Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5895/2024 12.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının, istifadə olunmamış əmək məzuniyyətə görə məzuniyyət haqqının, son ay işlədiyi günlərə görə əmək haqqının hesablanaraq cavabdeh tərəfindən tutulması, habelə mənəvi ziyana görə 700 manat məbləğin, işsiz qalmasıyla əlaqədər isə aldığı 500 manat borcun ödənilməsi və ən əsası müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa edilməsiylə bağlı və mediasiya təşkilatına müraciətlə bağlı irəlidə yaranacaq xərclərin cavabdeh tərəfindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tədris Mərkəzi arasında vəzifəsi fəhlə olmaqla 24 iyun 2019-cu il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 30 dekabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verilmişdir. Daha sonra Cavabdeh MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nəzdində X1 şöbəsi üzrə Nərimanov rayonu nəzdində ictimai işlər üzrə köməkçi vəzifəsində əmək münasibətlərinin icrasına başlamağı ilə bağlı aralarında 05 yanvar 2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Bu müqaviləyə isə 07 oktyabr 2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. xx.xx.2024-cü il tarixində işdən qayıdarkən ona iş yerindən telefon ilə zəng vurularaq sabah işə gəlməməyi, onun işdən çıxarılmağı söylənilmişdir. Səbəbini soruşduqda isə əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verildiyini və bununla bağlı “Əmək və məşğulluq altsistemi”ndə (bundan sonra - ƏMAS) qeyd olunduğu bildirilmişdir. Belə ki, onun işdən çıxarılmağından yalnız həmin an xəbəri olmuş və ona bundan öncə hər hansı bir məlumat bu və ya digər formada təqdim edilməmişdir. Cavabdeh tərəf bununla bağlı onun elektron poçtuna məktub göndərdiyini qeyd etsə belə, o, dəfələrlə elektron poçtunu nəzərdən keçirmiş və müqavilənin xitamı ilə bağlı qabaqcadan hər hansı bir xəbərdaredici məlumatla rastlaşmamışdır. Halbuki, ən azından 1 həftə əvvəl real olaraq ona bu vəziyyəti bildirmiş olsalardı, o, da başqa iş axtarmaq kimi ön tədbirlər görmüş olardı. Əmək müqaviləsinə xitam verilməyi ilə bağlı ona hər hansı bir formada əmr təqdim edilməmişdir. Cavabdeh tərəfə bununla bağlı müraciət etmiş və israrla təkid etməyi nəticəsində ona elektron sistemdən “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” çıxarış vərəqəsi təqdim edildi. Həmçinin ƏMAS-dakı şəxsi kabinetinin “ƏMRLƏR” bölməsində heç bir əmr forması mövcud olmamış və dəfələrlə cavabdeh tərəfə əmrin təqdim edilməsi ilə bağlı müraciətlərinə baxmayaraq, müraciətləri cavabsız qalmış, nə kağız, nə də elektron formada xitam əmri təqdim edilmişdir. Belə ki, o, işdən çıxarıldıqdan sonra digər həmkarları ilə əlaqə saxlamış və onların hələ də orada əmək fəaliyyətlərinə davam etməkləri barədə məlumat əldə etmişlər. Belə olan halda işəgötürən tərəfdən ona münasibətdə ayrı-seçkiliyə yol verərək onun barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərarın qəbul edilməsi səbəbini anlamır. Həmçinin, əmək müqaviləsinin hansı səbəbdən müddətli bağlanılması göstərilməmiş, 03 il 10 ay işlədiyi müəssisədən sanki müddətin bitməsi bəhanəsi ilə onu işdən azad etmişdilər. Halbuki işlədiyi müddət ərzində heç bir pozuntuya, iş nüfuzuna xələl gətirə biləcək, kollektivlə mübahisəyə səbəb ola biləcək və iş axımının gedişatına mane olacaq hərəkətlərə yol verməmişdir. Yuxarıda qeyd olunan hallarla bağlı xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı mediasiya təşkilatına müraciət etmişdir. O, yalnız bu müəssisədə işləməklə yeganə qazanc yeri buradan olub. Ərindən ayrılmış və kirayədə qızı ilə birgə qalır. Qızı Azərbaycan Dillər Universitetində ödənişli əsaslarla təhsil alan 1-ci kurs tələbəsidir. Kirayə və təhsil haqqını, habelə digər məişət tələbatlarından yaranan xərclərin ödənişlərini həyata keçirmək üçün məhkəmədən ona münasibətdə sözdə mövcud olan, lakin tanışlığı hər bir halda istisna olunan əmrin ləğv edilməsi, məcburi işburaxmağa görə əməkhaqqının, istifadə olunmamış əmək məzuniyyətinə görə məzuniyyət haqqının, son ay işlədiyi günlərə görə əməkhaqqının hesablanaraq cavabdeh tərəfdən tutulması, habelə mənəvi ziyana görə 700 manat məbləğin, işsiz qalmağı ilə əlaqədar isə aldığı 500 manat borcun ödənilməsi və ən əsası müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa edilməyi ilə bağlı və mediasiya təşkilatına müraciətlə bağlı irəlidə yaranacaq xərclərin cavabdeh tərəfdən tutulması ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu" proqramına başlanılmışdır. Həmin proqram "xxxx" MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş "Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı ilə Cavabdeh MMC arasında müddətli əmək müqaviləsi bağlanılmış və İddiaçı "xxxx" ASC-nin Nərimanov rayonu ərazisində üzrə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqavilənizə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2024-cü il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə “DOST İş Mərkəzi" MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə “DOST İş Mərkəzi" MMC arasında bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsi bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. müddətli əmək müqaviləsinin uzadılmasının tərəflərin iradə ifadə etməsindən əlavə cəmi bir yolu vardır. Yəni işçi heç bir etiraz olmadan müddətli əmək müqaviləsi müddəti bitməsindən sonra da əvvəl olduğu kimi maneəsiz işləməlidir və işəgötürən bu hala etiraz etməməlidir. Bu halda müqavilə uzadıla bilər. Qanunverici müqavilənin uzadılmasının digər halını müəyyən etməmişdir. Yuxarıda göstərilən hal müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi baxımından da yolverilməzdir. Belə ki, iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı qanunvericiliyin tələblərinə riayət etmədən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı iddia tələbi əsassız olmağı ilə yanaşı qanunvericiliyin tələblərinə riayət etmədən məhkəməyə müraciət etmiş və “məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğunu təsdiq edən sənədi” iddia ərizəsinə əlavə etməmişdir. Hesab edir ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən İddiaçı cavabdeh “DOST İş Mərkəzi" MMC-yə qarşı “işə bərpa və əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmədən İddiaçı qıznın Cavabdeh MMC-yə qarşı “işə bərpa və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iddia tələbinə etirazın məzmunu ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdilər. İş materiallarında olan: - Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin "xxxx" ASC-nin nəzdində X1 şöbəsi üzrə Nərimanov rayonu nəzdində ictimai işlər üzrə köməkçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. - xxxxxxx0005X0 saylı, xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, “İddiaçı əmək müqaviləsi xx.xx.2024-cü il tarixində xitam verilmişdir (68.2.b,əmək müqaviləsinin müddətinin qurtarması). -"xxxx" MMC-nin 3-17-7/3-4-3183/2024 saylı, 7 oktyabr 2024-cü il tarixli əmrindən çıxarışına əsasən "xxxx" MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş "xxxx" ASC nəzdində X1 şöbəsi üzrə Nərimanov rayonu nəzdində ictimai işlər üzrə köməkçi vəzifəsində işləyən İddiaçı (FİN:xxxxxxx) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, maliyyə departamentinə tapşırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixinə son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilsin. - 3-17-7/3-4-3183/2024 saylı, xx.xx.2024-cü il tarixli Son haqq-hesab hesablanması cədvəlinə əsasən İddiaçı cəmi 4140 manat məbləğ ödəniş edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər,bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsi müddətli olmuşdur. 3-17-7/3- 4-3183/2024 saylı, 7 oktyabr 2024-cü il tarixli əmrlə iddiaçı AR ƏM-in 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsində onun haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmış, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi əmrin ləğvi və iş bərpa hissəsində əsassız olduğundan, məcburi iş buraxmağa görə əmək haqqının, istifadə olunmamış əmək məzuniyyətə görə məzuniyyət haqqının, son ay işlədiyi günlərə görə əmək haqqının hesablanaraq cavabdeh tərəfindən tutulması, habelə mənəvi ziyana görə 700 manat məbləğin, işsiz qalmasıyla əlaqədər isə aldığı 500 manat borcun ödənilməsi və ən əsası müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa edilməsiylə bağlı və mediasiya təşkilatına müraciətlə bağlı irəlidə yaranacaq xərclərin cavabdeh tərəfindən tutulması hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5895/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5895/2024
12.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver