Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5921/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MMC nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən materialların dəyəri olaraq 7180 manat pulun, 3000 manat ödənilməyən məzuniyyət pulunun və və dövlət rüsumu kimi ödənilmiş 127 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC ilə 2017-ci ilin noyabr ayında bağlanmış əmək müqaviləsinə əsasən 2017-ci il tarixdən 29 dekabr 2021-ci il tarixdək olan müddətdə əmək münasibərində olmuşdur. İşlədiyi müddətdə Cəmiyyətin rəhbərliyinin göstərişinə əsasən sahə rəisi kimi ayrı-ayrı tikinti obyektlərində işləməsi üçün tikinti materiallarını öz vəsaiti hesabına alaraq tikinti işlərini aparmışdır. Cəmiyyət tərəfindən onun vəsaiti ilə alınan materialların dəyəri qarşılıqlı üzləşmə aktları və qaimələrlə hesablanaraq ona ödənilmişdir. Lakin, 01 fevral 2020ci ildə onun tikinti obyektlərinə verdiyi 23180 manat puldan 16000 manat qaytarılmış, 7180 manat isə ödənilməmiş qalmışdır. Bundan başqa, əmək münasibətlərində olduğu cavabdeh onun işlədiyi müddətdə 3 illik əmək məzuniyyətlərinin 3000 manat məzuniyyət pulunu ödəməmişdir. O, bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyöun olaraq mediasiya prosesinin tətbiqinə dair təkliflərini Cavabdeh MMC-yə rəsmi olaraq bildirmiş və mediasiya icraatı zamanı cavabdehin nümayəndəsi ona olan borcun ödəniləcəyəini vəd etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyytində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, işlədiyi obyektin tikintisi başa çatdıqdan sonra onu müəssisənin Ağşəhər layihəsinə göndəmişlər. Ondan əvvəl dörd-beş sahə rəisi dəyişilmiş, obyekt təhvil verilməmişdir. O, Ağşəhərdə yerləşən obyektdə Qobustan daşının olmadığını görmüş, bu barədə rəhbərliyə məruzə etmişdir. Orada 2000 kv.m hörgü hörülməli idi. Ona bildirmişlər ki, pul yoxdur və 100000 manat borcları olduğu üçün müəssisəyə Qobustan daşını satmırlar. Ona görə də, ona bununla bağlı kömək etməli olduğu bildirilmişdir. O, dostları vasitəsilə Qobustan zavodunun rəhbərliyi ilə əlaqə yaratmış və öz adından fiziki şəxs kimi materialları alaraq obyektə gətirmişdir. Sonra Qobustan zavodundan materialın Ağşəhərə aparılmasını bildikdə bir daha ona material satmamışlar. Cavabdeh MMC isə həmin materialların pulunun ona ödəməmişdir. Tələb etdiyi 7180 manat pulun 6900 manatı Qobustan zavodundan aldığı həmin materialların pulu, 280 manat isə əvvəl aldığı və ona ödənilməmiş materialların puludur. Bundan başqa o, 2017-ci ildən cavabdeh müəssisədə işləmiş, əmək məzuniyyətindən istifadə etməmiş, həmçinin istifadə edilməmiş məzniyyət günlərinin əvəzində ona kompensasiya ödənilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi və vəkilinin salına cavab olaraq bildirmişdir ki, onun aylıq əmək haqqısı 1470 manat olmuşdur. 3000 manat məzuniyyət pulunu isə əmək haqqısına əsasən təxmini olaraq hesablamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etirazını iddia müddətinin ötürülməsi ilə əsalandırmış və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia müddəti ötürülməmişdir, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə və Mediasiya təşkilatına müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı iddiası əsassızdır, təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi alınan mal- materialın Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur, Cavabdeh MMC ona qeyd edilən məsələ ilə bağlı heç bir tapşırıq verməmişdir. Ona görə də İddiaçı öz adından və özü üçün aldığı mal-materialın ödənişi üçün özü öhdəlik daşıyır. Həmçinin iddiaçıya istifadə etmədiyi məzuniyyətlərə görə də son haqq-hesab məbləği də tam olaraq ödənmişdir. Belə ki, Cavabdeh MMC-nin İddiaçı ödəyəcək istifadə edilməmiş məzuniyyətlərə görə son haqq-hesab məbləği qalmamışdır. Son haqq-hesab məbləği tam ödənmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2019-cu il tarixli, AAC/xx-xx-2018 nömrəli qaimə-fakturanın surətindən görünür ki, alıcı qismində İddiaçı adı keçir və sənəd də onun adından imzalanmışdır. Qeyd edilən sənəddə Cavabdeh MMC-nin adı keçmir və iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdə cavabdehin hər hansı bir avadanlığın alınması ilə bağlı üzərinə öhdəlik götürməsi təsdiq edilmir və belə bir öhdəlik götürməmişdir. Cavabdehin iddiaçıya 7180 manat mal-materialın ödənilməsi ilə bağlı borcu olmamışdır və belə üzərinə belə bir öhdəlik götürməmişdir. İddiaçının əmək haqqısı 400 manat olmuş və əmək müqaviləsinə xitam verilərkən 1073,97 manat son haqq-hesab ona ödənilmişdir. Eyni zamanda iddiaçı özü öz imzası ilə ərizə yazmışdır və ərizəsində bildirmişdir ki, ona istifadə etmədiyi məzuniyyətlərə görə son haqq-hesab məbləği tam ödənmişdir, Cavabdeh MMC tərəfindən ona ödəniləcək heç bir borc məbləği qalmamışdır. Bundan əlavə iddiaçı özü də təsdiq edə bilər ki, ona dəfələrlə maddi yardım edilmişdir. Sadəcə iddiaçı hazırki iddia tələbi ilə məhkəməni həqiqətə nail olmaq vəzifəsindən yayındırır. Həmçinin iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2019-cu il tarixli, AAC/xx-xx-2018 nömrəli qaimə-fakturaya əsasən alınan avadanlıqlara görə pulun ödənilməsi ilə bağlı heç bir öhdəlik götürməmişdir. Həmin alınan avadanlıqların cavabdehə heç bir aidiyyəti yoxdur. Eyni zamanda iddia ərizəsinə əlavə olunan xx.xx.2019-cu il tarixli, AAC/14- 11-2018 nömrəli qaimə-fakturaya əsasən alınan avadanlıq xx.xx.2019-cu il tarixində iddiaçının özü tərəfindən alınmışdır. Buna görə də qanunvericilikdə nəzərdə tutulan iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. xx.xx.2019-cu il tarixdən 3 ildən çox müddət keçmişdir. Bununla da iddiaçı iddia müddətin ötürmüşdür. Hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürüldüyünə görə iddia ərizəsi, həmçinin bu əsasla da rədd olunmalıdır. Beləliklə məhkəmə işdə iştiak edən şəxslərin izahatlarını dinləyib sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 oktyabr 2019-cu il tarixli AAC/xx-xx-2018 nömrəli qaiməfakturadan görünür ki, İddiaçı D-500 məsaməli hörgü blokları (600*250*200) və məsaməli hörgü blokları yapışdırıcı üçün daşınma xərci də daxil olmaqla 6899,60 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, əvvəl işlədiyi müəssisədən (M-TND” MMC) əmək müqaviləsinə xitam verilsə də işəgötürən tərəfindən ona son hesabın ödənilmədiyini bildirmiş və bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan əmək haqqı üzrə çıxarışlardan görünür ki, İddiaçı əmək haqqı kartına xx.xx.2022-ci il tarixdə 643,37 manat əmək haqqı, xx.xx.2022-ci il tarixdə 1073,97 manat son haqq hesab, xx.xx.2022-ci il tarixdə 535 manat əmək haqqı, xx.xx.2022-ci il tarixdə 600 manat əmək haqqı, xx.xx.2022-ci il tarixdə 1857,52 manat əmək haqqı olmaqla, cəmi 4709,86 manat köçürülmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ünvanlanmış ərizəsində son haqq hesabın mələği 1073,93 manat müəssisə tərəfindən əmək haqqı kartına ödənildiyini qeyd etmiş və müraciətinin əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinıə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinıə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia tələbinin materialların dəyəri olaraq 7180 manat pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin materialları cavabdeh müəssisə ilə əmək münasibətlərində olduğu vaxtda müəsisənin yaranmış borc ilə əlaqədar materialı ala bilmədiyini, ona görə də rəhbərliyinin göstərişi əsasında öz adından aldığını iddia edir. Halbuki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş və iddiaçının həmin materialları öz vəsaiti hesabına almaq kimi bir öhdəliyi olmamışdır. Belə olan halda, sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və o aldığı materialları məhz cavabdeh müəsisə üçün aldığını, həmin materialları müəssisəyə təhvil verdiyini sübut etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçı dəyərinin ödənilməsini tələb etdiyi materialları cavabdeh müəssisə üçün aldığını və həmin materialları müəssisəyə təhvil verdiyini sübut edə bilməmişdir. Belə ki, iddiaçının bu hissədə tələbi ilə bağlı yeganə arqumenti 6899,60 manat dəyərində materialın iddiaçı tərəfindən satın alındığını təsdiq edən qaimədir ki, həmin qaimə ilə də orada göstərilən materialların cavabdeh müəssisəyə hər hansı aidiyyətinin olması təsdiq edilmir. Qaimə yalnız 6899,60 manat dəyərində materialın iddiaçı tərəfindən satın alındığını təsdiq edir. İddiaçı qalan 280 manat dəyərində materialın alınmasına dair isə məhkəməyə ümumiyyətlə heç bir subut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” və “f” bəndlərinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə və əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci bəndinə əsasən, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci bəndinə əsasən, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Məhkəmə iddia tələbinin istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olaraq 3000 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi işəgötürənin son haqq-hesabına daxildir və sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarında olan qaimə fakturadan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə 1073,97 manat son haqq hesab ödənilmişdir. Həmçinin iddiaçı əvvəlcə ona cavabdeh müəssisə tərəfindən son haqq hesabını ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmiş, daha sonra 1073,97 manat məbləğində son haqq hesab müəssisə tərəfindən əmək haqqı kartına ödənildiyindən, ərizə ilə müraciət edərək, müraciətinin əsassız hesab edilməsini xahiş etmişdir. Beləliklə də təsdiq edilir ki, iddiaçıya son haqq hesab, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi də daxil olmaqla ödənilmişdir. İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi kimi 3000 manat ödənilməli olmasına dair tələbini sübut edə bilməmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMCnə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə iddia tələbi əsassız olduğundan və bu səbəbdən iddianın rədd edilməli olması qənaətinə gəldiyindən prosessual qənaət prinsipinə əsaslanaraq, cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5921/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5921/2022
20.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver