Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-59/2024 12.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq şəxsi kartına köçürülmüş 6375.25 manat, işsizlik üzrə 109.64 manat, icbari tibbi sığorta üzrə 479.72 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 5006.11 manat, bank əməliyyatlarına görə 63.75 manat, bank komissiyası və mühasibatlıq şirkətinə ödənilmiş 944 manat, vergi ödəmələri vaxtında ödənilmədiyi üçün MMC-yə hesablanmış 4918.42 manat olmaqla ümumilikdə 17896.89 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı "xxxx" MMC-yə ərizə ilə müraciət edərək iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir (MPM 259.0.11). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddia tələbinin baxılmamış saxlanılmasına cavabdeh tərəfin razılıq vermədiyini, mülki işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə mülki işə mahiyyəti üzrə baxaraq qərar qəbul etməyi əsaslı hesab edir. İş materiallarına əsasən müəyyən edilir ki, Abbasova X1" MMC ilə xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlamaqla “əlavə” iş yeri kimi rəsmi əmək münasibətlərinə daxil olmuş və əmək münasibətlərinə 03 nömrəli xx.xx.2023-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh “baş mühasib” və “direktor” vəzifələrində işləmişdir. İş materiallarına əmək müqavilələri əlavə edilmişdir. İş materiallarına iddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən "xxxx" MMC tərəfindən tərtib edilmiş vergi və mühasibatlıq rəyi əlavə edilmişdir. Mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, müvafiq sənədlərin ekspertizaya təqdim edilməməsi əsası ilə müvafiq ekspertizanın aparılmasında imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1, 203, 205.2 və 296.5-ci maddələri çıxış edir. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Delikt institutunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, iddia tələbi üzrə 3 (üç) dispozitiv şərtin heç biri mötəbər və əsaslı sübutlarla öz təsdiqini tapmır. Cavabdehin təqsiri, maddi zərər vurması və vurulmuş cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirilmir, mülki iş üzrə bir neçə məhkəmə iclası keçirilməsinə baxmayaraq iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəf cavabdehin iddiaçı "xxxx" MMC-də direktor vəzifəsində işləməsi xüsusatını qeyd edərək müvafiq kadr və maliyyə sənədlərinin iddiaçının sərəncamında olmadığını şifahi formada bildirmişdir. İş materiallarında olan mütəxəssis rəyinə əsasən, müvafiq aylar üzrə məbləğlər qeyd olunsa da, məhkəmə sözügedən rəyi mötəbər və əsaslı hesab etmir. Belə ki, ilk öncə iddia tələbində qeyd olunan xüsusatlar əlaqədar olaraq mütəxəssis rəyi ilə deyil, yalnız audit rəyi ilə müəyyən edilə bilər. İş üzrə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilsə də, mühasibatlıq sənədlərinin təqdim edilməməsi əsası ilə ekspertizanın həyata keçirilməsi mümkün olmadan iş məhkəməyə geri qaytarılmışdır. Bundan əlavə olaraq, sözügedən rəyin təsviri, əsaslandırıcı və nəticə hissələrinə əsasən müəyyən edilir ki, rəy əsaslandırılmamış, formal mülahizələrə əsaslanmaqla tərtib edilmiş, vurulmuş zərərin hüquqi və faktiki əsasları, bu barədə mühasibat sənədləri və digər sübutlar rəyə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təkcə hər hansı subyekt olan mütəxəssisin rəyi deyil, rəyin verilməsinə və zərərin müəyyən edilməsinə əsas olan maliyyə sənədlərin təqdim edilməsi zəruridir. Əgər təqdim edilmiş mütəxəssis rəyi əsasında qərar qəbul etmək mümkün olardısa, o zaman məhkəmə araşdırmasının aparılmasının heç bir önəmi qalmaz, rəydə müəyyənləşdirilmiş pul məbləğinin cavabdehdən sorğusuz tutulması təmin edilərdi. Məhkəmə qeyd edir ki, əmək münasibətləri üzrə işçi öz funksional vəzifələrini layiqincə icra etmədikdə, işəgötürən tərəfindən müvafiq intizam məsuliyyətinə cəlb edilə bilər və ya əmək müqaviləsinə xitam verilə bilər. Hazırki iddianın təmin edilməsi üçün ilk öncə tələbdə qeyd olunan ayrı-ayrı hissələr üzrə vurulmuş zərərin dəqiq maliyyə miqdarı, yaranma və hesablanma əsasları, həmin zərərin vurulmasında cavabdehin hərəkəti (hərəkətsizliyi), təqsiri və səbəbli əlaqə müəyyən edilməlidir. Fərz etsək ki, təqsir və səbəbli əlaqə müəyyən edilir, lakin, vurulmuş zərərin konkret miqdarını detalları ilə müəyyən etmək hazırda mümkün deyildir. Əmək münasibətləri üzrə işəgötürənin faktiki olaraq üstün tərəf olması əsas götürülməklə sübutetmə yükü iddiaçının üzərindədir. Mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla məhkəmənin öz təşəbbüsü ilə hər hansı sübut toplaması yolverilməzdir. Hətta sonuncu hazırlıq iclasında (iclasın audio-video yazısı aparılmışdır) məhkəmə iddiaçı tərəfə iş üzrə araşdırma aparılması ilə bağlı obyektiv vəziyyəti müəyyən etməkdən ötrü nə kimi xahiş, tələb, vəsatətinin olmasını soruşsa da, hər hansı şifahi və ya yazılı vəsatət məhkəməyə təqdim edilməmiş, mülki işin məhkəmə baxışına verilməsinə etiraz edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd olunan xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-59/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-59/2024
12.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver