Məhkəmə qərarları › İş №2(004)-5845/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5845/2021

30.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5845/2021 30.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 12.07.2021-ci il tarixli **********8 saylı əmrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin aparatına xadimə peşəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda xadimə, ən son isə həmin nazirliyin tabeliyində yaradılmış Dövlət Sosial Müdafiə X14 Şəxsində xadimə işləmişdir. İş yeri eyni idarə, eyni bina olsa da, sadəcə idarənin adında dəyişiklik olmuşdir. Müqavilə müddətli olmuş və müddəti 08.07.2021-ci il tarixində bitməli idi, lakin əslində müqavilənin müddətli olduğunu bilmirdi və savadsız olduğundan müqaviləni imza edəndə artıq mtiddətsiz olduğunu bildirmişdilər. 12.07.2021-ci il tarixində işdə olan zaman idarənin kadrlar şöbəsinin əməkdaşı arxivdən sənədlərin itdiyini və buna görə sənədə imza atmasını bildirmiş və 2 işçinin yanında imzanı atmışdır. Səhərisi gün işə gəlmiş və idarədən bildirdilər ki, “sən niyə işə gəlmisən sən işdən çıxarılmısan və dünən əmrin də artıq verilmişdir.” Dəftərxanadan isə 10 gün sonra əmrdən çıxarışı verdilər. İdarəyə gedərək kadrlar şöbəsinə yaxınlaşdı ki, səbəbin öyrənsin. Həmin an bildirdilər ki, “sənin müqavilənin vaxtı bitdiyindən işdən çıxarılmısan.” Bu zaman onlara daim işdə olduğunu və xəbəri olmadığından işdən azad edilməyimin qanunsuz olduğunu, hətta müqavilənin 08.07.1021-ci il tarixində bitdiyini, idarədə 5 ildən artıq işlədiyini bildirdi və müqavilə bitəndən 1 ay sonra işdən azad edilməsi qanunsuzdur. Çünki Azərbaycan Respublikasının ƏM-nin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müqavilə artıq müddətsiz hesab edilməlidir və əvvəlki müqavilənin müddəti qədər uzadılmalıdır. O isə, bunun qanunsuz olduğunu bildirəndə kadrlar şöbəsinin müdiri “yaxşı etmişəm get hara şikayət edirsən et” deyərək bildirdi və əmək kitabçasını da özlərində saxladılar və hələ də verməmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin nümayəndəsi X10 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 9A2 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin 1.1 -ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X15 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1.Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli; 2. Müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Hər 2 şərt eyni vaxtda mövcud olmalıdır. Müddət bitdikdə tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsini tələb etməlidir. Lakin qanunverici maddədə konkret olaraq tərəflərin müqaviləyə xitam verilməsi tələbini, yəni öz iradəsini hansı formada ifadə etməsini göstərməmişdir. İddiaçı T.Əsqərova ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında 08.07.2020-ci il tarixdə tərəflərin razılığı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə onların qarşılıqlı razılığı ilə bağlanmışdır. X15 sədrinin 12.07.2021-ci il tarixli **********8 nömrəli əmrinə uyğun olaraq, T.Əsqərova ilə bağlanmış 08.07.2020-ci il tarixli xxxxxxx000301 nömrəli müddətli əmək müqaviləsinə 12.07.2021-ci il tarixdə xitam verildiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 onunla eyni məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etiraza uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, onunla eyni müddətə, yəni 3 aylıq müddətli əmək müqaviləsi bağlananda müqavilə şərtlərinin əks olunduğu müqaviləyə imza atmışdır. İddiaçı boş kağıza imza etdiyini görməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarınıını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 9A2 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsi yaradılmışdır. Fondun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 4.11.11-ci bəndinə əsasən, X15 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. 08.07.2020-ci il tarixli, 3xxxxxxx000301 saylı əmək müqaviəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X18 X8 sədri ilə İddiaçı arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, iddiaçı Fondun aparatına ştatdankənar xadimə işinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 sədrinin **********3 saylı, 12.07.2021-ci il tarixli **********8 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddəti qurtardığına görə xitam verilmişdir. X1 tərəfindən tərtib olunmuş 28.08.2021-ci il tarixli, 2021-000152 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, İddiaçı Dövlət Sosial Müdafiə Fonduna qarşı qaldırılmış “işdən qanunsuz azad edilməsi barədə” mübahisə üzrə 28.08.2021-ci il tarixində, saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Dövlət Sosial Müdafiə Fondunun iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi, dəymiş maddi ziyanın ödənilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razıllığına əsasən istənilən müddət, müddətli formada bağlanıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə isə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar