Məhkəmə qərarları › İş №2(004)-5914/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5914/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5914/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 06.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 570,59 (beş yüz yetmiş manat əlli doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, "xxxx" ASC-nin 19.03.2021-ci il tarixli aktına əsasən yoxlama zamanı müəyyən olunmuşdur ki, elektrik sayğacı dövrədən axan yükü qeyd etmir və sayğacın alt qapaq möhürü yoxdur. Həmin akta əsasən cəmi 593,44 manat ziyan müəyyən olunmuşdur. Cavabdeh tərəfindən edilmiş ödənişləri çıxdıqdan sonra cavabdehin 561,53 manat borcu qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, elektrik sayğacı bayırdadır, mənzildə yerləşmir. Onun xəbəri olmadan sayğac götürülmüş, yeni sayğac quraşdırılmışdır. Sayğac ev sakinlərinə və ya qonşulara heç bir xəbərdarlıq edilmədən açılmışdır. Son iki il ərizində pandemiya ilə əlaqədar olaraq rayonda olmuş, evdə daimi yaşamamış, son altı ayda isə evdə daimi yaşamışlar. İddiaçının təqdim etdiyi aktlar sonradan tərtib olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında məlumat vərəqəsinə əsasən Yasamal rayonu, 1-ci Alatava, ev 0125, 000B saylı mənzildə yaşayan, abonent kodu **********5000B olan Cavabdeh 570,59 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 26.02.2021-ci il tarixli, 021586 nömrəli akta əsasən Yasamal rayonu, 1-ci Alatava, ev 0125, 000B saylı mənzildə olan Cavabdeh məxsus elektrik enerjisi sayğacına baxış keçirilən zaman fərdi yaşayış evinə məxsus M310 tipli, 14061813 nömrəli elektrik enerjisi sayğacının dövrədən çıxan yükü qeyd etmədiyi və sayğacın alt qapaq möhürünün olmadığı aşkar olunmuş, sayğac yenisi ilə əvəz olunaraq laboratoriya şəraitində rəy verilməsi qərara alınmışdır. Akt qapını açmadığından abonentə təqdim olunmamışdır. İş materiallarında olan 10.03.2021-ci il tarixli, ******* nömrəli protokola əsasən 26.02.2021-ci il tarixli, 021586 nömrəli akta əsasən Yasamal rayonu, 1-ci Alatava, ev 0125, 000B saylı mənzildə olan sayğac yenisi ilə əvəz olunmuşdur. Protokol qapını açmadığından abonentə təqdim olunmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 16.03.2021-ci il tarixli, 213248 nömrəli protokola əsasən M310 tipli, 14061813 nömrəli elektrik enerjisi sayğacının dövlət möhürü normaldır, fəza xəttinin çıxış yuvası texniki təsir nəticəsində yanmışdır, xəta faizlərini yoxlamaq mümkün deyil, sayğac istismara yararsızdır. Protokol komissiyanın üzvləri tərəfindən imzalanmış, abonentə təqdim olunmamışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 19.03.2021-ci il tarixli tələbnaməyə əsasən abonent kodu **********5000B olan Cavabdeh 26.02.2021-ci il tarixli, 021586 nömrəli akta əsasən cəmi 593,44 manat ziyan hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 21.10.2021-ci il tarixli maliyyə arayışına əsasən abonent kodu **********5000B olan Cavabdeh 2021-ci il üzrə elektrik enerjisindən istifadə nəticəsində 75,3 manat borc, aktlarla bağlı isə 593,42 manat ziyan hesablanmış, abonent 35 manat ödəniş etdikdən sonra cəmi 561,53 manat borcu qalmışdır. İş materiallarında olan bildiriş xəbərdarlığa əsasən son göstərici 05.01.2021-ci il tarixdə qeydə alınmışdır və borc yoxdur, qalıq balansda 63,13 manat pul vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdehin oğludur. Memarlıq və İnşaat Universitetinin tələbəsidir və həmin evdə yaşayır. Lakin pandemiya ilə əlaqədar dərslər onlayn rejimə keçirildiyindən iki il əvvəl rayona getmişlər. Rayonda olduğu dövr ərzində isə müəyyən müddət Bakıya gələrək evdə qalmış, həmçinin elektrik enerjisindən istifadə ilə bağlı yaranmış az məbləğdə olan borcları vaxtında ödəmişdir. Qeyd edir ki, sayğac dəyişdirilərkən aktlaşdırılmalı, akt tərtib ounduqdan sonra ev sahibinə təqdim edilməli və ev sahibi tərəfindən imzalanmalı idi. Lakin iddiaçının sübut kimi təqdim etdiyi aktlardan da göründüyü kimi aktlar tərtib olunarkən istehlakçının iştirakı təmin olunmamış, aktlar ona təqdim olunmamış və imzalanmamışdır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, sayğac mənzildə deyil, kənarda quraşdırılmışdır. Elektrik təchizatçısının əməkdaşları tərəfindən elektrik sayğacına baxış keçirilərkən sayğacda qüsur aşkar olunmuş və bununla bağlı 26.02.2021-ci il tarixli akt tərtib edilmiş, həmin akt əsasında 593,44 manat ziyan hesablanmış, eyni zamanda sayğac yenisi ilə əvəz olunmuşdur. Lakin bununla bağlı ev sahibinə və ya orada yaşayanlara məlumat verilməmiş, aktlar onlar tərəfindən imzalanmamışdır. Hazırda iddiaçı 19.03.2021-ci il tarixli akta əsasən hesablanmış zərərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə bildirir ki, həmin akt əsassızdır və sonradan tərtib olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən tərtib edilmiş aktları mötəbər sübut kimi qəbul etmir və iddianı əsassız hesab edir. Belə ki, cavabdehin sahibliyindəki evə aid olan sayğacda olan qüsura görə cavabdehin məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə elektrik sayğacını işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində cavabdehin təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Qavazov Bolqarıstana qarşı» işi üzrə 06 mart 2008-ci il tarixli Qərarda qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh 570,59 (beş yüz yetmiş manat əlli doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh 570,59 (beş yüz yetmiş manat əlli doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 (otuz manat qırx qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulmasına dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar