Məhkəmə qərarları › İş №2(004)-5885/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5885/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5885/2021 07.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5750 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla birgə “Moskva” Ticarət Mərkəzində zərgər işləyən Vasif adlı şəxs etibarından sui-istifadə edərək onu aldatmış, ona qarşı dələduzluq etmiş, 5750 manat dəyərində əmlakını, qızıl-zinət əşyalarını aldatma yolu ilə ələ keçirmişdir. Belə ki, 2019-cu ilin sonlarında Vasif adlı bu şəxs, ondan 5750 manatlıq brilyant qaşları olan 2 komplekt, üzük, sırğa, boyunbağı və klondan ibarət olan gül və üzüm formasında qızıl-zinət əşyalarını, o adla götürmüşdür ki, qonşuları toy edir, oğlan evinə qızıl-zinət əşyaları lazımdır, onlara satacaqdır, dərhal qızıl-zinət əşyalarının pulunu ona gətirəcəkdir. Ona zəng edən Vasifin çağırışı ilə gedib onunla Metronun “Nəsimi” stansiyasının çıxışının yaxınlığında görüşmüşdür, 5750 manatlıq 2 komplekt, gül və üzüm formasında qızıl-zinət əşyalarını Vasifə vermişdir. Bir neçə gün keçməsinə baxmayaraq, işə gəlməyən Vasiflə telefon əlaqəsi saxlamış, söz vermişdir ki, bu gün, sabah pulları gətirəcəkdir. Beləliklə günlər, həftələr, aylar keçmiş Vasif pullarını qaytarmamışdır, telefon zənglərinə cavab verməmiş, ondan gizlənmişdir. Bundan sonra Vasifin qardaşı, onunla birgə “Moskva” Ticarət Mərkəzində zərgər işləyən Osman bu məsələyə qarışmış, bildirmişdir ki, qardaşı Vasif müxtəlif pis işlərlə, əməllərlə məşğuldur, qumarda pulları uduzduğundan, ona məxsus qızıl-zinət əşyalarını borcunun əvəzinə borclu olduğu şəxsə vermişdir. O, bildirmişdir ki, hüquq-mühafizə orqanlarına şikayət edəcək. Osman ondan xahiş etmişdir ki, bir yerdə işlədiklərini, çörək kəsdiklərini nəzərə alıb, bunları etməsin. Bu pulları Osman özü ona qaytaracaqdır. Bundan sonra bir müddət keçmiş, ona müxtəlif vədlər verəndən sonra Osman da ondan gizlənmiş, telefon zənglərinə cavab verməmişdir. Daha sonra isə bu şəxslər telefonlarını söndürmüşlər, həmin nömrələrdən istifadə etməmişlər. O zaman ona aydın olmuşdur ki, nə səbəbdən Vasif işə gəlmir, çünki onu iş yerində axtaran çox idi. Beləliklə, Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmaqla ondan almış olduğu 5750 manat dəyərində əmlakını dələduzluq yolu ilə ələ keçirilmişdir. O, Vasifin bu əməlləri barədə Binəqədi Rayon Polis idarəsinə şikayət ərizəsi yazmışdır. Cavabdeh Binəqədi RPİ-nin İŞdə izahat vermiş, tez bir müddətdə almış olduğu qızıl-zinət əşyalarının pullarını ona qaytaracağını vəd etmişdir. Ancaq bu günə qədər, Cavabdeh almış olduğu qızıl-zinət əşyalarının pullarını, 5750 manatı ona qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin 26.02.2021-ci il tarixli Qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, müraciətin müəllifi İddiaçı hadisənin baş verdiyi ərəfədə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Moskva» Univermağında qızıl ticarəti ilə məşğul olmuş, barəsində şikayət etdiyi Cavabdeh da məhz oradan tanımışdır, əvvəl də bir neçə dəfə aralarında nisyə alış-veriş olmuşdur, sonuncu dəfə 2019-cu ilin sonlarında Vasif Məmmmədov ümumi dəyəri 5500 manat olan bir cüt sırğadan, bir ədəd qolbağından, bir ədəd boyunbağından, bir ədəd üzükdən ibarət bir dəst qadın qızıl bəzək əşyalarını öz müştərisinə satmaq üçün İddiaçı nisyə götürərək aparmış, həmin ərəfədə yaranmış şəxsi problemləri ilə əlaqədar kəskin ehtiyacı yarandığından dəyərindən 1000 manat aşağı qiymətə sataraq əldə etdiyi vəsaiti öz ehtiyaclarına xərcləmiş, sonradan səhhətində yaranmış problemlərlə bağlı işləyə bilmədiyindən pul qazanaraq İddiaçı nisyə götürdüyü qızıl-zinət əşyalarının pulunu ödəyə bilməmişdir. Həmçinin Cavabdeh Binəqədi RPİ-də verdiyi izahatdan da görünür ki, o, iddiaçıdan 5500 manat məbləğində qızıl zinət əşyalarının pulunu götürdüyü və qaytara bilmədiyini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh iddia tələbini 5500 manat məbləğində qızıl-zinət əşyalarının ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf etmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan, həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən qəbul edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh 5500 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar