Məhkəmə qərarları › İş №2(004)-5884/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5884/2025

27.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5884/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onun işə bərpa edilməsi barədə iddia müddətinin bərpa edilməsi və Cavabdeh MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 yanvar 2021-ci il tarixdə Cavabdeh MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. 05 avqust 2025-ci il tarixə kimi bir işdə işləmişdir. 05 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsi müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. O, işə qəbul olunan vaxtı müddət müəyyən edilmədən əmək müqaviləsi bağlamışdır. Əgər həmin müqavilə müddətli əmək müqaviləsi ilə onun razılığı olmadan əvəz edilmişdirsə, bu qeyri-qanunidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndində göstərilir ki, müddəti müəyyən edilməyən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan bir qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. O, müddətli əmək müqaviləsinə imza etməmiş və belə bir müqavilənin olmasından da xəbəri yoxdur. O, işə bərpa üçün xx.xx.2025-ci il tarixdə Şamaxı Mediasiya xidmətinə müraciət etmişdir. Cavabdeh tərəf mediasiyaya gəlməmişdir. Ona görə də, məcbur olub Bakı 3 saylı Mediasiya xidmətinə müraciət etməli olmuşdur. Cavabdeh tərəf işə bərpa olunmağına razılıq verməmişdir. Mediasiyanın arayışını bu gün, yəni 06 oktyabr 2025-ci il tarixdə almışdır. Ona görə də, işə bərpa olunmağı üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, o, işdən qanunsuz azad edilmiş və əvvəlki işimə bərpa edilməlidir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, işə bərpa edilməyi barədə iddia müddətinin bərpa edilərək Cavabdeh MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X2 X4 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları"nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X2 X4 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanılmış əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən 2.1-ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. İddiaçı iddia ərizəsində iddia müddətinin bərpa edilməsi barədə xahiş etsə də, iddia müddətinin ötürülməsi barədə üzrlü səbəblərə dair sübutlar təqdim etməmişdir. Hesab edirlər ki, iddia ərizəsində qeyd edilənlərlə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməməlidir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən “Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər ”. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda, məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsində qeyd olunur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bu maddəyə əsasən müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Hesab edirlər ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edərək İddiaçı cavabdeh “DOST İş Mərkəzi" MMCyə qarşı “işə bərpa" tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-yə qarşı "işə bərpa' tələbinə dair iddia ərizəsi ilə müraciət edərək işə bərpa edilməyi barədə iddia müddətinin bərpa edilərək “DOST İş Mərkəzi" MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X2 X4 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilə "DOST iş Mərkəzi” MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" X2 X4 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” aitsistemı vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (örnək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən "Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər”. Hesab edirlər ki, İddiaçı iddia tələbi qanunsuz və əsassız olması ilə yanaşı iddia müddətini buraxmışdır. İlkin olaraq mübahisənin məhkəməyədək həll edilməsi üçün Şamaxı 1 saylı Mediasiya Təşkilatı tərəfindən İddiaçı “DOST iş Mərkəzi" MMC-ə qarşı əmək mübahisəsi ilə bağlı xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyası barədə bildiriş “DOST İş Mərkəzi’’ MMC-yə daxil olmuşdur. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilmə yerinin düzgün təyin edilmədiyi barədə mediatora məlumat verilmiş və Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi Bakı 3 saylı Mediasiya Təşkilatına göndərilmişdir. Daha sonra xx.xx.2025-ci İİ tarixində Cavabdeh MMC-nin nümayəndəsinin və iddiaçının iştirakı ilə mediasiya sessiyası keçirilmiş və mediator tərəfindən tərəflərə müvafiq arayış təqdim edilmişdir. Daha sonra İddiaçı yenidən iddia müddətini ötürməklə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən Qanunların tələblərinə əsasən İddiaçı iddia müddətini ötürdüyündən ilkin əmək müqaviləsi üzrə iddia tələbləri iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə verərək, məhkəmə baxış iclasına üzrlü səbəbdən gələ bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən işçi İddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuş, müqavilə 1 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən 1 aylıq müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. İş materiallarında olan Cavabdeh MMC-nin 5 avqust 2025-ci il tarixli, 3-17-7/3-4- 5217/2025 nömrəli əmrindən çıxarışa əsasən “DOST İş Mərkəzi" MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” X2 X3 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsində çalışan İddiaçı (FİN: xxxxxxx) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi, Maliyyə departamentinə tapşırılsın ki, İddiaçı xx.xx.2025-ci il tarixinə son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişə əsasən onunla bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsinə qısa vaxt qaldığı, bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xəbərdar edildiyi, belə ki, onunla bağlanılmış əmək müqaviləsinin müddəti bitdikdə xitam veriləcəyi, əmək kitabçanızı təhvil almağı üçün onun və ya etibarnamə əsasında nümayəndəsinin DOST iş Mərkəzinə (Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi 27) gələrək təhvil götürə biləcəyi və ya rəsmi müraciəti əsasında əmək kitabçanı poçt vasitəsilə göndərilə biləcəyi bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 29 aprel 2025-ci il tarixli, 3-17-7/3-4- 2633/2025 nömrəli əmrindən çıxarışa əsasən 1. Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Qaradağ rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan İddiaçı (FİN: 2ZJUYGZ) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi; 2. İddiaçı xx.xx.2025-cü il tarixinə son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə dəyişikliklə bağlı sistemdən çıxarışa əsasən İddiaçı müddətli (xx.xx.2025-xx.xx.2025) əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” X2 X3 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmiş və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” X2 X3 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (yeni redaksiyada - müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur). 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən işçi İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” X2 X3 İdarəsi üzrə Şamaxı rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə 01 ay müddətinə təyin edilmişdir. Müqavilənin şərtlərinə əsasən 1 aylıq müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə uzadıla bilər. xx.xx.2025-ci il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etiraz edərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə müddətini ötürməsini nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Qanunvericiliyin tələbinə görə, mediasiya prosesi təklifin göndərildiyi andan başlanmış sayılır, mediasiya arayışın təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir və mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdehnə mediasiya təklifi göndərilmiş, xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası keçirilmiş və X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim olunmuş, xx.xx.2025-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi, İddiaçı sərbəst şəkildə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla 1 ay müddətinə ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur, yəni iddiaçı əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razılıq vermişdir. Qanunvericiliyin tələbinə görə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq, həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar