/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi anası olması müəyyən edilməklə, doğum haqqında şəhadətnaməsində “anası” qrafasında “Maraqlı şəxs2” “milliyyəti” qrafasında “Azərbaycanlı”, “atası” qrafasında “X2”, “milliyyəti” qrafasında “Azərbaycanlı” qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il tarixdə anadan olarkən ərizəçinin doğum haqqında şəhadətnaməsində ana qrafasında “Maraqlı şəxs2” qeyd olunmuşdur. Daha sonra atasının bibisi X3 ərizəçini övladlığa götürmüş və xx.xx.1983-cü il tarixdə 05 saylı övladlığa götürmə haqqında akt qeydinə əsasən Ərizəçi “X3” tərəfindən övladlığa götürülmüş və doğum haqqında akt qeydinin ana bəndində müvafiq dəyişikliklər aparılmışdır. Atasının bibisi ailə həyatı qurmadığından və övladı olmadığından uşaqlığından ərizəçi onunla yaşamış, bir ana kimi onun qayğısına qalmışdır. Məhz bu səbəbdən də ərizəçinin atasının bibisi onu öz övladı kimi rəsmiləşdirmək qərara gəlmişdir. Daha sonra ögey anası xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Ögey anasının dəfnindən sonra ərizəçinin doğum haqqında şəhadətnaməsinin dəyişirilməsinə zərurət olmadığından məşğul olmamışdır. Lakin hazırda, onun doğum haqqında şəhadətnaməsində qeyd olunan ögey anasının məlumatlarının olması gələcəkdə yarana biləcək qohumluq və hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək maneələrin qarşısının alınması üçün zəruridir. Bununla bağlı ərizəçi doğum haqqında şəhadətnamənin dəyişirilməsi barədə Maraqlı şəxs1nə müraciət etmişdir. Lakin, xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15/3512/25 saylı imtina məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Araşdırma zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs1 tərəfindən xx.xx.1969-cu il tarixdə 3383 saylı doğum haqqında akt qeydi tərtib edilərkən ana bəndində məlumatlar “Maraqlı şəxs2”olaraq qeyd edilmişdir. xx.xx.1983-cü il tarixdə 05 saylı övladlığa götürmə haqqında akt qeydinə əsasən Ərizəçi “X4” tərəfindən övladlığa götürülmüş və doğum haqqında akt qeydinin ana bəndində müvafiq dəyişikliklər aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maraqlı şəxs1 övladlığa götürmə haqqında akt qeydinin ləğv edilməsi, əvvəlki məlumatların bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də, ərizəçi hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izhaat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, onu övladlığa götürən şəxs, yəni X3 2005-ci ildə vəfat etmişdir. Övladlığa götürmə barədə icra hakimiyyətinin sərəncamı olmuşdur. Həmin sərəncam qüvvədədir. Bioloji anasının vəziyyəti ağırdır. O, yataq xəstəsidir. Müvafiq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi əmlak məsələri və digər hüquqi məsələlərin həll edilməsi üçün zəruri ola bilər. Doğum haqqında şəhatənamədə ana qrafasında X3 qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs2 və Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1966-ci il tarixli, A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında Maraqlı şəxs2 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 565 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, XX-ЖГ seriyalı 364196 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında Maraqlı şəxs2 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 384 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-T seriyalı 096731 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında X3 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 3383 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İİ seriyalı 536308 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 363 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İİ seriyalı 536309 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 423 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15/3512/25 saylı imtina məktubundan görünür ki, “Araşdırma zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs1 tərəfindən xx.xx.1969-cu il tarixdə 3383 saylı doğum haqqında akt qeydi tərtib edilərkən ana bəndində məlumatlar “Maraqlı şəxs2”olaraq qeyd edilmişdir. xx.xx.1983-cü il tarixdə 05 saylı övladlığa götürmə haqqında akt qeydinə əsasən Ərizəçi “X4” tərəfindən övladlığa götürülmüş və doğum haqqında akt qeydinin ana bəndində müvafiq dəyişikliklər aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maraqlı şəxs1 övladlığa götürmə haqqında akt qeydinin ləğv edilməsi, əvvəlki məlumatların bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edir. İş materiallarında olan MedEra Hospital tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixli radioloji nəticəsinə əsasən Sağ serebral hemisferdə parietal payda kortiko-subkortikal ağ maddədə və insulyar korteksdə postişemik qliozis sahəsi. Bu zəminde parieal payda, periventrikulyar ağ maddədə, bazal qanqlionlara uzanan en geniş aksial ölçüsü ölçülən erkən yarımkəskin dövr işemik insult sahəsi. -Sağ frontal payda 11 mm ölçüdə gec yarımkəski dövr işemik insult ocağı.-Hər iki serebral hemisferd, xroniki işemik qliotik sahələr(Fazekas Grade İİİ).-Sol oksipital payda kortikosubkortikal ağ maddədə postişemik ensefalomalaziya sahəsi.-Hər iki beyincik yarımkürəsində postişemik kistik ensefalomalazik ocaqlar. -Serebral kortikal atrofiya müşahidə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuşdur. Anadan olarkən doğum haqqında şəhadətnaməsinin ana qrafasında öz doğma anası Maraqlı şəxs2 qeyd edilmişdir. Daha sonra Ərizəçi atasının bibisi X3 ərizəçini özvladlığa götürmüş, bununla da doğum haqqında şəhadətnamədə müvafiq dəyişiklik aparılaraq, ana qrafasında X3 qeyd olunmuşdur. Ərizəçi övladlığa götürüldüyü vaxtdan X3 ilə yaşamış, övladlığa götürən ona analıq etmiş və bir ana kimi qayğısına qalmışdır. xx.xx.2005-ci il tarixdə X3 vəfat etmişdir. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsində doğma anası olmayan X1 qeyd edilməsinin gələcəkdə qohumluq və hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı maneələrin yaranacağını əsas gətirərək, doğum haqqında şəhadətnaməsinin ana qrafasında doğma anası “Maraqlı şəxs2” qeyd edilməsini xahiş edir. Maraqlı şəxs2 məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə hazırki işlə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər”. Həmin qərarın 4.1-ci bəndinə qeyd edilmişdir ki, “Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.” Mülki işin materiallarından görünür ki, Ərizəçi doğum akt qeydində ilkin məlumatların bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin kifayət qədər əsaslar olmadığına görə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi mümkün olmamışdır. Qeydiyyat şöbəsi övladlığa götürmə haqqında akt qeydinin ləğv edilməsi, əvvəlki məlumatların bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. Buna görə də, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, məhkəmə övladlığa götürənlərin xahişi ilə onların övladlığa götürülənlərin valideynləri kimi doğum haqqında akt qeydlərinə yazılmasını qət edə bilər. Ailə Məcəlləsinin 134.10-cu maddəsinə uyğun olaraq məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını bu Məcəllənin 125.3-cü maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla həll edir. “Uşaqların övladlığa götürülməsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində göstərilmişdir ki, övladlığa götürmə övladlığa götürən şəxsə övladlığa götürülənə münasibətdə qanuni nikahda doğulmuş uşağa münasibətdə atanın yaxud ananın malik olduğu bütün hüquqları və vəzifələri verir. Övladlığa götürmə övladlığa götürülənə onu övladlığa götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir. Maddədə qeyd olunan hüquqlar və vəzifələr əmələ gəldiyi andan övladlığa götürülənlə onun anası və ya atası arasında, yaxud istənilən digər şəxs və ya təsisat arasında analoji hüquqlara və vəzifələrə xitam verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.1-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 131.3-cü maddəsinə görə məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir. Həmin Məcəllənin 132.2 və 133-cü maddələrinə uyğun olaraq, məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər. Övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Qeyd olunmalıdır ki, övladlığa götürmə övladlığa götürülənlə valideynləri və onların qohumları arasında hüquq münasibətlərinin ləğvinə səbəb olur, övladlığa götürülən uşaqlar və onların valideynləri və qohumları bütün şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrindən azad olurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 4.7-ci bəndinə əsasən, məhkəmə övladlığa götürməni etibarsız hesab etdikdə Qeydiyyat şöbəsi və konsulluq idarəsi övladlığa götürmə haqqında qeydi ləğv edir, övladlığa götürmə məhkəmə tərəfindən ləğv edildikdə isə övladlığa götürmə haqqında qeydlərdə övladlığa götürmənin ləğvi haqqında qeydlər aparır. Belə hallarda məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 131.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş övladlığa götürmənin ləğv olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumat bərpa edilir. Bu haqda Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bildiriş göndərilir. Məhkəmə işin tədqiq edilmiş hallarını əsas götürərək qeyd edir ki, ərizəçi atasının bibisi X3 tərəfindən övladlığa götürüldüyü vaxtdan onunla birgə yaşamış, övladlığa götürən ona analıq etmişdir. Övladlığa götürən ona valideynlik diqqəti və qayğısı göstərmiş, onun hərtərəfli inkişaf etmiş, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsini təmin etmişdir. Həmçinin Ərizəçi izahatında bildirmişdir ki, onun övladlığa götürülməsi barədə icra hakimiyyətinin sərəncamı olmuşdur və həmin sərəncam hələ də qüvvədədir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, övladlığa götürmə haqqında akt qeydi ləğv edilməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, övladlığa götürmə haqqında akt qeydi ləğv edilmədiyindən ərizəçinin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş ilkin məlumatların bərpa edilməsi mümkün deyildir. Bu baxımdan hazırki halda ərizəçinin doğum haqqında şəhadətnaməsinin ana qrafasında doğma anası “Maraqlı şəxs2” qeyd edilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edib əldə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307.2.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5824/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5824/2025
18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver