Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5931/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2600 manat pulun, 1000 manat mənəvi zərərin və 57 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, “Krowd 1” investisiya şirkətindən səhm almışdır və həmin şirkətin üzvüdür. Şirkət online yolla müxtəlif platformalara qoşulmuş və satışla məşğuldur. Şirkətə qoşulan şəxslər səhmlər əldə edir və satılan məhsullardan gəlir qazanır. O da həmin şirkətin səhmlərini əldə edib “İnstagram” sosial şəbəkəsində "Krowd 1 Azərbaycan” adlı səhifə yaratmış və həmin səhifədə şirkəti reklam edərək satılan məhsullardan gəlir əldə edirdi. Səhifənin sosial şəbəkədə reklam edilməsi mühüm məsələdir ki, həm səhmlərin, həm də məhsulların satışı təmin edilsin. İnstagram sosial şəbəkəsində ona ismaric göndərilərək səhifənin reklamının təmin edilməsi üçün reklam paketləri təklif edilmişdir. Həmin təklifdə "Krowd 1 Azərbaycan” səhifəsinin reklam olunacağını bildirilmişdir. Bunun müqabilində reklam üçün müəyyən qədər ödənişlər etmək lazım idi. Reklam üçün ödənişlərin qəbulunu isə cavadeh həyata keçirirdi. Reklam ödənişləri üçün ümumi olaraq 2600 manat pul ödəmişdir. Lakin reklam üçün ödədiyi məbləğ cavabdeh tərəfindən reklam üçün sərf edilməmişdir. Dəfələrlə əlaqə saxlayaraq reklam üçün ödədiyi 2600 manat pulu tələb etsə də, bir nəticə əldə edə bilməmişdir. Bununla bağlı Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət etmişdir. 41-ci Polis Bölməsində cinayət işinin başlanmasının rədd edilməsinə dair 16 may 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh guya ondan 2600 manat pulu borc üçün aldığını, xx.xx.2021-ci il tarixdə qaytaracağını öz üzərinə götürsə də, öhdəliyi icra edə bilməmişdir. Öhdəliyin icrasını öz aralarında müqavilə formasında rəsmiləşdirərək imza etmişlər. Müqaviləyə əsasən yaranmış mübahisə mülki xarakter daşıdığından cinayət işinin başlanması rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmin qərarda cavabdeh ondan 2600 manat pulu aldığını təsdiq etmiş, lakin bu günə kimi pulu qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyandan başqa mənəvi ziyan da dəyib. Mənəvi ziyanı 1000 manat dəyərləndirir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eyni zamanda iddia ərizəsinə etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X2 şikayəti ilə bağlı izahatı alınmış X5 bildirmişdir ki, İddiaçı qeyd etdikləri həqiqətə uyğun deyildir, o, Qəhrəmanı rəfiqəsi Səbinənin vasitəsi ilə tanıyıb 2100 manat borc almışdır, həmin borcu alması ilə bağlı Qəhrəmanın özündə onun və Qəhrəmanın imzası ilə təsdiq edilmiş qeydlər vardır. İddiaçı birinci dəfə “Elmlər Akademiyası” metro stansiyasının yanında 1300 manat alıb faiz borcu ilə birlikdə 1800 manat alınmasına dair imza çəkmişdir. 2 dəfə isə Səbail rayonu A.Abbaszadə küçəsində hər dəfəsində 400 manat olmaqla, 800 manat pul alıb rəfiqəsi Səbinəyə aparıb vermişdir. Səbinənin Qəhrəmanla reklam işi üçün gördükləri işin və aldıqları xidmət haqqının bu borca aidiyyəti yoxdur. xx.xx.2021-ci il tarixli əlyazma qəbzdən görünür ki, X1 Qəhrəman Qəribəli oğlundan 1800 manat borc aldığını və həmin pulu xx.xx.2021-ci il tarixədək qaytaracağını üzərinə məsuliyyət kimi götürməsini qeyd etmişdir. xx.xx.2021-ci il tarixli əlyazma qəbzlərdən görünür ki, X1 Qəhrəman Qəribəli oğlundan cəmi 800 manat borc aldığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1.-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə təqdim olunmuş sübutlardan müəyyən edilmişdir ki, tərəflər arasında tərəflərin razılaşması ilə şifahi borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 2600 manat məbləğində borc vermişdir. xx.xx.2021-ci tarixədək cavabdeh borcu geri qaytaracağını vəd etsə də hal-hazıradək həmin borcu geri qaytarmamışdır. Odur ki, iddia tələbi borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə məhkəmə mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.» “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə cavabdehin iddiaçıya olan borcunu uzun müddət ərzində geri qaytarmamasını, bunun nəticəsində iddiaçının məcbur olaraq Polis Orqanlarına və məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını nəzərə alaraq hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, 200 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 48 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2600 manat borc, 200 manat mənəvi zərər, cəmi 2800 (iki min səkkiz yüz) manat pul və 48 (qırx səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5931/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5931/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver