Məhkəmə qərarları › İş №2(004)-5900/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5900/2020

10.11.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5900/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx xxxxxx 1946-cı il təvəllüdlü Qurbanova (Rəhimova) Nərgiz Bilal qızının ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “iddianın verilməsi haqqında” 12-ci fəslinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Ərizəçi ərizədə maraqlı şəxsi göstərməmişdir, bununla da qanunveriliklə müəyyən olunmuş ərizənin forma və məzmununa riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-i maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə qeyd etməyi zəruri hesab edirəm ki, şəxsin məhkəmə qaydasında ölmüş elan olunması üçün qanunvericiliklə müəyyən olunan müddət ərzində harada olması barədə məlumatın olmaması kifayət etmir. Bunun üçün həmin müddətdə onun axtarışının aparılması, lakin zəruri tədbirlərin heç bir nəticə verməməsi zəruridir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.3.4-cü maddəsinə əsasən məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması əməliyyat-axtarış fəaliyyətinin vəzifəsidir. Göstərilənlərə əsasən hesab edirəm ki, ərizəçi anasının tapılması üçün məhkəməyə müraciət etməzdən əvvəl polis orqanlarına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasənməhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə hesab edirəm ki, ərizə verilərkən Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədiyi üçün həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən onun məhkəmə icraatı qeyri-mümkündür. Bu səbəbdən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmaqla ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar