Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5844/2024 27.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X2 və X1 ünvan 1 ünvanından çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X2 və X1 ünvan 1 ünvanından çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməsi, 5000 manat kirayə haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini “5000 manat kirayə haqqının ödənilməsi” hissəsində azaltmışdır. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı 2017-ci ildə sözügedən mənzili qohumunun xahişi ilə zərurət yarandığı halda 1 həftə müddətində boşaldılmaq şərtilə qohumunun dostunun oğlu cavabdehlərə yaşamaq üçün əvəzsiz istifadəyə vermişdir. Lakin, bu barədə hər hansı yazılı müqavilə bağlanmamış, cavabdehlər sözügedən mənzilə qeydiyyata düşməmişlər. Cavabdehlər hazırda da həmin evdə yaşayırlar. İddiaçı 2024-cü ilin may ayında mənzili satmaq qərarına gəlmiş və cavabdehlərin mənzildən çıxmasını tələb etmişdir. Lakin, cavabdehlər mənzildən çıxmamışlar. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh1 məhkəmə hazırlıq iclasında bildirmişdir ki, o, iddiaçını tanımır. Atasının tanışı Cabbar adlı şəxsin vasitəsilə 2017-ci ildə həmin mənzili kirayəyə götürmüş və müvafiq kirayə ödənişlərini, evin təmiri ilə bağlı xərcləri Cabbar adlı şəxsə ödəmişdir. Odur ki, ödəmiş olduğu pulları geri tələb edir. Digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Çıxarışa və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 atası Cavabdeh1, anası Cavabdeh2dır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. MM-in 734.1-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. MM-in 736.1-ci maddəsinə əsasən, kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. MM-in 736.2-ci maddəsinə əsasən, əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. MM-in 736.3-cü maddəsinə əsasən, əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. MM-in 737-ci maddəsinə əsasən, kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri valideynlərin yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı 2017-ci ildə sözügedən mənzili qohumunun xahişi ilə zərurət yarandığı halda 1 həftə müddətində boşaldılmaq şərtilə qohumunun dostunun oğlu cavabdehlərə yaşamaq üçün əvəzsiz istifadəyə vermişdir. Lakin, bu barədə hər hansı yazılı müqavilə bağlanmamış, cavabdehlər sözügedən mənzilə qeydiyyata düşməmişlər. Cavabdehlər hazırda da həmin evdə yaşayırlar (mülki işin mübahisəsiz halıdır). İddiaçı 2024-cü ilin may ayında mənzili satmaq qərarına gəlmiş və cavabdehlərin mənzildən çıxmasını tələb etmişdir. Lakin, cavabdehlər mənzili təhvil vermirlər. Nəticə etibarilə, cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər kirayə hüquq münasibətləri deyil, əvəzsiz istifadə münasibətləridir. Belə ki, cavabdeh sözügedən mənzili əvəzli qaydada kirayə məqsədilə istifadə etdiyini bildirsə də, o, bu barədə heç bir sübut (ödəniş qəbzi, bank tapşırığı, kart məlumatları və s.) təqdim edə bilməmiş, tərəflər arasındakı münasibətlərin kirayə (əvəzli) münasibəti olmasına dair əsaslı arqument təqdim etməmişdir. Yəni, əgər kirayə münasibətləri olmuşsa, münasibətin 7 ildən artıq müddətə davam etməsi xüsusatı nəzərə alınmaqla, kirayəçinin kirayayə verərə aylıq ödənişlər etməsi barədə xırda da olsa bir sübut olmalı idi. Cavabdeh əksinə, mənzilin mülkiyyətçisi ilə deyil, Cabbar adlı şəxslə hüquq münasibətinə daxil olduğunu bildirir. Cabbar adlı şəxsin mülkiyyətçinin adından, onun hesabına hərəkət etməsi (nümayəndə, təmsilçi kimi) müəyyən edilmir, ümumiyyətlə Cabbar adlı şəxsin şəxsiyyəti məhkəməyə bəlli deyildir. Məhkəmə izah edir ki, hüquq münasibəti səlahiyyətli şəxslə (hazırki mülki iş üzrə mülkiyyətçi) qurulmalıdır. Subyektiv hüququ olmayan şəxslə hər hansı hüquq münasibətinə daxil olmaq həmin şəxsin əsassız varlanmasından başqa digər heç bir nəticəyə səbəb ola bilməz. Bunun riski (məsuliyyəti, neqativ nəticələri) isə tərəfin öz üzərinə düşür. İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə delikt hüquq institununun dispozitiv şərtləri müəyyən edilmir. İlk öncə, ağlabatan mühakimə əsasında iddiaçıya hər hansı mənəvi zərərin vurulması elementləri aşkar edilmir. Vurulmuş mənəvi zərərin ödənilməsi ilə bağlı 10000 manat pul tələbi hissəsində iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulsa da, həmin hallara hazırda məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə cavabdehdən mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də pozulmuş hüquqların bərpa edilməsidir. Bundan əlavə, iddiaçı tərəfindən iddia tələbi mənəvi zərər hissəsində formal əsaslarla qaldırılmış, bu barədə zərərin vurulmasının faktiki əsasları, hesablanma qaydası və s. istiqamətində heç bir prosessual aktivlik göstərilməmiş, tələb həmin sadəcə yazılı formada məhkəməyə ünvanlanmış, qalan hissədə isə hərəkətsiz saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, iddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 1000 (min) manat pulun 600 (altı yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş 820 manat məhkəmə xərcini tutarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini nəzərə alır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X2 və X3 ünvan 1 ünvandan çıxarılaraq mənzil İddiaçı təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X2 və X1 ünvan 1 ünvanından çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları X2 və X3 ünvan 1 ünvandan çıxarılaraq mənzil İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş 162 manat dövlət rüsumunun 100 (yüz) manat hissəsi və hüquqi xidmətin göstərilməsi üçün ödənilmiş 1000 (min) manat pulun 600 (altı yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Fariz Əlizadə